Rusiyanın "Bakı əməliyyatı" və ya işğalın 100 ili

Sovet dönəmində “əsas” bayramımız 1 may və 28 aprel idi. Sovet hakimiyyəti işğal tariximzi illərlə bizə bayram, kapitelizm və burjuaziyadan xilas günü kimi təqdim etdi. O zamanlar 1 Mayla 28 apreli birləşdirib parad keçirərdilər. Sovet insanları da “urraa!” qışqrıb işğala çəpik çalardılar. Amma bu, əsasən küçələrdə, meydanlarda belə idi. O zamanın insanları arasında da 28 aprel barədə xısın-xısın olsa da, həqiqəti danışanlar vardı. Demək ki, tarixin çarxı nə zamansa geri dönürmüş… Azərbaycan müstəqilliyini bərpa etdi və tarixi həqiqətlər də gün üzünə çıxdı. Məlum oldu ki, bolşevik-daşnak birləşmələri Azərbaycan Xalq Cümhuriyyətini qanla ələ keçirib. Cümhuriyyət qurucuları bolşeviklərə “buyurun, gəlin” deməyiblər. Əksinə, işğalçılara qarşı dirəniş, mücadilə aparılıb. 28 aprel işğalının 100 illiyi ərəfəsində mövzu ilə bağlı tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın fikirlərini öyrəndik. F.Əhmədova qeyd etdi ki, müstəqil Azərbaycanı ələ keçirmək üçün bolşevik Rusiyası həm diplomatik manevrlər edib, həm də hərbi müdaxilə həyata keçirib:  

Müstəqilliyin tanınması işğalçını ehtiyatlandırır, lakin… 

“1920-ci ilin yazı üçün hər hansı bir beynəlxalq qüvvəyə güvənmək şansı olmayan Azərbaycan Cümhuriyyətində bolşevik üsyanının, inqilabının qələbə çalması imkanları olduqca zəif idi” söyləyən F.Əhmədova qeyd etdi ki, istiqlaliyyətinin de-fakto tanındığı Azərbaycan «artıq geniş miqyaslı dövlətlərarası siyasi və iqtisadi münasibətlərə daxil olurdu»: 

- Bütün bu səbəblərdən Sovet Rusiyası Azərbaycan Cümhuriyyətinə münasibətdə «xüsusi dünya siyasəti» icad etməyə lüzum görmüşdü. Beynəlxalq ab-havanı nəzərə alan Rusiyanın xarici işlər komissarı G.Çiçerin 1920-ci ilin martında, Bakının fəthini zəruri sayan Leninə yazmışdı: «Azərbaycana zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar… Bizi imperialist hesab etmələrinə yol verməməliyik». Azərbaycanın və Gürcüstanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması sovet diplomatlarını ehtiyatlı siyasətə çağırmağa sövq edirdi. Halbuki, Azərbaycan hökumətinə 1920-ci il yanvarın 2-də göndərdiyi notasında Çiçerin amiranə tərzdə təzyiq göstərirdi: «Biz, nə qədər ki, gec deyil, Denikinə qarşı mübarizəyə başlamaq çağırışı ilə Azərbaycana və Azərbaycan xalqına müraciət edirik. Azərbaycan dövlətinin düzgün dərk edilmiş maraqları və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqları Azərbaycanı bizim təklifimizə razılıqla cavab verməyə məcbur etməlidir». Bu notadan 9 gün sonra Azərbaycanın müstəqilliyi Antanta tərəfindən tanındı, ondan 5 gün əvvəl isə Azərbaycanın xarici işlər naziri  F.Xoyski Çiçerinin birinci notasını almış və artıq cavabını müstəqilliyin tanınması xəbərinin Azərbaycanda təntənə ilə qeyd olunduğu gün – yanvarın 14-də göndərmişdi. «Hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn mehriban qonşuluq münasibətləri yaratmaq» üçün hökumətinin danışıqlar aparmağa hazır olduğunu bildirmişdi. «Denikinlə əməkdaşlıq» müddəası Sovet Rusiyasının Azərbaycan hökumətinə qarşı başlıca ittiham arqumentinə çevrilmişdi. Çiçerin yanvarın 23-də göndərdiyi ikinci notada Denikinə qarşı mübarizədən imtina etməkdə Azərbaycan hökumətini günahlandırırdı. Diplomatik təzyiqin əsas bəhanəsinə çevrilmiş bu ittihamı S.Kirovun martın 5-də Çiçerinin müavini L.Qaraxana göndərdiyi məlumat alt-üst edir, tam əsassız olduğunu göstərirdi. Azərbaycan tərəfdən Denikinə həmin vaxtadək (məlumat göndərildiyi tarixədək) yardım göstərilmədiyi, Xəzər donanmasının tamamilə Denikinin əlində olduğu, hətta Azərbaycanın, donanmanın Bakı limanında təmirini rədd etdiyi bildirilirdi. Bu etirafı ilə Kirov «Azərbaycan-Denikin ittifaqı» müddəasına zərbə endirmişdi. Məhz bu müddəa Rusiyanın AXC-ni tanımaması, sonradan isə Azərbaycana hərbi müdaxiləsi üçün qərarların təməlini təşkil edirdi. 
Azərbaycanın müstəqilliyinin Rusiya tərəfindən tanınması məsələsi taktiki məna daşıdığından prinsipial əhəmiyyət kəsb etmirdi. Prinsipial olan Bakının ələ keçirilməsi idi. Lenin çox məşhur teleqramlarından birini Şmilqaya və Orconikidzeyə göndərdi: «Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin… Qüvvələr yeridilməsi haqqında Baş komandanla şərtləşin». Teleqramın surətində Orconikidze yazmışdı: «Teleqram Bakıya hücum hazırlanması dövrünə aiddir. Əməliyyat hazırlanmışdı…» Hazırlanan əməliyyatın gerçəkləşməsi 40 gün uzandı. 

Rusiya Azərbaycanı guya Denikinə yardım etməkdə günahlandırırdı

F.Əhmədova bildirir ki, aprelin əvvəlləri üçün XI sovet ordusu hissələri Azərbaycan sərhədlərinə yaxınlaşmış vəziyyətdə idi:
 
- Artıq Moskvada «Bakı məsələlərini» həll etməyin güc yolu qətiləşmişdi: Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığı XI ordu rəhbərliyinə direktiv göndərmişdi ki, AXC ordusunun əsas qüvvələri ermənilərlə cəbhədə cəmləşib. Həmin direktivə əlavə olaraq 1 gün sonra belə bir əmr verilir: XI ordu qarşısında aprelin 27-də Azərbaycanın sərhədlərini keçmək və 5 gün ərzində çox surətli yürüşlə Bakı quberniyasının ərazisini ələ keçirmək vəzifəsi qoyulur. Məsələnin birmənalı şəkildə nəzərdə tutulduğu halda, Çiçerin həmin günlərdə, aprelin 24-də F.Xoyskiyə sonuncu teleqramı göndərir. Azərbaycanla sərhəddə qoşunların irəliləməsini Denikin qüvvələri ilə mübarizə zərurətindən irəli gəldiyini göstərir, yenə də Azərbaycan hökumətini denikinçilərlə iş birliyində günahlandırırdı. Bu dəfə Çiçerin daha irəli gedərək Azərbaycan hökumətini hərbi yardım üçün hər hansı bir üçüncü ölkəyə müraciət etməkdən çəkindirməyə çalışırdı. Azərbaycan və Rusiya respublikaları arasında yaranmış şəraitdən istifadə edərək hər hansı bir dövlətin hərbi qüvvələrinin sovet qoşunlarına qarşı hücumçu hərəkətlərinin olmayacağına dair Xoyskini Rusiya hökumətinə təminat verməyə çağırırdı. Rusiyanın son «diplomatik akkordu» 3 gün sonra baş tutmalı olan «Bakı əməliyyatı»nı pərdələmək forması idi. 
XI ordunun nəinki günlər, hətta saatınadək Bakı üzərinə hazırladığı hücum planı - 52 nömrəli əmr heç bir əlavə şərh olmadan açıq hərbi müdaxilə aktından, yerli əhalinin öz müqəddəratını hansı sərbəstliklə həll etmə imkanından xəbər verir: ‘‘...aprelin 27-si saat 4-də hücuma keçmək və əsas qüvvələrlə Qusar, Quba, aprelin 28-də Qızıl-Burun, aprelin 29-da Astraxanka və Şamaxı, Ağsunu tutmaq...». Ordu komandanı Levandovski və digər hərbçilər hərəkətlərində tam qətiyyətli, əminliklə yanaşı, qəti qənaətdə idilər: «Mən aprelin 27-dək Dərbənddə, 27-də Xudatda, 28-də Dəvəçidə, 29-da Giləzidə, aprelin 30-da Yaşmada, mayın 1-də Biləcəri-Bakıda olacağam". Belə dəqiq proqnozlaşdırma yalnız qüvvəyə güvənmə deyil, ərəfədə keçirilən kəşfiyyat məlumatının təhlilindən irəli gəlirdi. 

Xalq Cümhuriyyəti xalq mənafeyini üstün tutmuşdu

F.Əhmədova qeyd etdi ki, hələ Bakıda Müsavat hökuməti olduğu halda Moskvaya belə məzmunda radioteleqram göndərilmişdi:

«Hamıya, hamıya, Moskva, Leninə. Bakıda çevriliş baş vermişdir. Müsavat hökuməti devrilmişdir. Öz qüvvəmizlə əksinqilabın təzyiqini dayandırmaq imkanı olmadığından Qırmızı qoşunları yeritməyi xahiş edirik». Elə həmin gecə XI ordu hissələri Azərbaycana hərbi müdaxilə etdilər.
Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə bitdi: «Üçə yaxın artilleriya diviziyasını itirdi, 600-700-dək əsir düşdü». Rus ordusu isə otuz nəfərədək itki verdi. «Üçüncü İnternasional» Biləcəri stansiyasına çatanda Azərbaycan hökuməti qoşunlarının məğlubiyyətindən xəbər tutdu. Cənubi Qafqaz respublikaları içərisində yalnız Azərbaycan hökuməti vətəndaş müharibəsinin, qan tökülməsinin, qarşıdurmanın olmaması xatirinə, bircə dövlətin sosial məzmununda dəyişiklik şərtilə ümumdövlət, ümumxalq mənafeyini üstün tutmuşdu. 
Məhəmməd Əmin Rəsulzadə yazırdı: «Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər...biz iki od arasında qalan bir adam vəziyyətində idik» 
Azərbaycan hökuməti müttəfiq dövlətlərin Tiflisdəki nümayəndələrinə aprelin 27-də müraciət edib, ərazisinin bolşevik işğalı ilə əlaqədar, yenidən hücum etməmələri üçün Ermənistan hökumətinə təsir göstərməyi xahiş etmişdi. İşğaldan xəbər tutan Azərbaycan nümayəndəliyi aprelin 28-də San-Remo konfransına nota təqdim etmişdi. Lakin nə bu, nə də sonrakı müraciətlərin əməli əhəmiyyəti olmadı.
Azərbaycanda aprel çevrilişinin Rusiyanın sovet ordusu tərəfindən həyata keçirildiyini və baş tutduğunu bütün tarixi sənədlər açıq, birbaşa əks etdirir və təsdiqləyir.
Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı»nda (1991-ci il 18 oktyabr) bu tarixi təcavüzə siyasi qiymət verildi: «1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin». 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu