Sülhə ümid qalmayıb: “Çıxış yolu torpaqların müharibə yolu ilə...” - ŞƏRH 

“Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın məlum bəyanatı hərbi əməliyyatlara başlamaq üçün kifayət qədər əsas verir”

“Bununla yanaşı beynəlxalq ictimaiyyətin mümkün təzyiqlərini və sanksiyalarını da nəzərə almaq lazımdır”




Millət vəkili Vahid Əhmədov  Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi ilə bağlı sərt  mövqe bildirib.  Sülh yolu ilə dünyada heç kimin torpaq qaytarmadığını vurğulayan millət vəkili hesab edir ki, Qarabağı da yalnız müharibə yolu ilə qaytara bilərik: "Biz 1994-cü ildə bu parlamentdə atəşkəs haqqında sazişi təsdiqləyəndə bir məsələni əsas götürmüşdük ki, bu müddətdə Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, ordusunu gücləndirsin. Artıq 26 ildir Azərbaycan atəşkəs rejimində yaşayır. Bu müddətdə Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf edib, ordusu da güclənib, dünyanın ən güclü orduları sırasındadır”.
Millət vəkili qeyd edib ki, biz ATƏT-in Minsk Qrupundan yapışırıq, Lavrovun çıxışına diqqət kəsilirik, Ermənistanın nə deyəcəyini gözləyirik. Birdəfəlik bilmək lazımdır, Azərbaycanın yeganə dostu Türkiyədir! Ona görə də Azərbaycan təcili şəkildə Türkiyə ilə hərbi ittifaqa girib torpaqlarının işğaldan azad edilməsi barədə qərar verməlidir. 

Politoloq İlyas Hüseynov isə "Sherg.az" a açıqlamasında  Milli Məclisdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin qaldırılmasını müsbət hal kimi dəyərləndirib. O hesab edir ki,  ölkənin əsas problemlərindən biri haqqında parlamentdə tez-tez fikirlər səsləndirilməlidir:



 "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci il fevralın 23-24-də  Milli Məclisdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin  sülh  yolu ilə həlli  prosesinə  aid məsələyə  həsr  edilmiş iclası baş tutub.  Ölkə başçısının  iştirakı ilə  keçirilən bu iclasa  ölkədə  fəaliyyət  göstərin  siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin  nümayəndələri  dəvət  olunublar. Daha sonra 2015-ci ildə Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müzakirələrin keçirilməsi təklif olunub. Bu gün də baş verən diplomatik-siyasi, iqtisadi və hərbi proseslər fonunda Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunulur. Və artıq sülh yolu ilə problemin həllinə ümid qalmadığı haqqında fikirlər səslənir, Çıxış yolu kimi torpaqların müharibə yolu ilə geri qaytarmasına dair bəzi çağırışlara rast gəlirik. Mürəkkəb münaqişənin həlli istiqamətində ATƏT-in həmsədrlərinin və Rusiyanın Xarici İşlər nazirinin bəyanatlarına inamın da azaldığı qeyd olunur. 
Düşünürəm ki, Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın məlum bəyanatı hərbi əməliyyatlara başlamaq üçün kifayət qədər əsas verir. Çünki rəsmi Yerevan beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirir. Lakin hazırkı vəziyyətdə anti-terror əməliyyatlarının başladılması üçün münbit şəraitin olmadığını da qeyd edə bilərik. Ötən il iki ölkə arasında humanitar sahədə yaxınlıq əldə etmək üçün bir sıra cəhdlər olundu. Lakin nəticədə Ermənistan tərəfi bu cəhdlərdən də özləri üçün siyasi dividend qazanmağa çalışdılar. Hərbi əməliyyatlar böyük insan itkiləri deməkdir. Bununla yanaşı beynəlxalq ictimaiyyətin mümkün təzyiqlərini və sanksiyalarını da nəzərə almaq lazımdır”. 

Ekspert diqqətə çatdırıb ki, ordumuzun döyüş qabiliyyəti və mənəvi hazırlığı heç kimdə şübhə doğurmamalıdır:

“Cari ilin fevral ayında “Global Fire Power" araşdırma şirkəti "2020: hərbi güc reytinqi" adlı sənəd dərc edib. Bu araşdırma ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir. “Global Fire Power” şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 64-cü pilləni tutub. Siyahıda Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sırada qərarlaşıb. Siyahıdan məlum olur ki, işğalçı Ermənistan hərbi güc baxımından, demək olar, bütün göstəricilər üzrə Azərbaycandan geridə qalır". 
Münaqişənin sülh yolu ilə həlli məsələsinə gəldikdə isə politoloq da hesab edir ki, uzun illərdir davam edən danışıqlarda əgər real bir nəticə yoxdursa onda danışıqlar öz mənasını itirir. Buna görə də Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən artıq danışıqlar öz mənasını itirmək üzrədir. Çünki diplomatik zəmində baş verən hər bir görüş ərəfəsində cəbhə xəttində mövqelərimizə intensiv şəkildə atəş açılır və bununla da Ermənistan tərəfinin təxribatlarının əsl səbəbini anlayırıq”.

 Türkiyə ilə hərbi ittifaq məsələsinə toxunan politoloq  Türkiyənin  bizim strateji müttəfiqimiz olduğunu xatırladıb:

“Qardaş ölkə ilə siyasi, iqtisadi, enerji, nəqliyyat və hərbi sahədə böyük layihələr icra olunur. Türkiyə tərəfi ilə mütəmadi olaraq hərbi təlimlər həyata keçirilir. Qeyd edək ki, ötən il noyabr ayının əvvəlində Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirildi. İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edildi, eləcə də 2020-ci il üçün fəaliyyət planı razılaşdırıldı. Belə ehtimal etmək olar ki, pandemiya dövrü bitəndən sonra birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunacaq. Türkiyə və Azərbaycan arasında hərbi təlimlər keçirilən zaman Ermənistan tərəfini hər zaman panika və isteriya bürüyür".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu