“Əsas odur ki, dövlətə, dövlətçiliyə müxalif olmayasan” - Açıqlama 

  “Hər kəs dövlətçilik üçün çalışmalıdır. Xarici qüvvələrin maraqları ilə hərəkət etmək olmaz"


 Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş video- müşavirədə bir sıra məsələlər müzakirə edildi. Əsas məqamlardan biri də parlament seçkilərinin nəticələri idi. Ölkə başçısı bildirdi ki, parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi:

“Seçkilər bir daha göstərdi ki, aparılan siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər. Bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin yeni konfiqurasiyasına yol açan addımlardır".



 Dövlət başçısının bu nitqi haqqında "Sherg.az"a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyev gələcəkdə siyasi plüralizmin daha da dərinləşəcəyinə inamını ifadə etdi:

 "Bütün təbəqələrin dövlətin  siyasi həyatında iştirak etməsi çox yaxşı haldır. Çünki siyasətdə düşmənlik olmur, rəqabət olur. Rəqabət isə inkişafa yol açır. Həm də dövlət başçısının vurğuladığı kimi, iqtidara da, müxalifətə də əks mövqedə dayanmaq olar. Əsas odur ki, dövlətə, dövlətçiliyə müxalif olmayasan.  Müxalifət lazımdır. Çünki bəzən iqtidarın görmədiklərini onlar görür. Amma siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətçilik üçün çalışmalıdır. Xarici qüvvələrin maraqları ilə hərəkət etmək olmaz. ". 

Ə. Nuriyevin fikrincə, sonuncu parlament seçkilərindən sonra Azərbaycan siyasi həyatında yeni konfiqurasiyanın əsası qoyulacaq: 

"Artıq siyasi plüralizm daha da inkişaf edəcək, çiçəklənəcək. Bu, belə də olmalıdır. Çünki Azərbaycan hüquqi- demokratik dövlətdir. Gələcəkdə biz iqtidar- müxalifət münasibətlərinin daha konstruktiv formada inkişafının şahidi olacağıq. Ümumiyyətlə, ölkəmizdə siyasi və iqtisadi islahatların paralel aparılması olduqca müsbət haldır".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu