“Həkimlər ölümün gözünə dik baxdılar” - Professor 


“Tibb işçiləri başqasının sağlamlığı üçün öz həyatlarını təhlükəyə atırlar. Hər kəs bunu bacarmaz”



Dünən Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib. Danışıqlar zamanı ölkə başçısı Azərbaycan həkimlərinin əməyini yüksək qiymətləndirib. Tibb işçilərinin öz fəaliyyətləri ilə əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini qeyd edib:

“Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq. Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir".

 Faktlar da təsdiq edir ki, koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısını almaq üçün tibb işçilərimiz çox ciddi səylə çalışırlar. Hətta bəzən öz həyatlarını da təhlükəyə atırlar. Bununla belə, hələ də cəmiyyətimizdə bu peşə sahiblərinə qarşı münasibət birmənalı deyil.


Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu barədə "Sherg.az"a danışarkən gələcəkdə həkim olmaq istəyənlərin sayının azalacağını deyib:

 "Hamı gördü ki, həkimlik peşəsi necə böyük fədakarlıq, cəfakeşlik tələb edir. Dövlət başçısının da vurğuladığı kimi, xəstələrlə ilk təmasa girən həkimlər olur. Yəni onlar bilə - bilə təhlükəyə gedir, başqasının sağlamlığı üçün öz həyatlarını təhlükəyə atırlar. Hər kəs bunu bacarmaz. Koronavirus pandemiyasına görə dünyada yüzlərlə həkim dünyasını dəyişdi. Azərbaycanda da belələri var. Bu onu deməyə əsas verir ki, gələcəkdə həkimlik peşəsini seçmək istəyənlər iki dəfə düşünməli olacaqlar. Çünki həkimlər ölümün gözünün içinə dik baxmalıdırlar".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu