Deputat elektrik enerjisinə dair güzəştdən DANIŞDI: Başqa qərarlar da...” 

“Dövlət hər sahədə üzərinə düşəni edir, bundan sonra da edəcəyinə heç kimin şübhəsi olmamalıdır”



Koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejimində insanların bir qismi gündəlik gəlirindən məhrum olub və elektrik enerjisinin sərfiyyatı artır. Buna görə də dövlət xüsusi karantin rejimi dövründə elektrik enerjisinin aylıq limitinin artırılması barədə qərar qəbul edib. 
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat/saat artırılaraq, 400 kilovat/saat müəyyən edilib.

Bu limiti aşan istifadəçilər hər kilovat üçün 14 qəpik ödəniş etməlidir. Bu qərarın nə dərəcədə adekvat olub olmasını öyrən üçün millət vəkili Bəhruz Məhərrəmovla əlaqə saxladıq.  Deputat “Sherg.az”a söylədi ki, məsələyə bir prizmadan baxmaq düzgün deyil. İstəniləm qərarın dəyərləndirilməsi zamanı mövcud şəraiti nəzərə almaq lazımdır: 



“Koronavirusun özü ilə gətirdiyi sosial-iqtisadi, humanitar böhran bütün dünya ölkələri kimi  Azərbaycan üçün də gözlənilməz hal idi.  Pandemiyaya qarşı mübarizə çərçivəsində hökumətin verdiyi qərarlar hər nə qədər uzunmüddətli və planlaşdırılmış strateji  əsaslara söykənsə də, istənilən an müəyyən risklərlə üzləşə bilərik . Çünki “COVİD-19” pandemiyası və onun iqtisadi nəticələrinin proqnozlaşdırılması mümkün olan, yaxud klassik xarakter daşıyan humanitar və ya iqtisadi böhran deyil.

Məhz bu səbəbdən dünyanın super maliyyə və ultra iqtisadi gücləri faktiki olaraq virusun əsirinə çevriliblər. Koronavirus təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Lakin bu günə qədər görünən odur ki, dövlət ay yarımdan az bir müddətdə koronavirusu cilovlayaraq Azərbaycanda onun epidemiya halına çevrilməsinin qarşısını ala bildi. Bu mənada koronavirusla mübarizə çərçivəsində  hökumətin atdığı bütün addımları adekvat hesab edirəm. Düşünmürəm ki,  elektrik enerjisi ilə bağlı edilən güzəştlər də sadəcə bu qərardan ibarət olacaq.

Biz nə pandemiyanın, nə də karantin rejiminin nə zaman başa çatacağını bilmirik. Hər kəs karantin rejiminə tezliklə son qoyulmasını və vətəndaşların öz normal həyatına qayıtmasını istəyir. Ancaq Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdı. Dövlət hər sahədə üzərinə düşəni edir, bundan sonra da edəcəyinə heç kimin şübhəsi olmamalıdır.

Vətəndaşlarımız da  səbirli olub, nizam-intizamı gözləməli virusun yayılmasının qarşısını almaqda dövlət qurumları ilə həmrəy olmalıdır. İndi elə bir vəziyyətdir ki, hökumətin verdiyi qərarları sorğuya çəkmək,  hansının adekvat, hansının qeyri-adekvat olmadığı ətrafında müqayisə aparmaq düzgün deyil.
Bu gün birlik, həmrəylik günüdür. Hər şeyə rəğmən, birliyimizi, gücümüzü hifz edək və Prezident İlham Əliyev də dediyi kimi, unutmayaq ki, biz birlikdə güclüyük”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu