Radioda da, televiziyalarda da dil normaları pozulur

Bunun qarşısı qanunvericiliklə alınmalıdır, ancaq alınmır

"Problem icraatdadır. Qanun pozuntularının qarşısının alınması üçün hərəkətə keçməli adamlar bunu etmirlər"


Dövlət dilinin normalarının pozulmasına görə inzibati cəza müəyyən edilə bilər. 
Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə əlavə nəzərdə tutan qanun layihəsi yerləşdirilib. Layihəyə əsasən dövlət dilinin normalarının "Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında" pozulmasına görə inzibati cəza müəyyən edilir. 

Layihənin Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. 

Təklif olunan dəyişiklik ilk baxışda vacib, lazımlı görünür. Çünki dövlət dilinin, eləcə də Azərbaycan ədəbi dil normalarının istər internet resurslarda, istərsə də televiziyada tez-tez pozulduğunun şahidiyik. Amma hansısa informasiya saytının, xəbər portalının indiyədək məhz dil normalarının pozulması səbəbindən məsuliyyətə cəlb edildiyini, yaxud cərimə edildiyinə heç şahidlik etmədik. Hansısa vəzifəli şəxs, müğənni, aktyor, hətta iş adamı da şərəf və ləyaqətinin təhqir olunması, böhtan, dəqiqləşdirilməmiş məlumata görə təkzib, cərimə tələb edir. Bəs ana dilimiz - dövlət dili təhrif olunmasına, eybəcərləşdirilməsinə görə hara, kimə müraciət etsin? Cavab var: qanuna. Amma qanunun tələbləri yerinə yetirilmirsə, onda necə? 

Məcəlləyə əlavə, əlavə problem yaradacaqmı?           

Layihəni şərh edən  media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, bir neçə aspektdən hüquqazidd  məqamlar olduğundan  bu formada qəbul edilməməlidir:

- Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən edildikdən sonra məsuliyyət nəzərdə tutula bilər. Bu məsuliyyəti nəzərdə tutan qanun "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun"dur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulur. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi  yox, bu Qanun müəyyən etməlidir, edib də. 
Həmin Qanunun 4-12 ci maddələri dövlət dilinin işlənməsi zəruri olan sahələri göstərib. 
Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdud olmalıdır. Halbuki, İXM-yə dəyişiklik nəzərdə tutulan layihədə bu sahələrin əsasən  heç birinə toxunmadan (reklam istisnadır), qanunda olmayan iki önəmli sahəni məsuliyyət çərçivəsinə salmağı planlaşdırır. KİV və İnternet.  
Diqqət etsək, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda  KİV olaraq sadəcə 6-cı maddədə Televiziya və radioların məsuliyyəti nəzərdə tutulub. 
Odur ki, geniş şəkildə "kütləvi informasiya vasitələri" və "internet resursları" üçün belə bir məsuliyyətin nəzərdə tutulması mümkün deyil və hüquqi əsası yoxdur”. 

Ə.Məmmədlinin fikrincə, KİV və İnternet resurslarının belə bir məsuliyyətə cəlb edilməsinin nəzərdə tutulması Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir:

- Düşünün, bu dəyişiklik qüvvəyə mindikdən sonra qəsdən bu tələbləri pozan istənilən internet istifadəçisi və digər KİV cərimələnmək istəyəcək. Daxili hüquq yolunda bu cərimə "qanuni" hesab ediləcək. Həmin şəxslər haqlı olaraq AİHM-ə gedəcək və ölkəni minlərlə avro cərimələdəcək. Deputatlara səslənirəm, bu yanlışın olmasına yol verməyin və bu formatda bir məsuliyyəti İXM-yə gətirməyə səs verməyin. Bu ciddi şəkildə ölkənin imicinə də problem yaradacaq.
Beləliklə, bu maddə həm də bəzi "peşəkarlar" üçün gəlir yeri olacaq.  

Azər Həsrət: “Parlament məsələni ciddiyə almalıdır”

Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Ələsgər Məmmədlinin yanaşmasının doğru olduğunu bildirdi: 

-Ə.Məmmədli məsələyə peşəkar hüquqşünas, media hüququ sahəsində təcrübəli şəxs kimi yanaşır, kostruktiv və obyektiv mövqe sərgiləyir. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə əlavə nəzərdə tutan qanun layihəsini hazırlayanlar bir qədər naşılığa yol veriblər. Bu da başadüşüləndir, çünki parlamentin tərkibi yenilənib, xətaların, yanlışlıqların olacağı gözləniləndir. Amma Ə.Məmmədlinin çağırışını ciddiyə almaq lazımdır. İstənilən qanun qəbul edilərkən, yaxud qanuna dəyişiklik təklif edilərkən özündən əvvəlki qanunla uyğunlaşdırılmalıdır. Ya da qüvvədə olan qanunlara dəyişiklik edib, sonra əlavələr edilməlidir. Hər hansı qanun qüvvədədirsə, ona uyğun olmayan, onunla ziddiyyət təşkil edən qanun və ya əlavə qəbul edilə bilməz. Ona görə də hesab edirəm ki, dövlət dilinin normalarının pozulması ilə bağlı hər hansı dəyişiklik və ya əlavə nəzərdə tutulursa, bu, hazırda qüvvədə olan qanunla ziddiyyət təşkil etməməlidir. Parlament üzvləri bu məsələni ciddiyə almalıdır.                                                                                                                                               
Hər addımda dilimiz korlanır, yad elementlər əlavə edilir

Qanunvericilik bazası varsa, bəs niyə dövlət dilinin pozulması, ədəbi dil normalarına riayət edilməməsi hallarına görə məsuliyyətə cəlb olunmalar yoxdur? A.Həsrət bildirdi ki, burada problem qanunlarda deyil, icraatdadır: 

- Azərbaycanda bütün sahələrdə qanunvericilik mükəmməl səviyyədədir. Hətta Avropa ekspertləri Azərbaycanda qəbul olunan qanunların Avropa standartlarına cavab verdiyini bildirib, yüksək qiymətləndirirlər. Problem icraatdadır. Qanun pozuntularının qarşısının alınması üçün hərəkətə keçməli adamlar bunu etmirlər. Mən dəfələrlə media, informasiya məkanı ilə bağlı konfranslarda iştirak etmişəm, hər dəfə də konkret iradlar səsləndirmişəm, faktlar ortaya qoymuşam ki, radioda, televiziyada dil normaları pozulur. Həmin konfranslarda tv-rəhbərləri də iştirak edib, sayt, portal redaktorları və sair. Hamısı da əl çalıblar, amma iş yerlərinə qayıdanda yenə eyni səhvləri təkrarlayıblar və hələ də davam edirlər. Küçələrdəki reklam lövhələrində Azərbaycan dili kobud şəkildə təhrif olunur, dil normaları pozulur. Televiziyalarda aparıcılar ədəbi dil normalarına riayət etmir, çoxu bəlkə də ədəbi dil normalarından ümumiyyətlə xəbərsizdir, əks halda ədəbi dil normaları çərçivəsində danışardılar. Amma yox, hər addımda dilimiz korlanır, yad elementlər əlavə edilir, Azərbaycan dilində, əlifbasında olmayan hərflər və səslərdən istifadə edilir. Bunun qarşısı qanunvericiliklə alınmalıdır, amma alınmır. Ədəbi dil normalarının qorunmasıyla bağlı Dil komissiyası var. Monitorinq aparırlar, nəticələri elan edirlər, vəssalam, bununla da iş bitir. Hesab edirəm ki, ana dilimizin saflığının qorunması milli vicdan məsələsidir. Kim olur-olsun, hansı struktur olur-olsun, içindən bir yanğı gəlməlidir. Dilimizə həssas yanaşmalıdır və pozuntuları aradan qaldırmalıdır. Daxildə yanğı, həssaslıq yoxdursa, yüz dənə komissiya işləsin, xeyri olmayacaq. Bəziləri, sadəcə əməkhaqqı üçün işləyir. Gəldim, işimi gördüm, bitdi... Belə vəziyyətdə min qanun qəbul olunsun, qanuna min cür əlavələr edilsin, nə xeyri? Azərbaycan dövlət dilinin, ədəbi dil normalarının qorunmasını istəyiriksə, problemə ürəklə yanaşan insanlar önə keçməlidir və əsaslı fəaliyyət göstərməlidir. Bu, ilk növbədə ana dilimizə sevgi tələb edir. Sevgi, yanğı yoxdursa, qanunları dəyişdirsələr də, heç nə dəyişməyəcək. Bəziləri elə düşünür ki, qeyri-türk – qeyri-Azərbaycan mənşəli sözlər işlətmək yüksək savad göstəricisidir. Daha anlamırlar ki, ana dilinə hörmətsizlik edən birisinin yüksək savadı olsa, nəyə yarar?!

“Tamaşaçı qarşısına çıxan hər kəs dil normalarına riayət etməlidir”  

2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun imzalanıb. 2012-ci ildə isə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam verilib. Bu o deməkdir ki, Azərbaycan dili dövlət dili kimi qorunmalı, rəsmi sənədlər bu dildə tərtib edilməli və rəsmi şəxslər də dövlət dilində səlis danışmalıdırlar. Bacarmırlarsa, heç olmasa buna çalışmalıdırlar.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın fikrincə, kim ana dilində səlis danışa bilmirsə, deməli, o, özünü təqdim edə bilmir: 

- Bu da dili bilməməkdən qaynaqlanır. İstər nazir olsun, istər məmur, ya bir başqası, əgər Azərbaycan dilində danışmağı bacarmırsa, öz peşəsini də təqdim edə bilməyəcək. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə Montiorinq şöbəsi fəaliyyətə başlayıb. O vaxtdan da dövlət proqramına uyğun olaraq kütləvi informasiya vasitələrinin dili ilə bağlı monitorinqlər keçirilir. İldə ən azı 1-2 dəfə monitorinqlər keçiririk. Monitorinqlər məhz informasiya saytları və televiziyaları əhatə edir. Televiziyalarda əsasən xəbər aparıcılarının dili yoxlanır. Xəbər aparıcısı nitqində səhvə yol verməməlidir. Amma son 2 ildə monitorinqlərin aparılma sahəsində dəyişiklik etmişik və xəbər aparıcıları ilə yanaşı, geniş tamaşaçı auditoriyası olan verilişlərin aparıcılarının dili də monitorinq edilir. Hesab edirik ki, geniş tamaşaçı auditoriyasına malik verilişlərin təsir qüvvəsi daha böyükdür. Məsələn, auditoriyası olan aparıcının nitqi onu izləyən tamaşaçının nitqinə də təsir edir. Bəzən aparıcıların nitqinin təsiri altında tamaşaçılarda nitqin formalaşması prosesi gedir. Xüsusən, bu təsir kiçik yaşlılara, məktəblilərə, hətta böyüklərə də təsir edə bilir. Ona görə də proqram aparıcıları danışıqlarında, nitqlərində Azərbaycan ədəbi dilinin normalarına ciddi riayət etməlidirlər. «Mən aparıcıyam, mənə hər şey olar, necə istəsəm danışa bilərəm» kimi yanaşmalar kökündən yanlışdır və ədəbi dilimizin getdikcə korlanmasına, dil normalarının itirilməsinə gətirib çıxara bilər. 

- S.Əliyeva dedi ki, artıq neçə ildir monitorinqlərin keçirilməsinə baxmayaraq iradları hələ də qəbul etməyən, qüsurlarını düzəltməyən aparıcılar var və ən təəssüfləndirici də budur ki, telekanal rəhbərləri də aparıcılardan səhvlərini düzəltməyi tələb etmir: 

- Biz telekanallara monitorinqlər vasitəsilə mesajlar göndəririk. Aparıcıların danışığında müəyyən etdiyimiz dil, üslub qusurlarını göstəririk, iradlar bildiririk. Amma nə onlar, nə də telekanal rəhbərləri iradlardan nəticə çıxarmır. Məqsəd Azərbaycan ədəbi dilinə xidmət etməkdir, ədəbi dilimizin normalarını yada salmaq, dilin qorunmasını təmin etməkdir. Əgər hansısa aparıcının dilində leksik-qrammatik, fonetik qüsur varsa, biz buna göz yuma bilmərik. Məqsədimiz maarifləndirməkdir. Azərbaycan əlifbasında «t», “d” kar samitdir, rus və Avropa mənşəli sözlərdə “t”, “d” cingiltili formada səslənirsə (məsələn, “karantin”, “televiziya”, “direktor”...) biz bu hərfləri öz ana dilimizə uyğun kar səslə ifadə etməliyik. Çünki dilimizin norması bunu tələb edir. Məsələn, “proses” sözündəki «s» hərfi rus dilindəki kimi “ts” səsi ilə deyilməməlidir. Azərbaycan dilinin məlum leksik, qrammatik qanunları var. Hamımızın borcu və bir nömrəli vəzifəsi dil qanunlarına riayət etməkdir. O aparıcılar evlərində, dostlarının, tanışlarının əhatəsində istədikləri kimi danışa bilər, amma efirə  - minlərlə tamaşaçının önünə çıxırlarsa, buyurub, dilimizin qaydalarına hörmətlə yanaşmalı və riayət etməlidirlər.                                                               

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu