"Deputatlara səslənirəm, bu yanlışın olmasına yol verməyin" - Media eksperti narahatdır

"Bu maddə həm də bəzi "peşəkarlar" üçün gəlir yeri olacaq"

 Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə əlavə nəzərdə tutan qanun layihəsi yerləşdirilib. Layihəyə əsasən dövlət dilinin normalarının "Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında " pozulmasına görə inzibati cəza müəyyən edilir. 

Layihəni şərh edən  media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki,   bir neçə aspektdən hüquqa zidd  məqamlar olduğundan  bu formada qəbul edilməməlidir:


“ Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən edildikdən sonra məsuliyyət nəzərdə tutula bilər. Bu məsuliyyəti nəzərdə tutan qanun "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun"dur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutur. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi  yox, bu Qanun müəyyən etməlidir, edib də. 
Həmin Qanunun 4-12 ci maddələri dövlət dilinin işlənməsi zəruri olan sahələri göstərib. 
Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdud olmalıdır. Halbuki, İXM-yə dəyişiklik nəzərdə tutulan layihədə bu sahələrin əsasən  heç birinə toxunmadan (reklam istisnadır), qanunda olmayan iki önəmli sahəni məsuliyyət çərçivəsinə salmağı planlaşdırır. KİV və İnretnet.  
Diqqət etsək "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda  KİV olaraq sadəcə 6-cı maddədə Televiziya və radioların məsuliyyəti nəzərdə tutulub. 
Odur ki, geniş şəkildə "kütləvi informasiya vasitələri" və "internet resursları" üçün belə bir məsuliyyətin nəzərdə tutulması mümkün deyil və hüquqi əsası yoxdur”. 

Ə. Məmmədlinin fikrincə  KİV və İnternet resurslarının belə bir məsuliyyətə cəlb edilməsinin nəzərdə tutulması Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir:

“Düşünün, bu dəyişiklik qüvvəyə mindikdən sonra qəsdən bu tələbləri pozan istənilən internet istifadəçisi və digər KİV cərimələnmək istəyəcək. Daxili hüquq yolunda bu cərimə "qanuni" hesab ediləcək. Həmin şəxslər haqlı olaraq AİHM-ə gedəcək və ölkəni minlərlə avro cərimələdəcək. Beləliklə, bu maddə həm də bəzi "peşəkarlar" üçün gəlir yeri olacaq.  
Deputatlara səslənirəm, bu yanlışın olmasına yol verməyin və bu formatda bir məsuliyyəti İXM-yə gətirməyə səs verməyin. Bu ciddi şəkildə ölkənin imicinə də problem yaradacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu