"Koronarivus: xüsusi karantin rejimində medianın fəaliyyəti"

Mətbuat Şurasının onlayn konfransında həssaslıq tələb edən məqamlara toxunulub


Koronavirusla mübarizə müddətində medianın üzərinə düşən məsuliyyət bəllidir; rəsmi mənbələrə istinad olunan doğru xəbərləri ictimaiyyətə çatdırmaq, əhalinin əsassız həyəcana düşməməsini önləmək üçün cəmiyyəti informasiya ilə təmin etmək. Amma bu da məlumdur ki, xüsusi karantin rejimində medianın da fəaliyyəti bir xeyli çətinləşir. Bu və digər məsələləri Azərbaycan Mətbuat Şurası media nümayəndələri ilə birgə müzakirə edib. Mətbuat Şurasının təşəbbüsü ilə "Koronavirus: xüsusi karantin rejimində medianın fəaliyyəti" mövzusunda onlayn konfrans keçirilib və vəziyyət geniş təhlil edilib.  

Əflatun Amaşov: Media vəzifəsinə məsuliyyətlə yanaşır

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrdə infeksiyanın qarşısının alınmasına yönələn kifayət qədər məqsədyönlü tədbirlər reallaşdırılmaqdadır. O, ölkəmizin mövcud istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini vurğulayıb. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində dövlətimizin məsələyə həssas münasibətinin nəticəsidir. Həm dövlət başçımızın, həm də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus təhlükəsi ilə bağlı xalqa ünvanladıqları müraciətlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır və tam gücü ilə dünyanın üzləşdiyi qlobal bəlanın fəsadlarının aradan qaldırılmasına çalışır, bütün zəruri tədbirləri gerçəkləşdirir. "Hesab edirəm ki, mediamızın üzərinə də kifayət qədər vəzifələr düşür. Biz bu vəzifələrə ümumən məsuliyyətlə yanaşıldığını görürük. Ona görə də çətin şəraitdə çalışan, yüksək əzmkarlıq göstərərək əhalinin maarifləndirilməsində yaxından iştirak edən hər bir media təmsilçisinə təşəkkürümüzü bildiririk. Onların əməyi ən xoş sözlərə layiqdir", - deyən MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum indiyədək koronavirus dövründə media fəaliyyətinin müxtəlif təzahür formaları ilə bağlı bir neçə dəfə jurnalistlərə müraciət edib, müvafiq tövsiyələr ünvanlayıb. Qurum Beynəlxalq Jurnalistlər Federasiyasının tövsiyələrini də jurnalistlərimizə çatdırıb ki, bu da son dərəcə vacib məqamdır. "Tövsiyələrimiz nədən ibarətdir? Təbii ki, biz ilk növbədə jurnalistlərimizin peşəkar olmalarını istəmişik. Əlbəttə, pandemiya şəraiti həm ölkəmiz, həm də jurnalistlərimiz üçün indiyədək keçilməmiş yoldur. Vətənizimin, xalqımızın, vətəndaşımızın mənafeyi baxımdan bu yolda düzgün istiqamət götürməliyik. Düşünürəm ki, müəyyən istisnalarla bunu edə bilirik. Digər tərəfdən, pandemiya şəraiti bir çox problemləri üzə çıxartdığı kimi, mediamızdakı çətinliklərini də üzə çıxartdı. Jurnalist adı ilə sui-istifadələr var. Müəyyən şəxslər saxta jurnalist vəsiqələri satmaqla məşğuldurlar. Bu kimi hallar hüquqi məsuliyyət kontekstində dəyərləndirilməlidir və tədbirlər görülür. Həqiqi jurnalistlər prosesə dəstək verməlidirlər və verirlər. Biz aktiv olmalıyıq. Eyni zamanda onu da bildirməliyik ki, xüsusi karantin rejiminin tətbiqi həqiqi jurnalistlərin fəaliyyətinə də təsir göstərir. Onlar həkimlərimiz, polislərimiz, eləcə də iş başında olan digər sahələrin təmsilçiləri kimi həyatlarını riskə atırlar. Bir daha deyim, fədakarlıq göstərirlər. Bəli, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi informasiya vasitələrinin karantin dövründəki iş sərbəstliyinin olduğunu açıqlayıb. Yəni media fəaliyyətinə icazə verilən sahədir. Spekulyasiyalara qarşı isə əmək müqaviləsi tələbi nəzərdə tutulub. Əlbəttə, biz bu gün problemlərdən danışırıqsa, onları müzakirəyə çıxarırıqsa, bilməliyik ki, bir çox həmkarlarımız frilanser, bloger kimi çalışırlar. Onlar əmək müqaviləsi ilə deyil, xidməti müqavilə ilə işləyirlər.
Biz Operativ Qərargahla danışdıq. Hesab edirəm ki, bu şəxslərlə bağlı problem olmamalıdır. Onlar müvafiq qaydada öz icazələrini alıb işlərini görə biləcəklər.

Eyni zamanda Operativ Qərargahla razılığa gəldik ki, frilans fəaliyyət göstərən jurnalistlər Mətbuat Şurasına müraciət etsinlər. Şura onların siyahısını hazırlayaraq qərargaha təqdim etsin. Bu, çətin durumdur və fərdi yanaşılmalıdır. Hər bir halda biz kimlərin jurnalist olduqlarını bilirik. Bu sayaq hallar üçün Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupumuz fəaliyyətdədir. Anlaşılmaz durumlar yaranarsa, jurnalistlər qrupun üzvlərinə müraciət edə bilərlər. Hər bir halda media nümayəndələrimiz də dərk etməlidirlər ki, bu durum ekstremal səciyyə daşıyır. Hər kəs öz məsuliyyətini anlamalıdır. Əgər jurnalist öz işinə gedirsə, getməlidir, ancaq kimsə jurnalist statusundan hansısa şəxsi məqsədini gerçəkləşdirmək üçün yararlanmamalıdır. Qəbul edilməlidir ki, məhdudlaşdırıcı rejim ümumən hər kəsə aiddir. Burada kiməsə sərbəstlik verilibsə, buna peşə fəaliyyətinin əhəmiyyəti nəzərə alınaraq gedilib", - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Azay Quliyev: Media həm də maarifləndirici missiya daşıyır 

Toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu cür həssas durumlarda vətəndaş həmrəyliyi və vəhdətinin olmasının vacibliyini əsaslandırıb və bu baxımdan media orqanlarının üzərinə son dərəcə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. A.Quliyev vətəndaş cəmiyyəti institutlarının koronavirus təhlükəsinə qarşı maarifləndirici missiyası barədə məlumat verib. O, həmçinin medianın və sahə QHT-lərin birgə əməkdaşlığının vacibliyindən söz açıb. Mövcud istiqamədə əlaqələndirmənin gücləndirilməsi üçün QHT-lərlə media orqanlarının birgə konfransının təşkili təklifini irəli sürüb.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, "Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev medianın koronavirusla mübarizə şəraitindəki fəaliyyətini iki aspektdən dəyərləndirib. O, həm jurnalistlərin vətəndaşları maarifləndirmə missiyasına toxunub, həm də bildirib ki, peşəkar media fəaliyyəti dezinformasiyaların qarşısının alınması, mümkün təşvişlərdən qorunması deməkdir. Bu isə ümumən ölkənin təhlükəsizliyi baxımdan son dərəcə böyük önəm daşımaqdadır.

Umud Rəhimoğlu: Media peşəkarlıq nümayiş etdirir

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında bildirib ki, həqiqi jurnalistlərimiz koronavirus pandemiyası şəraitində vətəndaşlarımızın təhlükəsizlik, gigiyena qaydaları ilə bağlı maarifləndirilməsində kifayət qədər ardıcıllıq və peşəkarlıq nümayiş etdirirlər. Bir sıra nöqsan və çatışmazlıqlar da diqqətdə saxlanılmalı və bu sayaq toplantılarda geniş müzakirəyə çıxarılaraq araşdırılmalıdır. U.Rəhimoğlu mövcud məqamı əsas tutaraq xüsusi karantin rejimi dövründə jurnalistlərin iştirakı ilə onlayn konfransların mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili qeyd edib ki, media koronavirusla mübarizədə kifayət qədər məsul və aktual missiya yerinə yetirir. Bu missiyaya zərər gətirən meyillər aradan qaldırılmalıdır, buna görə də jurnalist həmrəyliyinin olması şərtdir. A.Mərzili eyni zamanda jurnalist əməyinin stimullaşdırılması üçün əlavə tədbirlərə ehtiyacın olduğunu da diqqətə çatdırıb.

Elçin Mirzəbəyli: Televiziya materiallarının keyfiyyətinə nəzarət edilməlidir

MŞ İdarə Heyətinin üzvü, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli rəhbərlik etdiyi redaksiyada jurnalistlərin koronavirus təhlükəsi şəraitindəki həm yaradıcılıq fəaliyyətinə, həm də virusdan qorunmaq üçün gördükləri işlərə diqqət çəkib. O, eyni zamanda ümumən hazırkı dövrdə jurnalist fəaliyyətindəki bir sıra nəzərəçarpan məqamları sadalayıb. Baş redaktor bu baxımdan bəzi media təqdimatlarının, xüsusən televiziya materiallarının və proqramlarının keyfiyyətinə nəzarət edilməsini mühüm sayıb. E.Mirzəbəyli əlavə edib ki, media insanlarda pessimizm deyil, optimizm, xoş ovqat, ruh yüksəkliyi yaratmalıdır, bayağılıq yolverilməzdir.
MŞ İdarə Heyətinin üzvü Azər Həsrət hazırkı durumda ciddi media orqanlarının siyahısının tərtib edilməsinin vacibliyini əsaslandırıb. O, bu yolla spekulyasiyaların qarşısının alına biləcəyinə əminliyini deyib. A.Həsrət onu da bildirib ki, bəzi telekanallarda pandemiya təhlükəsini, "evdə qal" çağırışını əsaslandırmaq üçün seçilmiş forma və metodlar qıcıq doğurur. Belə qeyri-peşəkarlıqlar diqqətə çatdırılmalıdır və onlara qarşı ictimai qınaq artırılmalıdır.
Konfransa Çindən qatılan, bu ölkənin populyar "CCTV" telekanalının beynəlxalq əlaqələr şöbəsinin müdiri Malik Əyyub Çin mediasının koronavirus pandemiyası şəraitindəki fəaliyyətindən söz açıb. O, eyni zamanda bu xəstəliyin yayılması ilə bağlı beynəlxalq media şəbəkələrində Çinə qarşı formalaşdırılmış antipatiya meyilləri barədə ətraflı məlumat verib, dünya mediasının xarakterik iş xüsusiyyətlərindən söz açıb.
Medianın cəmiyyəti ruh yüksəkliyinə, həyata səsləməsinin vacibliyindən danışan MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu istiqamətdəki peşəkarlıq tendensiyalarının daim diqqətdə saxlanılmalı, müzakirəyə çıxarılmalı olduğunu bildirib, onlayn konfransın bu baxımdan mühüm əhəmiyyət daşıdığını deyib.
Şimali Kipr Türk Cümhuriyyətinin Mətbuat Şurasının İdarə Heyətinin üzvü Gökhan Güler, həm Türkiyədə, həm də ŞKTC-də koronavirus infeksiyası ilə bağlı xarakterik məlumatları diqqətə çatdırıb. O, mövcud istiqamətdə medianın dezinformasiyalardan uzaq, obyektiv fəaliyyətinin zəruriliyinə cəmiyyətin maraq və mənafelərinin təminatı baxımından aydınlıq gətirib.
MŞ İdarə Heyətinin üzvü, "Cümhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov çıxışında bildirib ki, koronavirus şəraiti media fəaliyyətinin hüquqi əsaslarına yenidən baxılmasını aktuallaşdırdı. Aşkar göründü ki, müstəqil jurnalist fəaliyyətinin - blogerliyin kütləvi informasiya yayıcılığının forması kimi qanunlarımızda yer almasına ehtiyac var. R.Becanov həmçinin belə günlərdə jurnalistikanın cəmiyyətin psixoloji durumunu yüksək tutmaq üçün çalışmasını da müstəsna fəaliyyət istiqaməti kimi vurğulayıb. Bunun əksinə olan meyillərə jurnalist ictimaiyyətinin reaksiya verməli olduğunu deyib.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl koronavirus şəraitində jurnalist əməyinin müstəsna əmək olduğunu vurğulayıb və təklif edib ki, bu istiqamətdə düşündürücü təqdimatları ilə seçilən jurnalistlərin əməyinin stimullaşdırılmasına yönələn işlər görülsün.
"Afn.az" saytının redaktoru Səbuhi Qafarov da çıxışında gərgin əməyi və zəhməti ilə seçilən jurnalistlərin əməyinin nəzərə alınması təklifi ilə çıxış edib. O, eyni zamanda onlayn şəraitdə media fəaliyyəti ilə bağlı öz təcrübəsini toplantı iştirakçıları ilə bölüşüb.
"Region plyus" jurnalının baş redaktoru Namiq Mayılov, "Bakutime.az" saytının baş redaktoru Zaur Mirzəzadə, "Konkret.az" saytının baş redaktoru Fadil Paşayev fikirlərini bildiriblər, qeyd ediblər ki, jurnalistlər koronavirusla bağlı açıqlanmış rəqəmlərə həssas yanaşmalı, hazırkı şəraitdə Mətbuat Şurasının vahid jurnalist vəsiqəsi mexanizmi tətbiq edilməlidir ki, bu yolla media adından sui-istifadələr aradan qaldırılsın. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu