Koronavirus və dünya mediası...

15 ölkənin jurnalistləri video-konfrans vasitəsi ilə danışdılar

Elşad Eyvazlı: "Konsey üzvü ölkələrdə koronavirusla bağlı vəziyyət, “evdə qal” çağırışına necə əməl edildiyi və medianın bu vəziyyətdə rolu barədə ciddi müzakirələr aparıldı"



Koronavirus  bəlası həyatın bütün sahələrinə təsir etdi. Jurnalistlərsə  peşələrinə sadiq qalaraq operativliyi qorumaqla  cəmiyyəti informasiya ilə təmin etməyi  bir an da dayandırmadı.  Əksinə, cəmiyyət doğru xəbərlər alsın, şayiələr yayılmasın, insanlar  narahat olmasın  deyə, xəbər yayımı sürətini daha da artırdı. Media üçün də çətin keçir bu günlər. Cəmiyyətdə balansı qoruyub saxlamaq böyük hesabla kütləvi informasiya vasitələrinin üzərindədir. Amma nəzərə almalıyıq ki, dünya dövlətlərinin  99 faizi koronavirusla mübarizə apardığı bir vaxtda jurnalist həmrəyliyinin qorunub saxlanması da vacib məsələlərdən biridir. Bu mənada “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlının təşəbbəsü ilə  Beynəlxalq jurnalist təşkilatı olan Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) Türkiyə, Azərbaycan, Amerika Birləşmiş Ştatları,  Rusiya, Almaniya, İngiltərə, Belçika, Quzey Kipr Türk Cümhuriyyəti, İran İslam Respublikası, Yunanıstan, Bolqarıstan və digər ölkələrdəki təmsilçilərinin iştirakı ilə onlayn konfransın keçirilməsi yerinə düşüb.  Xatırladaq ki, E.Eyvazlı həm də GJC-nin xarici əlaqələr üzrə sədr müavinidir. 
Qeyd etməliyik ki, koronavirus bəlası müasir texnologiyaladan istifadəni də gündəmə gətirdi. Bir sıra dövlətlərdə müşavirələr, konfranslar onlayn qaydada keçirilməyə başladı, o cümlədən də Azərbaycanda.  Dünya mediası təmsilçilərinin də, necə deyərlər, “onlayn masa” ətrafına toplaşması təcrübəsi formalaşır artıq.   
Konfransda təşkilat üzvləri pandemiyanın öz ölkələrində  müxtəlif sektorlara, xüsusilə də mediaya təsirini onlayn qaydada müzakirə ediblər. Nəticədə maraqlı informasiyalar paylaşılıb. Dünya dövlətlərində koronavirusla necə mübarizə aparıldığına dair xəbərlər əldə edilib. Faydalı müzakirələr olub. 
CNN nəhəng qurumun bir neçə əməkdaşı virusa yoluxub  

Video konfrans GJC sədri Mehmet Ali Dim və qurumun xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının moderatorluğu ilə təşkil olunub.

Mehmet Ali Dim öncə Türkiyədəki son durum barədə qısa məlumat verib. O, koronavirus dövründə Türkiyədə medianın, xüsusilə də bölgə mediasının gerilədiyini söyləyib: 

- Türkiyədə media hazırda çətin durumdadır.  Səyyar satış və abunə ilə rəsmi elanlardan savayı gəliri olmayan bölgə mətbuatının son illərdə yaşadığı iqtisadi krizis  hazırda koronavirus səbəbindən daha da dərinləşib. Dövlətin təcili surətdə bölgə mediasına özəl dəstək paketi açıqlamasını arzulayırıq. Yaxın günlərdə Türkiyə Böyük  Millət Məclisinə iqtisadi islahatlar paketi təqdim olunacaq. Çox istərdik ki, bu paketdə bölgə mətbuatının dəstəklənməsi də əksini tapsın. Biz dəstək paketi ilə bağlı maddələr tərtib etmişik. Təmsil etdikləri bölgələrə bələd olan millət vəkillərindən də təklifimi dəstəkləmələrini xahiş etmişik.      

“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da Azərbaycanda medianın eyni durumda olduğunu, qəzetlərin satışında problem yarandığını, əvəzində saytların oxunma sayının artdığını, ancaq pandemiyaya qarşı mübarizədə ölkəsinin digər ölkələrlə müqayisədə daha ciddi tədbirlər gördüyünü və daha az  itki verdiyini dilə gətirib.

ABŞ-dan dünyaca tanınmış savaş jurnalisti İrfan Sapmaz savaşdan doyduğu üçün Amerikaya gəldiyini, ancaq burada yeni savaşla - koronavirusla mübarizə aparmalı olduğunu söyləyib: 

- Təəssüflər olsun ki, gündəlik olaraq ABŞ-da virusa yoluxanların sayı kəskin şəkildə artır. ABŞ saatı ilə Tramp hər gün 17:00-18:00 arası mətbuat qarşısına keçib ölkədə görülən işlər barədə danışır. Amma Trampın tərəfdarı olan respublikaçılar belə karantin rejiminin ləğv olunmasını istəyir. Ölkə iqtisadiyyatı ciddi ziyana uğrayıb. Təkcə 8 milyon nəfər birdəfəlik ödəmə almaq üçün işsiz kimi qeydiyyata alınıb. Tramp seçkilər qabağı bacardığı qədər büdcəni dirçəltməyə çalışır. Mediaya gəldikdə CNN kimi nəhəng media qurumunun əməkdaşlarından bir neçəsi virusa yoluxub və ev şəraitində karantindədir. Elə media qurumu var ki, koronavirusa qədər 1500 işçisi var idi, indi orada 15-20 nəfər çalışır.

Rusiya təmsilçisi Yekaterina Gündüz deyib ki, yaşadığı ölkədə insanlar virusa çox da önəm vermir: 

- Rusiyada insanlar koronavirusa bir o qədər əhəmiyyət vermirlər. Əksinə, onlar düşünür ki, sərhədlər açılsaydı Türkiyəyə dincəlməyə gedərdilər. Yəni insanlar istirahət üçün darıxıb və sərhədlərin bağlı olmasının dərdini çəkirlər.

Təşkilatın Bolqarıstan təmsilçisi Nahide Yumer bildirib ki, ölkədə  insanlara ərzaq yardımları ayrılıb və bütün paketlər dezinfeksiya olaraq ehtiyacı olan insanlara paylanılır: 

- Bunu ona görə diqqətə çatdırıram ki, iki həftə bundan əvvəl kilsədə bayram mərasimi təşkil edən bolqarlar, indi yardım paketlərinə belə diqqət edir. Ölkədə virusun qısa zaman ərzində yayılmasına səbəb karantin qaydalarının ciddi tətbiq edilməməsi oldu. İndi virusa yoluxanların sayı 1000-i keçir, ölənlərin sayı isə 50 nəfərdir. Düzdür, bu rəqəmlər az görünə bilər, amma Bolqarıstanın cəmi 5 milyon əhalisi var və bu rəqəmlər ölkə üçün əslində çox təhlükəlidir. Mediamızın da durumu bərbaddır.
Koronavirus bəlası medianın necə önəmli olduğunu göstərdi

Onlayn konfransa  Quzey Kipr təmsilçisi Sefa Karanasan da qatılıb. O da ölkəsində  yoluxma sayı haqda məlumat verib: 

- Şimali Kiprdə görülən tədbirlər nəticəsində virusa yoluxanların sayı kəskin şəkildə azalıb. Mayın 4-dən sonra bəzi iş yerlərinin açılması müzakirə olunur. Bizdə ciddi problem siyasi məsələlərlə bağlıdır. Yunanıstan tərəfdən buraya cəmi 40 min dəyərində yardım göndərilib. Bunu az qala bayram kimi təqdim etmək istəyənlər var. Ancaq Türkiyədən hər gün təyyarələrlə yardımlar gəlir. Bunu görməzliyə vururlar. Mediamızın durumuna gəldikdə isə, bütün dünyada yaşananları biz də dadırıq. 

Qurumun sədr müavini Kahraman Halısçelik  karantin rejiminin sosial medianı önə çəkməsindən danışıb: 

- Türkiyədə durum hamımıza məlumdur. Karntin rejimi artıq yavaş-yavaş yumşalmağa başlayır. Mətbuata da karantin dönəmində xeyli ziyan dəyib. Amma sədrimiz Dim sağolsun ki, yerli medianı səfərbər etməyi bacardı. Ümid edirəm ki, qarşıdakı dönəmdə bəzi sıxıntılar həll olacaq və media lazımi dəstəyi alacaq. Evdə qalaraq biz əslində sosial medianın nə qədər önəmli olduğunu anladıq. Ev şəraitində dövlət başçılarının belə onlayn qaydada konfrans etməsi artıq sosial medianın nə dərəcədə lazımlı və əhəmiyyətli olduğunu göstərir.

İran təmsilçisi Yaqub Aslani hazırda Tehranda maska qıtlığı olduğunu və spirt tapılmadığını bildirib: 

- Hazırda İranda insanları ən çox düşündürən əsas məsələlərdən biri virusa yoluxan və ölən insanların sayıdır. Çünki ancaq rəsmi mənbədən məlumat verilir ki, bu da bizə inandırıcı gəlmir. Düzdür, indi virusa yoluxanların gündəlik sayı artıq azalmağa başlayıb amma onu da deyim ki, edilən test sayı da çox aşağıdır. Belə ki, ölkədə 1750000 test edilib amma virus xəstələrinin sayı 340000 civarındadır. Bundan başqa artıq  Ramazan ayı başlayıb və həyat daha yavaş axarda davam edəcək. İnsanlar maska tapmaqda çətinlik çəkir. Spirt isə demək olar ki, tapılmır. Ancaq tanış vasistəsi ilə burda spirt tapmaq mümkündür. Medianın durumu isə daha çətindir”. 

Belçika təmsilçisi Yeliz Hacıosmanoğlu artıq vəziyyətin düzəlməyə doğru getdiyini deyib: 

- Belçikada vəziyyət artıq düzəlməyə doğru gedir. Qocalar evində ölən insanların sayı da virusdan ölənlərin siyahısan daxil edildiyi üçün bəzən virusdan itki çox görünür. Amma deyim ki, artıq karantin rejimi yumşalır və alış-veriş mərkəzləri açılır, məktəblər isə cümə günü verilən qərar əsasında açılacaq. Bizdə media dövlətdən yardım istəyir”.

Təşkilatın qurucu üzvü Aynur Tattersal deyib ki, insanlarda fərdi inkişaf müşahidə edir: 

- Hazırda insanlarda fərdi inkişafla bağlı bir çox məsələləri izləyirəm. Elə düşünürük ki, hər şey dəyişəcək və fərqli qaydada olacaq. Amma fərqində deyilik, artıq bu proses olub və hər şey tamamilə dəyişib. Hamımız iqtisadi durumdan, itkilərdən danışırıq. Amma mən bu itkilər əvəzinə bir şey söyləmək istəyirəm. Media nümayəndəsi kimi həmişə insanların dərdini dilə gətiririk. Amma dönüb özümüzə baxaq ki, əslində həyatımızda hansı dəyişikliklər oldu. Bir az bu məsələyə diqqət yetirsək, bizə də bir mesajın olduğunu anlayarıq. Hazırladığımız xəbərlərlə anlaya bilərik ki, əslində bundan əvvəl necə jurnalist idik, indi necə jurnalistik.  Müsbətə doğru xeyli işlər olacağı qaçılmazdır. 

Təşkilatın Almaniya, İngiltərə və digər ölkələrindən olan təmsilçiləri qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər. Qərara alınıb ki, koronavirus dövrü bitənə qədər videokonfranslar davam etdirilsin, “Koronavirus və dünya mediası” mövzusunda hesabat hazırlansın.
“Onlayn konfrans əməkdaşlığımızı daha da gücləndirəcək”  



Onlayn konfrans və onun nəticələri ilə bağlı “Şərq”ə danışan “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı bu konfransın əvvəlki müzakirələrdən daha faydalı oldu: 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə zirvə toplantısını məhz video-konfrans şəklində təşkil etdi. Hazırkı pandemiya dövründə bu ən uyğun və uğurlu vasitə idi. Biz də bu təcrübədən biz də istifadə etdik və beynəlxalq jurnalist təşkilatı olan KGK-də təmsil olunan ölkələrin media mənsubları ilə video-konfrans təşkil etdik. Bununla konsey üzvü ölkələrdə koronavirusla bağlı vəziyyət, “evdə qal” çağırışına necə əməl edildiyi və medianın bu vəziyyətdə rolu barədə ciddi müzakirələr aparıldı. Amma ən vacibi, bu pandemiya səbəbindən medianın zərərləri müzakirə edildi. Çünki, məlumdur, ayrı-ayrı ölkələrdə koronavirusla bağlı məlumalar verilir, informasiyalar paylaşılır, amma medianın hansı durumda olduğu bilinmir. Məsələn, Türkiyə hökuməti məhz mövcud zərərləri nəzərə alaraq bölgə mətbuatına dəstək paketi hazırlayır. Biz də bundan təcrübə kimi istifadə edə bilərik. Parlament Jurnalistləri olaraq (E.Eyvazlı həm də PJB-nin sədridir – red.) biz artıq 4 video-konfrans keçirmişik. Daha bir video-konfransa hazırlıq  gedir. Bu, Türk Dünyası Jurnalistləri Konfransı olacaq. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan media təmsilçiləri iştirak edəcək.  Hesab edirəm ki, belə bir video-görüş türk dövlətləri jurnalistləri arasında daha da yaxınlaşmanı təmin edəcək. Gələcək birgə layihələrimizin reallaşması üçün də geniş imkanlar əldə olunacaq.   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu