Yaradılan portal miqrantların rahatlığına hesablanıb - Axın idarə olunacaq


Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya Federasiyasında müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə "www.evegedirem. info" xüsusi portalı yaradılıb.

Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Son günlər ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi, eləcə də Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup vətəndaşımızın sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib.

Ümumilikdə, bu ilin 20 aprel tarixindən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər.

Belə məlum olur ki, həmvətənlərimizin geri qayıtmaları üçün sözügedən saytın xüsusi əhəmiyyəti var. İndi insanlar təkcə çarter reyslərindən yox, həm də bu portalın imkanlarından istifadə edə bilərlər. 

 Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Sherg.az"a açıqlamasında bildirib ki, bu portala çox ehtiyac var idi:

"Rusiyada  xeyli azərbaycanlı işləyir. Onlar gəlirlərinin böyük bir hissəsini cari məsrəflərə, o cümlədən kommunal xərclərə ödəyirlər. İndi karantin rejimi ilə əlaqədar iş yerləri bağlandığına görə, insanlar Rusiyada qalmağın mənasız olduğunu başa düşür və kütləvi surətdə geri qayıdırlar. Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimizin birgə təşəbbüsü ilə yaradılan portalın əsas məqsədi axını tənzimləmək və ehtimal edilən hansısa problemin qarşısını vaxtında almaqdır. Başqa sözlərlə desək, bu portal axını idarə edəcək. Belə imkanların istifadəyə verilməsi pandemiyanın müsbət cəhətlərindəndir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə aparılan işlər daha da təkmilləşdirilməlidir".
                                      

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu