SÖHBƏT: “Özümüzdən uzaqlaşmışıq, kəndimizə qayıdaq !” - Həyatı evdən yaşa !

“Özünə qayıdış, insanlığa qayıdış deməkdir”

“Evdə qalıb, özümüzə nəzər salaq. Biz kimik?Hardan gəlirik?Hara gedirik? Niyə yaşayırıq?Niyə yaşamırıq? Karantin bütün sualların cavabını tapmaq üçün əla şansdır”

Yazı arxivimə baxanda  elə yazılara rast gəlirəm ki… Sanki, başqa adam yazıb. O dərəcə də özümdən uzaqlaşmışam. 

“O yazılara yenidən baxıram, redaktə edirəm. Bəzilərini cırıb atıram ki, arxivdə qalmasın. Elələri də var ki, Kolumb Amerikanı kəşf etmiş kimi yenidən tapıram”

“Əminəmki tezliklə qələbə qazanacağıq. Qara yeldir, əsib keçəcək. Amma insanlığa qayıtmağımız bizimlə qalacaq”





Dövrümüzün vəbası sayılan koronavius təhlükəsi ilə apardığımız mübarizə davam edir. Yer kürəsi tezliklə zəfər sevincini yaşamağı gözləyir. Əlbəttə, qaydalara mütəmadi  əməl etməklə qələbə qazana bilərik. Unutmayaq ki,  ölüm qaynağı olan infeksiyaya qarşı hələ peyvənd tapılmayıb. Tək çarəsi cəmiyyətdən təcrid olunaraq evdə izolyasiya olunmaqdır. Şübhəsiz ki, evdə qalmaq işlərdən, təhsildən uzaqlaşmaq demək deyil.  Axı biz texnologiyalar əsrində yaşayırıq. Koronaviusun öhdəsindən gələnə qədər həyatı evdə yaşaya bilərik.
Gəlin, görək həmişə göz qabağında olan tanınmışlar ömrün bahar çağlarını evdə necə keçirir?
Elə bu sualı yönləndirmək məqsədilə şair, kinodramaturq əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə əlaqə saxladıq. "Şərq"ə xoş əhval-ruhiyyəli müsahibə verən B.Vəziroğlu xalqa tövsiyələrini də çatdırdı.

Söhbətimizi təqdim edirik.

-Baba müəllim, koronavirusla necə mübarizə aparırsınız?

-Onunla heç Amerika kimi böyük dövlət baş apara bilmir, mən nə təhər mübarizə apara bilərəm?!(gülür)

Cavab məni pərt etsə də, özümü itirmədən növbəti suala keçdim:

- Bəs necə qorunursunuz?

-Cənab prezidentin sərəncamı ilə yaradılmış Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Operativ Qərargahın bütün qanunlarına, tövsiyələrinə, qadağalarına ciddi şəkildə əməl edirəm. Hər kəsi qaydalara riayət etməyə dəvət edirəm. Başqa nə cür ola bilər ? Özümüzdən Amerika kəşf edib, velosiped icad etməyək. “Bəlkə, belə, ya da elə edək” deməyək. Burda vahid xətt olmalıdır. Operativ Qərargaha görkəmli mütəxəssislər yığışıb, rütbəli məmurlar toplaşıb. Onlar birlikdə qərara gəlib, qanunları qəbul edirlər ki, belə etmək lazımdır. Yoxsa mən durub deyim ki, qarşısını almaq üçün bunu  edək. Başqa bir söz işlədək. Alınmaz ! Ona görə Qərargahın tətbiq etdiyi karantin rejimi, “Evdə qal!” çağırışı, icazəli qısa müddətli evi tərk etmək qərarı hamısına əməl etmək lazımdır. Yenə də qeyd edirəm, özümüzdən nə isə icad etməyin mənası yoxdur. 

-Evdə qalmaq sıxıcı olmur ki, sizin üçün?

- Ömür boyu mərkəzdən qaçma qüvvəsi kimi evdən qaçmağa meyilli olmuşuq. Xüsusilə də kişilər (təbəssüm edir). İndi kəndimizə qayıdaq. 

- Məsələn, necə qayıda bilərik ?

- İllər boyu yazı, səs, video- foto arxivlərimiz yığılıb. Görək orda nə var, nə yox.. Sözün həqiqi mənasında özümüzə qayıdaq. Vaxt axarında, hamıya diqqət edirik, nöqsanını görürük, rişxənd edib həsəd apara bilirik. Özümüzə baxmağa vaxtımız olmur.  Karantin rejimi müddətində, “Evdə qal” fürsəti ilə özümüzə nəzər salaq. Biz kimik?Hardan gəlirik?Hara gedirik? Niyə yaşayırıq?Niyə yaşamırıq? Bütün sualların cavabını tapmaq üçün əla şansdır.

- Siz də özünüzdən uzaqlaşdığınızı düşünürsünüz?


- Konkret bir şey deyim. Yazı arxivimə baxanda  elə yazılara rast gəlirəm ki… Sanki, başqa adam yazıb. O dərəcə də özümdən uzaqlaşmışam. O yazılara yenidən baxıram, redaktə edirəm. Bəzilərini cırıb atıram ki, arxivdə qalmasın. Elələri də var ki, Kolumb Amerikanı kəşf etmiş kimi yenidən tapıram, baxıram gözəl yazıdır. Niyə burda qalıb? Niyə millətə çatmayıb? Foto arxivimdə  doğma əziz insanların simasını görürəm ki, onlar bir zamanlar həyatımın parçası olub. İndi hətta varlıqlarını belə unutmuşam. Bəlkə, çoxusu dünyasını dəyişib. Sağ qalanların mənə əli çatmır.  Sözünü deməyə imkanı yoxdur. Axı  telefon zəngi ilə maraqlana bilərəm. Görüm həyatdadırmı ? Ola bilsin uşaqları  çətinlik çəkir. Özünə qayıdış, insanlığa qayıdış deməkdir...

- Yəni siz də hazırkı kritik günlərin müsbət tərəfinə önəm verirsiniz..

-Rusların misalı var: hər bir  yaman işin yaxşı tərəfi də olur.  Mən də yaxşı tərəfini düşünürəm.  Yaman tərəfi də odur ki, bütün bəşər mübarizə aparır. Bəşəriyyət milyon illərdir ki, mübarizələrdə qalib gəlir. Yoxsa yer kürəsi çoxdan məhv olardı. Əminəmki tezliklə qələbə qazanacağıq. Qara yeldir, əsib keçəcək. Amma insanlığa qayıtmağımız bizimlə qalacaq.  Bir zərrəsi də olsa kifayətdir. Çünki özümüzdən, insanlığımızdan, keçmişimizdən çox uzaqlaşmışdıq. Qayıtmaq məqamıdır. Karantin rejimində həyat tərzim belədir...

- Karantindən sonra çox işləriniz  olar hər halda..Planlarınız varmı?

- O qədərdir ki… Evdə qalandan sonra fani dünyanın işləri mənasız görünür.  Mənalı işlər də var. İsmayıllıya getməliyəm.. Bağ evim ordadır.  Bir ildir ki, qapısı qıfıllı qalıb. Hər il bu vaxt ağaclara qulluq edirdim, torpağın nazını çəkirdim.  Qışda soyuğun vurub dağıtdığı su durbalarını təmir etdirirdim. Evi qaydaya salırdım. Bu saat  oturmuşam pəncərədən baxıram. Gözəl vaxtlar bağ həyatımızdan boş keçdi. Buna təəssüf edirəm ki, kaş orda olaydım. Yaxın dostlarımı görə bilmirəm. Əslində görüşə bilərəm. Amma əziz olan insanları təhlükəyə salmaq istəmirəm.

- Əfsuslar olsun ki, əksər vətəndaşlar sizin kimi düşüncəli deyil...

 -Hər bir insan fikirləşməlidir ki, bəlkə bilinməyən virus daşıyıcısıdır. Özünü düşünmə… Mən öz adıma deyirəm eqoist deyiləm… Fikirləşmərəm  ki, kimsə virus daşıyıcısıdır birdən yoluxaram. Bəlkə mən daşıyıcısıyam.  Həyatım qədər sevdiyim insanları necə yoluxduraram?. Deyirlər ki, ayrılıq nə qədər uzun olsa, vüsal o qədər şirin gəlir.
Qoy ayrılığı yaşayaq, sonra  vüsal şirin olacaq. Yaxınlarınla görüşəcəksən, bir məclisdə oturacaqsan, qucaqlaşacaqsan. Ürəyiniz istədiyi kimi yaşamaq üçün bu gün qadağalara əməl etməliyik. 

- Dəfələrlə məsələnin ciddiyyəti  vurğulansa da  təhlükənin fərqinə varmayan, qanunlara əməl etməyən insanlar var. Onlara münasibətiniz necədir?

-Hərdən evdən çıxıram. AzTv-nin Bədii Şurasının üzvü kimi ixtiyarım var. Amma çox istifadə etmirəm. Çıxanda görürəm ki, millətə söz təsir etmir. Yenə həmin maşın tıxacları, marketlərdə növbə, avtobus dayanacaqlarında çoxluq var. Təkcə parklar bağlanıb deyə  onlara yaxın düşmürlər.  Küçələrdə yenə insanlar , maşın yollarında tıxac… Hər yerdə adam var. 

- Məqsədsiz şəkildə  şəhərdə gəzənlərdir...

-Bir var işgüzar, bir də avara adamlar.. Sallana-sallana gəzmək avara adamlara məxsusdur. Özü də   ilin - günün bu vaxtında.. Görürsüz ki, boş yerə gəzirlər nə virus bilirlər, nə xalqın taleyini düşünürlər, nə öz həyatlarına, nə də yaxınlarına dəyər verirlər. Mənasız adamlardır. Onları sərt cəzalandırmaq lazımdır. 

- Sizcə nə kimi cəzalar tətbiq olunsa yaxşı olar?

-Hindistanda olan variant çox xoşuma gəldi. İstəyərdim ki, şallaq sistemi Azərbaycanda da olsun. Çünki deyirlər qılınc müsəlman..Həmişə quran oxumaqla zəmidən çıxmırlar.  Hərdən qılınc gücü ilə qovmaq lazımdır ki, taxılı korlamasın. Sərt tədbirlər görülməlidir, indiki ölçülər bir az yumuşaqdır. Polislərə fikir verirəm ki, mülayim  davranırlar. Deyirlər yaxşı da bir az tez gedin evə...Nə tez ? Görürsən ki, qanunu heç vecinə almır. Sən niyə yumuşaq davranırsan? Görürsən ki, avaranın biridir. Niyə evdən çıxıb, hara gedir? Bilinmir. Ümumiyyətlə, dünyaya niyə gəlib bu adam dərk etmir. Onunla mülayim rəftar etmək  olmaz. Çünki nəinki özü həm də bütün millət, məmləkət üçün təhlükədir...

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu