"Alnımıza nə yazılıb o da olacaq" - Həmidə Ömərova

"Saçımın hər ağarmış telini əziyyətimlə, çalışmağımla qazanmışam"

Dünən sevilən aktrisa, Xalq artisti Həmidə Ömərovanın doğum günü idi.  "Sherg.az" Həmidə xanımın ad gününü təbrik edib, onunla  həmsöhbət olub. Söhbətimizi təqdim edirik.

-Doğum gününüzü  kimlər yada salıb, təbrik etdi?
-Bu il oğlum çox təəccübləndirdi. O bilir ki, ən sevdiyim klassik əsərlərdən  biri  Alla Puqaçovanın "Milyon qızılgül" mahnısıdır. İlk dəfə oğlum 101 dənə al qızılgül hədiyyə etdi.  Ona qədər hədiyyələr bağışlamışdı. Amma bu güllər rəmzi məna daşıyır. Çünki sevdiyim mahnıdandır. Həmin mahnının da hekayəsi var.  Gürcü rəssam  bir xanımı sevir. Bütün var dövlətini sataraq ona qızılgül alır. Bu əfsanəyə çevrilib.  Olmuş əhvalatdır. O mahnını Alla Puqaçova oxuyurdu. Tələbəlik illərində çox sevirdim. Hərdən zümzümə edirdim. Dünən oğlum çox təəccübləndirdi.  Saat 1-ə işləmiş, 25-ə keçən gecə  təbrik etdi. 
-Oğlunuzdan başqa təbrik edənlər olmuş olar hər halda...
-Çoxlu yaradıcı dostlarım var. Kollektivimizdən ard-arda zəng vurub,  təbrik etdilər. Ürək sözlərini dedilər. Xoş arzularını söylədilər. Hamsına minnətdaram. Hər birinə görə Allaha şükür edirəm. Belə yaxın, əziz dəyərli dostlarım var. 
-Adətən xanımlara yaşı barədə sual verməzlər...
-63 oldu..

-Yeni yaşınızı necə hiss etdirir?

-Çox gözəl. İnsan öz yaşını hiss etmir. Adam güzgüdə baxanda ağarmış saçlarını görüb deyirsən ki, əvvəl belə deyildin,  bundan qəşəng, arıq idin. Hər yaşımla, illə, qırışımla, ağarmış saçımla  fəxr edirəm. Çünki bunlara  zəhmətimi, unudulmaz anlarımı, bütün həyatımı həsr etmişəm. Ona görə dəyərləndirirəm. Saçımın hər ağarmış telini əziyyətimlə, çalışmağımla qazanmışam. Yaş üstünə yaş gəlir. Amma insan heç vaxt yaşını hiss etmir. Bəlkə müdrikləşir.  Ən yaxşısı odur ki, istənilən yaşda təəcüblənmək, heyrətlənmək, sevinmək, heyran olmaq qabiliyyətini qoruyub saxlayasan.

-İşləriniz necədir?

-"Onlayn" şəkildə tələbələrimlə görüşürəm, danışıram. Serial çəkilişlərim davam edir. Hər gün tamaşaçılarımız "Ata ocağı" serialını  Xəzər TV-də izləyirlər.  Bir çox ailənin, azərbaycanlıların məhəbbətini, rəğbətini qazana bilmişik.  

-Elə olurmu ki, ötən günlər üçün darıxasınız?

 -Əlbəttə. Karantindən əvvəlki günlərim üçün darıxmışam. (gülür) Dostlarımı görmək, ünsiyyətdə olmaq istəyirəm. Tələbələrimlə onlayn deyil, üz-üzə söhbət etmək istəyirəm. Daha səmimi. Onlaynda  görürsüz kamera donur. Amma  canlı-canlı görmək istəyirəm.  Əlini  jurnala toxundurursan. Tələbələrin gözlərinin içinə baxırsan. Bir var təbiətin qoynunda olasan. Bir də var həmin təbiəti televiziyada görəsən, fərq çoxdur.

-Bu illər ərzində bütün arzularınızı həyata keçirə bildinizmi? 

-Hamsına nail olmaq qeyri mümkündür. Alnımıza nə yazılıb o da olacaq. Biz dünyaya gəlirik. Müəyyən arzularımız həyata keçir. Onun üçün çalışırıq, vuruşuruq. İnsan elə məxluqdur ki, istədiyinə nail olmaqla qənaətlənmir.  Həmişə çalışır daha irəli getsin. Yenə də nə isə etsin. Səmərəli işlər görsün.  Ona görə  mümkün deyil arzularımın hamısı həyata keçsin.  İnsan ömrü o qədər qısadır ki... Yaşa dolunca daha tez bilirsən. Çünki yaşa dolunca görürsən ki, ömür tez gəlib keçir. Cavanlıqda bunu hiss etmirsən.   

-Çəkildiyiniz filmlərdən, seriallardan və ya  rol aldığınız tamaşalardan sizin üçün ən yadda qalan hansıdır?

-Hər biri əzizdir. Yadda qalan, unudulmaz əziz anları olur. Hazırda çəkildiyim "Ata ocağı" serialının kollektivinin hər biri doğmadır, əzizdir.  Çəkiliş günü mənim üçün bayramdır. Çəkilişə  həvəslə gedirəm, çalışıram.  Bilirəm ki, kiməsə  faydalıdır. İnsanlar baxırlar. Ailə dərdlərinə, ailə münasibətlərinə şərik olurlar.