"Azəriqaz"ın imicinə qarşı ciddi təhlükə var: Müştərilərinin qarşısında pis vəziyyətdə qala bilər


"Ən vacib məqam ondan ibarətdir ki, qurum ən qısa müddətdə  hüquq mühafizə orqanlarına müraciət etməlidir"

"Azəriqaz" İB İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərovun dediyinə görə, dünən gecə saatlarından smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb.

Bununla bağlı sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verilib:

“Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın. Ümumiyyətlə, smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır. Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir.

Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb. Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər. Belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranacaq və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək üçün “ASAN xidmət”, “ASAN Kommunal” və Birliyin xidmət sahələrinə üz tutmalı olacaqlar. Bu zaman onların həm vaxt itkisi ilə üzləşməsi, həm də müəyyən müddətə qazsız qalması qaçılmazdır”.

“Azəriqaz” İB vətəndaşları belə çağırışlardan çəkinməyə çağırır: “Hər hansı yanlış məlumat sizin qazdan normal şəkildə istifadənizi əngəlləyə, eyni zamanda istifadənizdə olan qurğuların sıradan çıxmasına gətirib çıxara bilər. Düzgün, dürüst məlumatları yalnız “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı Mərkəzi, (+994 70) 3 104 104 "Whatsapp" nömrəsinə, eləcə də sosial şəbəkələrdəki ünvanlarımıza suallar göndərməklə əldə edə bilərsiniz. Bir daha xatırladırıq ki, qaz istifadəçisi olan abonentlər üçün Azərbaycan dövlətinin bir əsas güzəşti var, o da illik 2200 kubmetr həcmində qazdan hər kubmetrə görə 10 qəpikdən istifadə ilə bağlıdır. “Azəriqaz” İstehsalat Birliyi bu məsələdə hüquq-mühafizə orqanlarının köməklik göstərməsini istəyir. Çünki sosial şəbəkələrdə belə dələduz əməllərlə məşğul olanlar 2 milyon 300 minə yaxın abonenti olan bir təşkilatın işini bir anda iflic vəziyyətinə sala bilər”.

İB-in verdiyi açıqlamadan belə məlum olur ki, kimlərsə açıq- aşkar saxtakarlıq edirlər. Bəs məqsəd nədir? Əllərinə nə keçir? Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu bunun müxtəlif işbazların addımı olduğunu dedi:

"Hadisədən xəbərdaram. Bir neçə adam mənə bu barədə müraciət  edib. Əlbəttə, bu, saxtakarların işidir. Çünki  həqiqətə uyğun olsa, Azəriqaz rəsmi məlumat verərdi. Sosial şəbəkələrdə yayılan informasiyalar adətən qeyri- dəqiq olur. Həm də proses özü təəccüblüdür. Sözügedən qurum nə üçün indiyə kimi bu təşəbbüslə çıxış etmirdi?"

Sosioloqun fikrincə, bu cür əməllərin törədilməsində iki məqsəd ola bilər: "Birincisi, insan xarakteri ilə bağlıdır. Elə adamlar var ki, camaatın hissləri ilə oynamaqdan sadəcə zövq alırlar. Bir qrup isə cəmiyyəti idarə etmək üçün oxşar texnologiyalardan istifadə edir. Əgər bu, həmin şəxslər üçün arzuolunan nəticəni versə, davamı gələcək. Ona görə də  məsələyə vaxtında reaksiya vermək lazımdır. Məqsəd nə olursa olsun, belə hallar yolverilməzdir".

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə düşünür ki, analoji informasiyaların sosial şəbəkələrdə yayılması vəziyyəti daha da çıxılmaz edir:

"Bir çox hallarda sosial şəbəkələrdə müxtəlif adlarla qeydiyyatdan keçən istifadəçilərin kimliyini müəyyənləşdirmək çətin olur. Ən vacib məqam ondan ibarətdir ki, qurum ən qısa müddətdə əhaliyə və hüquq mühafizə orqanlarına müraciət etməlidir. Çünki söhbət onun raputasiyasından gedir. Başqa sözlə desək, qurumun imicinə qarşı ciddi təhlükə var. O, müştərilərinin qarşısında pis vəziyyətdə qala bilər. Dövlət orqanının fəaliyyəti pozulur. Bu səbəbdən də Azəriqaz İB həmin şəxslərin tez bir zamanda tapılmasını tələb etməli və məhkəməyə üz tutmalıdır. Həm də bu hadisə xüsusi karantin qaydalarının pozulması ilə nəticələnir. Axı ajiotaja aldanan vətəndaşlar sosial məsafəni qorumurlar".

Ə. Nuriyev onu da vurğuladı ki, belə şəxslər Konstitusiyada təsdiq olunmuş azadlıqdan sui- istifadə edirlər. "İfadə azadlığına görə, hər kəs bu və ya digər məsələni başda düşdüyü kimi bölüşə bilər. Lakin qeyd olunan fakt azadlıqdan sui-istifadə etməkdir. Həmin şəxslər hüquq mühafizə orqanlarının köməyi ilə tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu