“Elə bilirəm yoldaşım hər gün cəbhə bölgəsinə, düşmənlə savaşa gedib - gəlir" - Sevinc Elsevər

"Virus kimi yayılsa da, bioloji silah kimi yayılsa da, biz gerçəkliyi dəyişə bilmirik. Bircə  əlimizdən özümüzü, ailəmizi müdafiə etmək gəlir"

"Qırx yaşıma az qalır, ölkəmdə hələ belə bir şey görməmişdim. Məktəblər bağlansın, küçəyə SMS-lə çıxaq, karantin rejiminə keçilsin. Bütün bunlar olduqca ciddi məsələlərdir. Həm də ətrafımızda baş verənlər bütün dünyada baş verir"


 Koronavirus yalandır, yoxsa bəla? 7-dən 77-yə hamı bu sualın cavabını öz arşını ilə ölçür.  Sosial şəbəkələr  dünyanı sarsıdan, bəşəriyyətə hökmranlıq iddiasında olan dövlətləri dizə gətirən koronavurusu “ələ salan”larla bu insanları  ittiham edib, özü və doğmalarının sağlığı üçün onları təhlükəli varlıq hesab edənlərin cəbhəsinə çevrilib. 

“ Boş şeydir” deyənlər baş verənləri dərin dövlətin oyunu kimi qələmə verib, hər şeyin ssenari üzrə getdiyini iddia edirlər. 
Nə yaxşı ki  dövlət  işini şansa buraxmadan pandemiya əleyhinə bütün qabaqlayıcı tədbirləri  vaxtında gördü. Maksimum nəticə əldə edə bilməsək də,  virusun ölkəmizdə kütləvi insan tələfatına səbəb olmasının qarşısını almağa müvəffəq olduq. İtkilərimiz  var, lakin qabaqcıl Avropa ölkələri ilə müqayisədə bu günümüzə şükür! 
Bizdən tələb olunan isə özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etməkdir. Təəssüf hissi ki, nə qədər ciddi rejim yaradılsa da, karantin rejimini pozanlara rast gəlmək olur.
 Ən əsası isə, karantin qaydalarına tabe olmamaqla bağlı təbliğat aparanlar da az deyil. Bu qəbildən olan insanlar pandemiyanın guya yalan olduğuna dair təsəvvürlər yaratmağa çalışırlar. Sözsüz ki, koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. 

Elə yazar  Sevinc Elsevərlə də “Bazar söhbəti”ndə  bəşəriyyətin “ taclı”bəlasını müzakirə etdik. 



Ölkə bir aya yaxındır karantin rejimindədir. Maraqlandıq ki, yazarın ailəsi  karantin günlərini necə keçirir?  Məşğuliyyəti nələrdir? Evdə qalmaqdan sıxılmırlar ki...

- Elnən gələn  bəla toy – bayramdı deyiblər. Camaat necə, biz də elə. Mümkün qədər evdə qalmağa çalışırıq. Demək olar, dükana-bazara, aptekə, zibil atmağa çıxıram evdən. Qalan vaxtları karantindən əvvəlki gündəlik məşğuliyyətlərimlə məşğulam. Evin işi, mətbəx, yazı-pozu, zamanım qalanda kitab oxuyuram, filmlərə baxıram. Amma filmlərə, kitablara da sərf elədiyim zamanın iki qatını oğlumun dərslərinə xərcləyirəm. Hələ ibtidai sinifdədi. Müxtəlif testlər eləyirik, məntiqi-əyləncəli, inkişafetdirici oyunlar oynayırıq. 

 -Virusdan qorunmaq üçün evdə nələr edirsiniz?

- Əvvəlkindən bir az artıq xlorlu maddələr sərf edirik. Spirtdən istifadə eləyirik. Mağazadan alıb gətirdiyim hər şeyi spirtləyirəm,  yaxud balkonda iki-üç gün saxlayandan sonra istifadə edirəm. Paltarlarımızı da balkonda saxlayıram. Demək olar, əksər  təlimatlara əməl edirəm. Bəzi  məsləhətlər məntiqlidi, bəziləri yox. Ancaq məntiqsiz gələn məsləhətlərə də əməl edirik. Nə olar, nə olmaz. Zatən məntiq axtarmağımın özü gülməlidir. Həyatımız başdan-başa absurdla doludur. İllərdi öyrəşmişik. Son vaxtlar daha da absurdlaşıb. 
Hərdən elə bilirəm hər şey yuxudur, ya da bir oyundur. Bəzən gülməyim tutur. Məsələn, bir mənbədə oxumuşdum ki, əllərimizi 20 saniyə sabunlamalıyıq. Başqa bir mənbədə deyilirdi yox, 30 saniyə sabunlamalıyıq. Bir mənbə də yazırdı virus geyimlərdə 9 saat yaşayır. Bir müddət keçdi,  dedilər iki gün yaşayırmış. Təbii ki, bütün bunlar cansıxıcıdır. Axırda bezib canım cəhənnəmə deyirsən. Yenə də bacardıqca gigiyenaya əməl etməyə, qorunmağa çalışırıq. 

-Uşaqlarla bütün gün evdə qalmaq sizin üçün çətindir? Hansı valideyni dindirsək müəllimlərin canına dua oxuyur. Uşaqların evi döyüş meydanına çevirməsindən gileylənir?



-Bizim uşaqlar böyükdür. Qızlar bütün günü onsuz da dərs oxuyur. Musiqi ilə məşğul olurlar, kitab oxuyurlar. Oğlan hərdən evdə yumşaq topla oynayır. Bircə o, dəcəllik edir. Amma çox vaxt o da ya dərslərlə məşğul olur, ya da telefonda başını qatır. Bağça uşaqları valideynləri incidir yəqin. 

- Məktəblər bağlandı, dərslər yarımçıq qaldı... Uşaqlar evdə onlayn dərslə məşğul olurlarmı?

- Yuxarıda dediyim kimi, məktəblər bağlanandan bəri uşaqlar bir gün də dərsdən ayrı qalmayıblar. Həm teledərsləri izləyiblər. Həm orta məktəbdəki müəllimlərinin online dərslərinə qatılıblar. Hətta deyərdim ki, indi oxumağa daha çox vaxt sərf edirlər. Diqqətlərini yayındıran bir şey olmur. Sinif otağında bir-birinin diqqətini dağıdan, dərsləri pozan uşaqlar vardı. Online dərslərdə bu şuluqluqları eləyə bilmirlər. Bizim uşaqlar  evdən xeyli uzaq məsafədə oxuyurlar. İndi yola zamanımız getmir. Mən özüm də rahatlıq tapmışam. Bütün günü məktəblərin qarşısında uşaqları gözləyirdim. Soyuqda, istidə, küləkdə, yağışda. Səhər bir saat tıxacda qalırdıq, axşam saat yarım. Bu yandan bizimki gətirib. Ancaq yenə də məktəb mühiti üçün darıxır adam. Uşaqlar da darıxır. Hətta mən müəllimlərin də darxıdığını hiss edirəm. Adamın ürəyi yumşalır. 

- Yaradıcılıq işləri necə gedir? Nəsə yazmağa fürsət tapırsınızmı?

-Yaradıcılıq işləri həmişəki kimi.  Evdə qaldığımız günlərdə bir neçə şeir, iki hekayə yaza bilmişəm. Xüsusi məhsuldarlıq olmayıb. Onsuz da bütün fikrimizi koronovirus məşğul eləyib. Görəsən nə vaxt bitəcək? Bu işlərin axırı nə olacaq deyə düşünməkdən başqa heç nəyə həvəs yoxdur.
 
- Ailənin yükü qadının üstündədir. Qidalanma rejiminizə necə diqqət edirsiniz? İmmunitet artırmaq üçün hansı qidalardan istifadə edirsiniz?



-Çalışıram təbii qidalarla yemək hazırlayım. Sosiska-kolbasa kimi qidaları almıram. Təzə meyvə, göy-göyərti, süd məhsulları, qırmızı ətə üstünlük verirəm. Təəssüf ki, uşaqlarıma tərəvəzi sevdirə bilmirəm. Kim sevdirə bilibsə, eşq  olsun ona! Soğan-sarımsaq hər gün süfrədə olur, ancaq böyük qız yeyə bilir. Çay dəmləyəndə çaydana rəndələnmiş zəncəfil də əlavə edirəm. Amma bunu hər gün eləmək olmaz. Həftədə iki-üç dəfə. 

- İndi qadınların əsas dərdi karantin dövründə piylənməkdir. Sizdə vəziyyət necədir, ya önəmsəmirsiz belə şeyləri?

-Hə, bu mövzuda “Odla suyun arasında ” adlı bir hekayəm var. Deməli, bizdə həmişə deyiblər ki, qadın bir az ətli-canlı olsa yaxşıdı. Gülməli olsa da deyəcəm, atam anam kökəlsin deyə qurban demişdi. Nənəm həmişə deyinirdi ki, utanıram sən bir yerə çıxanda. Deyəcəklər  filankəs ac saxlayır gəlinini, göz verib, işıq vermir. Mənim qəhrəmanım da incə-mincə bir xanımdır. Ancaq qaynanası, qohum-qonşuları həmişə onu qınayırlar, deyirlər ye, iç, özünə bax, ətə-qana gəl, sənə baxanda qorxuruq. Bu qınaqlardan bezən qadın əlinə nə keçdi yeyir, kökəlməyə çalışır. Kökəlməyə başlayanda  sevincək olur. Məlum olur ki, əri də kökəlməyini istəyirmiş, indiyə qədər özü qadını incitməmək üçün bir söz demirmiş. Ancaq  kökəldikcə qadın özündən xoşuna gəlmir. Güzgüdə özünə baxanda acığı tutur. Başlayır idman  eləməyə ki, indi də arıqlasın. O qədər əlləşir, əyilir-durur, beli sərpir. Gedib xəstəxanaya  düşür. 
Balaca bir hekayədir, müasir  şərqli qadının iki yol ayrıcında qalmasından danışır.  Kapitalist Qərb dünyası ondan başqa meyarlar tələb edir, ənənəvi Şərq dünyası başqa. Sağlamlığa ziyanlı olmadığı halda, insan kök, ya arıq olmağından kompleksə girməməlidir. Nənəm demişkən, əsas odur sümüyün sağlam olsun. 

- Maddi təminatınız varmı? Yoxsa sizdə çox ailə kimi işsiz qaldınız ...

- Yoldaşım tikinti sahəsində işləyir. O sahədə işlər davam edir, işə gedib-gəlir. Ancaq işdə bütün gigiyena qaydalarına əməl edirlər, hər gün yoxlanılırlar. Yenə adam narahat olur. Elə bilirəm hər gün cəbhə bölgəsinə, düşmənlə savaşa gedib - gəlir. Bir dost var, yoldaşı da, özü də təhsil sektorunda çalışırlar. O gün danışırıq, zarafatla deyirəm ki, hamı ölsə də siz sağ qalacaqsınız. Nə acından ölmək, nə də virusa yoluxmaq ehtimalınız yoxdur.

-Deməli,  siz inanırsınız koronavirusa? Bir çoxları kimi COVİD 19 hansısa laboratoriyada hazırlanıb, bioloji silahdı  demirsiniz.

-Bu mövzuda mən də sizin qədər bilə bilərəm. İnformasiya saytları nə yazır, mütəxəssislər nə danışır, onları bilirəm.  Virusoloq deyiləm, bioloji silahlardan başım çıxmır. Bircə onu bilirəm ki, ciddi şəkildə qorunmalı olduğumuzu tələb edirlərsə, qorunmaq lazımdır. Virus kimi yayılsa da, bioloji silah kimi yayılsa da, biz gerçəkliyi dəyişə bilmirik. Bircə özümüzü, ailəmizi müdafiə etmək gəlir əlimizdən. Qırx yaşıma az qalır, ölkəmdə hələ belə bir şey görməmişdim. Məktəblər bağlansın, küçəyə SMS-lə çıxaq, karantin rejiminə keçilsin. Bütün bunlar olduqca ciddi məsələlərdir. Həm də ətrafımızda baş verənlər bütün dünyada baş verir. Ellə də gəlməyib  bu bəla, dünya ilə gəlib. Ümumbəşəri bəladır. Ellə gələn bəla toy-bayramdı demişik, bilmirəm ümumbəşəri bəlaya nə deməliyik? 
Tarixə nəzər salanda insanın daha ağır epidemiyalar yaşadığını, daha qorxulu xəstəliklərin əlində çarəsiz qaldığını görürük. Əminəm ki, biz bunun da öhdəsindən gələcəyik! 

- Bir yazar kimi vəziyyətlə bağlı oxucularınıza tövsiyyəniz...

-Tövsiyyə verməkdən xoşum gəlmir. Tövsiyyə xarakterli danışıqları da sevmirəm. Oxucularımızın arasında əminəm məndən daha savadlı, daha məntiqli düşünən, daha bilgili insanlar da kifayət qədərdir. Sadəcə hamıya dözüm, səbr, güc arzulayıram! Hər halda bütün bunların sonu var! İnanıram hər şey yaxşılığa doğru gedəcək. 




Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu