Göz önündədir: "Vətəndaşın dövlətə, hökumətə inamı artır "


“Dövlət vətəndaş münasibətləri yeni müstəviyə qədəm qoyur”

“Həyata keçirilən  islahatların nəticəsini artıq hər bir Azərbaycan vətəndaşı hiss edir” 




2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da bəyan etdiyi kimi, ilin əvvəlindən başlayaraq Azərbaycanda islahatlar davam etdirilib. Yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial sahədə müsbət göstəricilər əldə olunub.

Ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Üç ayda ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınıb. Qeyri–neft sənaye sektorunda artım 23 faiz təşkil edib. İnflyasiya 3 faiz səviyyəsində olub, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil edib.

Millət vəkili Müşfiq Cəfərov bir çox həmkarları və ictimaiyyət üzvləri kimi  Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəricilərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən  islahatların nəticəsini artıq hər bir Azərbaycan vətəndaşı hiss edir: 

“Ölkə başçısının da qeyd etdiyi kimi, 2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Artıq ölkəmiz yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Bu amillər vətəndaşın dövlətə, hökumətə olan inamını artırır, dövlət vətəndaş münasibətləri yeni müstəviyə qədəm qoyur. Vətəndaşlarımız həmrəylik nümayiş etdirirlər. Hökümətin etdiyi yardımlardan əlavə imkanlı insanlar, iş adamları ehtiyacı olan həmvətənlərinə yardım əli uzadıllar, bu cür addımlar çox təqdirəlaiqdir”.

M.Cəfərov  deyib ki,  hökümət - həm iqtisadi sahədə, həm də sosial problemlərin həllində, zamanında və yerində olan çağırışlar edir, vətəndaşlarını qoruyur:

“Koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörənliyi ilə baş tutub. Əks təqdirdə insan tələfatı, yoluxma halları  həddindən artıq çox olardı.
Əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iş yerləri bərpa ediləcək, insanlarımız öz əmək fəaliyyətlərini davam etdirəcək”.

Parlament üzvünün sözlərinə görə, pandemiya ilə mübarizə Azərbaycan hökümətinin öz vətəndaşını hər şeydən üstün hesab etməsini, vətəndaşının sağlamlığını qorumaq üçün əlindən gələni əsirgəməməsini bir daha sübut edib.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu