Saakaşvilinin artıq böyük siyasətdən getmək vaxtıdır - Azər Rəşidoğlu



Ukrayna hökuməti Mixail Saakaşvilinin Baş Nazirin müavini təyin edilməsi ilə bağlı Ali Radaya göndərdiyi təqdimatı geri götürüb.

Bu barədə “censor.net.ua” saytının baş redaktoru Yuri Butusov “Facebook”da bildirib. Həmin məlumatı M. Saakaşviliyə yaxın mənbələr də təsdiqləyib.

Y. Butusov qeyd edib ki, buna Ali Radada sözügedən təyinatı dəstəkləyən deputatların sayının az olması və Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq şəkildə M. Saakaşvilini dəstəkləməməsi səbəb olub.

Y. Butusov əlavə edib ki, Ukrayna hakimiyyəti Gürcüstanın sabiq prezidentinin namizədliyini Odessanın meri postuna irəli sürmək niyyətindədir.

M. Saakaşvili daha əvvəl Prezident V. Zelenskinin ona Baş Nazirin islahatlar üzrə müavini vəzifəsini təklif etdiyini deyib. Gürcüstan hökuməti bu təyinatın baş tutacağı təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bəyan edib.

Məsələni "Sherg.az"a şərh edən politoloq Azər Rəşidoğlu Saakaşvilinin artıq böyük siyasətdən getmək vaxtının çatdığını deyir:



"Onun xarakteri, populist addımları bir çox məmurlarla problemə səbəb olub. Bu mənada eks- prezidentin yenidən hakimiyyətə qayıtmasına inanmıram. O, ancaq bir nömrəli şəxs, yəni prezident ola bilər. Bu isə Rusiya, həmçinin Qərblə qarşıdurmaya səbəb olacaq. Ona görə də Saakaşvilinin hakimiyyətə qayıtmasını real hesab etmirəm. Özü də başa düşür ki, böyük siyasətdən getmək vaxtıdır".

 A. Rəşidoğlu Saakaşvili ilə Zelinskinin münasibətlərindən də danışıb:

"Hamı yaxşı bilir ki, Zelinski güclü siyasətçi deyil. Onun fors- major hadisələrə hazırlığı yoxdur. Biz koronavirus pandemiyası zamanı bunu gördük. Hətta özü də xalqın səhvlərinin nəticəsi olduğunu dilə gətirmişdi. İki siyasətçinin münasibətləri barədə proqnoz vermək çətindir. Hər halda xüsusilə Saakaşvili intriqanı xoşlayır. Amma Qərbin onları barışdırması da mümkündür".
 
                                        

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu