"LİKE" "ovçu"ları: Bəzi istifadəçilər insanların emosional vəziyyətlərindən istifadə edirlər

"Elmdə bunun adı ictimai əxlaqsızlıqdır"

Tez- tez sosial şəbəkələrdə bu tipli yazılara rast gəlirik: "Allahını sevən şəkli bəyənsin".  Qəribədir, əgər sosial şəbəkələrdə demokratiya varsa, deməli istifadəçi xoşuna gələn fotonu, yazını "like" edə, istəmədiyini de bəyənməyə bilər. Daha Allahdan, daha doğrusu, onun adından kömək istəməyə, dini inancla toxunmağa nə ehtiyac var?!

Yəni bir "like" bu qədər vacibdir?! Həm də adama deyərlər, elə statuslar, multimedia vasitələri paylaş ki, bəyənilsin də. Necə deyərlər, zorla sevgi olar?! Eyni zamanda, bəlkə, biri ateisdir. Onda necə?!

 "Facebook"da gündə bir neçə dəfə Allahı "çağıran"larla bağlı "Sherg.az"a danışan sosioloq Sahib Altay bunun sosial şəbəkələrin mahiyyəti ilə bağlı olduğu fikrindədir:



"Sosial şəbəkənin digər informasiya və media vasitələrindən bir əsas fərqi var. Bu platforma hər kəsə sosial imic yaratmaq şansı verir. Bununla əlaqədar olaraq biz sosial şəbəkədə peşəkar sosial fəaliyyətlə məşğul olan insanlardan əlavə, həm də qeyri-peşəkar fəaliyyətlə məşğul olan və ya heç bir sosial fəaliyyəti olmayanların da paylaşımlarını görürük. Sosial şəbəkədə  senzura və fəaliyyətə uyğun  keyfiyyət göstəricisi yoxdur. Onun insanlara təqdim etdiyi yeganə "keyfiyyət göstəricisi" bəyənmə sayıdır".

 Sosioloq deyir ki, belə addımlar sosial imic yaratmaq məqsədinə xidmət edir. Yəni insanlar eqolarını təmin etmək üçün bu üsuldan istifadə etməkdən də çəkinmirlər:

"Həyat maddi və mənəvi təmənnalar üzərində qurulub. İnsanlar gördükləri bütün işlərdən qarşılıq gözləyirlər. Üstəlik, ictimai mühitə açıq yayımlanmaq imkanı insanlarda özünəvurğunluq dərəcəsini də artırır. Təbii ki, sosial şəbəkə qurucuları bunu çox yaxşı bilirlər. Ümumiyyətlə dünyada ticarət prinsipləri sosial-psixologiyanın və xüsusən insan psixologiyasının üzərində qurulub. Sosial şəbəkə qurucuları da bu prinsiplərdən istifadə edib, insanları bir növ manipulyasiya edirlər. Heç bir sosial fəaliyyəti olmayan insan sosial şəbəkə istifadəçisi olaraq ictimai imic qazanmaq istəyir. Təbii ki, heç bir fəaliyyət olmadığı halda bu imic insanların şüuraltında formalaşmış xüsusi ehtiyaclar, psixoloji aclıqlar və qəbul edilən dəyərlər üzərindən aparılır. Toxunduğunuz problem də sırf dəyərlər üzərindən qazanılan ictimai imic məsələsidir. Məsələn, müxtəlif sosial şəbəkələrdə zaman-zaman: "Allahını sevən bu şəkli bəyənsin", "Bu statusa rəy yazmayan Allah adamı deyil", "Bəyənin, görək, neçə nəfər Allahı sevir" şəklində foto və ya statusüstü başlıqlar görürük. Bu başlıqlar nəyə əsaslanır? Bunu yazan adamların çoxu Azərbaycanda əksəriyyətin dini və ya müstəqil inanca sahib olduğunu bilir".

S. Altayın sözlərinə görə, belə istifadəçilər insanların emosional vəziyyətlərindən, duyğusallıqlarından istifadə edirlər. Odur ki, sözügedən "like" "ovçu"larının addımları heç də təqdirəlayiq deyil:

"İnanc məntiqi əsası olmayan, sadəcə duyğusallığın fonunda qəbul edilən bir dəyərdir. Bu başlığı görən əksər inanclı insan o şəkilə, statusa "bəyəni" verməsə, inancına sadiq olmadığını düşünür. Beləliklə, dəyər üzərindən aparılan bu oyun kütləvi insanı bir şəklin, bir statusun ətrafında toplayır. Nəticədə şəkil və ya status sahibi öz məqsədinə çatmış olur. Hansı məqsəd? Təbii ki, bir paylaşım ətrafında kütləvi insan toplamış "müəllif" öncə öz eqosunu təmin edir, sonra bundan zövq alır, ardınca ictimai imic qazanıb, həmin insanların gözündə fenomenə çevrilir. İstər-istəməz "İnandığı Allaha olan sevgisini sübut etmək" məqsədilə "bəyəni" verən, rəy yazan insanlar onları bir araya yığan adamın paylaşımındakı "like", "rəy" sayına görə onun yüksək potensiala sahib olduğunu düşünürlər. Nəticədə paylaşım sahibi gözlədiyi ictimai imici qazanır. Bu davranış birbaşa insanların hisslərindən, duyğularından istifadə etmək və onları bu yolla arzulanana təhrik etməkdir. Elmdə bunun adı ictimai əxlaqsızlıqdır".
                                          

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu