İlk videokonfrans sərhədləri aşdı

Jurnalistlər arasında canlı ünsiyyət, görüşlər ikitərəfli əlaqələrin daha tez möhkəmlənməsinə şərait yaradır

(əvvəli ötən sayımızda)


Koronavirus  bəlası həyatın bütün sahələrinə təsir etdi. Jurnalistlərsə  peşələrinə sadiq qalaraq operativliyi qorumaqla  cəmiyyəti informasiya ilə təmin etməyi  bir an da dayandırmadı.  Əksinə, cəmiyyət doğru xəbərlər alsın, şayiələr yayılmasın, insanlar  narahat olmasın  deyə, xəbər yayımı sürətini daha da artırdı. Media üçün də çətin keçir bu günlər. Cəmiyyətdə balansı qoruyub saxlamaq böyük hesabla kütləvi informasiya vasitələrinin üzərindədir. Amma nəzərə almalıyıq ki, dünya dövlətlərinin  99 faizi koronavirusla mübarizə apardığı bir vaxtda jurnalist həmrəyliyinin qorunub saxlanması da vacib məsələlərdən biridir. Ötən dəfə “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlının təşəbbəsü ilə  Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) 15 ölkənin jurnalistlərinin iştirakı ilə onlayn konfrans keçirmişdi. Xatırladaq ki, E.Eyvazlı həm də GJC-nin xarici əlaqələr üzrə sədr müavinidir. 

Qeyd etməliyik ki, koronavirus bəlası müasir texnologiyaladan istifadəni də gündəmə gətirdi. Bir sıra dövlətlərdə müşavirələr, konfranslar onlayn qaydada keçirilməyə başladı, o cümlədən də Azərbaycanda.  Dünya mediası təmsilçilərinin də, necə deyərlər, “onlayn masa” ətrafına toplaşması təcrübəsi formalaşır artıq. 
 
Konfransda təşkilat üzvləri pandemiyanın öz ölkələrində  müxtəlif sektorlara, xüsusilə də mediaya təsirini onlayn qaydada müzakirə ediblər. Nəticədə maraqlı informasiyalar paylaşılıb. Dünya dövlətlərində koronavirusla necə mübarizə aparıldığına dair xəbərlər əldə edilib, faydalı müzakirələr olub.
Bu dəfə isə KGK Türk dövlətləri jurnalistləri - Mərkəzi Asiya ölkələrinin təşkilata üzv nümayəndələri ilə onlayn konfrans keçirdi.

Türk jurnalistlər onlayn əlaqə yaratdı

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) Türk dövlətləri jurnalistlərinin ilk videokonfransını təşkil edib.
Konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və qonşu Tacikistandan jurnalistlər qatılıb. 
Qeyd edək ki, bu onlayn konfrans qurumun Orta Asiya üzrə koordinatoru Aidə Eyvazlının təşkilatçılığı ilə keçirilib. 
Konfrans barədə məlumatda qeyd olunur ki, müzakirələrə onlayn qaydada qoşulan türk jurnalistlər pandemiyanın yaşadıqları ölkələrin müxtəlif sektorlarına, xüsusilə də mediaya təsirini müzakirə ediblər. Video konfransda GJC-nin sədri Mehmet Ali Dim, Türk Şurasının rəsmisi Kahraman Halısçelik də iştirak edib.

Jurnalistlər ölkələrində koronavirusla bağlı son durumu bir-birinin diqqətinə çatdırıb, qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər.

Bir müddət öncə Azərbaycan Prezidenti, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən zirvə toplantısına diqqət çəkilib.
Türkdilli ölkələrin əməkdaşlığının zəruriliyi və bu istiqamətdə jurnalistlərin üzərinə düşən vəzifə geniş müzakirə olunub. Koronavirus dövründən sonra qarşılıqlı səfərlərin nəzərdə tutulduğu açıqlanıb.

“Həmkarlarımız çox çətin şəraitdə çalışır”

Konfransda müzakirə olunan məsələlər barədə “Şərq”ə məlumat verən Aidə Eyvazlı bildirdi ki, bu, türk dövlətləri jurnalistlərinin ilk videokonfransı idi: 
- Video konfransda  iştirak edən GJC-nin sədri Mehmet Ali Dim, Türk Şurasının rəsmisi Kahraman Halısçelik Mərkəzi Asiyanı təmsil edən yeni üzvlərə təşkilatın məram və məqsədləri haqqında geniş məlumat verərərək bildirdilər ki, koronovirus baş verməzdən öncə yeni üzvlərlə Ankarada bir görüş olacaqdı. Baş verən qeyri-adi vəba hadisəsi səbəbindən hər yerdə olduğu kimi, GJC-un da görəcəkləri işlər sonraya saxlanıldı. Hətta bu vəba dönəmində də beynəlxalq təşkilat buraya üzv olan bütün  dünya jurnalistlərinin və jurnalist təşkilatlarının yanındadır. Mehmet Əli Dim bildirdi ki, karantin tədbirləri bitdikdən sonra, KGK-i Özbəkistanda yeni  görüş və bir konfrans keçirməyi nəzərdə tutur.

Onlayn video-konfransda Özbəkistanın  Yaradıcı Jurnalistlər İttifaqının sədr müavini Xolmurad Salimov ölkəsində pandemiya tədbirlərinin martın 16-dan başlandığını, çox az itkilərlə yüksək professionallıq və intizam şəraitində karantin tədbirlərinə əməl olunduğunu söylədi. Ölkənin  dövlət və müstəqil televiziyaları, eləcə də kütləvi informasiya vasitələri ancaq rəsmi xəbərlərə üstünlük verir. Ölkədə qeyri-obyektiv təsir və təbliğat yoxdur. Eyni zamanda bildirdi ki, Özbəkistan Respublikası buraya könül xoşluğu ilə gələn hər bir qonağı qarşılamağa hər zaman hazır olub. Bu gün Özbəkistanda baş verən yeniliklərin dünya jurnalistlərinə təqdim edilməsinin özü gözəl bir fürsət ola bilər.

KGK-nin Tacikistanı təmsil edən nümayəndəsi, “Avesta” İA-nın rəhbəri Cəmşid Ulmasov bildirdi ki, Tacikistanda koronovirus tədbirləri görülməyib. Pandemiya elan edilməyib. Məktəblər və tədris ocaqları, iaşə obyektləi hər zaman olduğu kimi işləyir. Lakin xarici ölkələrlə kəsilən əlaqələr respublikanını həyatında - iş yerlərində artıq özünü büruzə verməkdədir. Pandemiya səbəbindən baş verən iqtisadi oynamaların təsiri Tacikistanda da özünü göstərir. Bir qayda olaraq koronovirus haqqında təbliğat aparmaq da dövlət tərəfindən yasaq elan edilib.

Qazaxıstanı təmsil edən Oljas Berkinbayev qeyd etdi ki, koronovirusla mübarizədə ölkə vətəndaşları həmrəylik göstərir, yoluxma hallarının az olması üçün dövlətin tətbiq etdiyi karantin qaydalarına riayət edirlər. İnsanlar ara məsafəni gözləyir, həmçinin evdə qalıb işləyirlər. Pandemiyanın yayılmasına görə qəzetlər bir çox ölkələrdə olduğu kimi aktivliyini itirib. Müəssisələrin işləməməsi səbəbindən qəzetlərin əksəriyyətinin çapı dayandırılıb. İnsanlar informasiyanı əsasən saytlar və sosial şəbəkələrdən əldə etməyə üstünlük verirlər. Lakin daha çox dövlətin rəsmi verdiyi rəqəmlərə istinad olunur. 
Jurnalistlər ölkələrində koronavirusla bağlı son durumu bir-birinin diqqətinə çatdırıb, qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər.

Qırğızıstandan olan  KGK üzvü Jaksılık Berdibek oğlu koronovirus pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunduğunu bildirdi. Və dedi ki, bu vəziyyətlə əlaqədar nüstəqil televiziyalar və saytlar, qəzetlər də öz işini dayandırıb. Vətəndaşlar ancaq dövlət qəzetləri və dövlət televiziyası tərəfindən məlumatlandırılır. Belə vəziyyətdə jurnalistlərin işləməsinin də ağır olmasını normal bir hal kimi qiymətləndirən, Jaksılık Berdibek oğlu  gələcəkdə KGK-nın dəstəyinə önəmli layihələrə imza atacaqlarını söylədi.

Təşkilatın sədr müavini Elşad Eyvazlı bir müddət öncə Azərbaycan Prezidenti, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən zirvə toplantısına diqqət çəkərək, burada qaldırılan məsələlərdə Türk dünyasının jurnalistlərinin bir araya gəlməsinin və birlşəməyinin böyük əhəmiyyətindən , Azərbaycan dövlətinin koronavirusa qarşı apardığı mübarizədən, görülən tədbirlərdən geniş danışdı. Və əlavə etdi ki, türkdilli ölkələrin əməkdaşlığı zəruridir və bu istiqamətdə jurnalistlərin üzərinə  böyük məsuliyyət düşür. E.Eyvazlı xatırlatdı ki, pandemiya səbəbindən təxirə düşən qarşılıqlı səfərlər qüvvəsində qalır.

Qeyd edək ki, Aidə Eyvazlı video-konfransda Özbəkistan və Qırğızıstan nümayəndələrinin danışdıqlarını tərcümə edib. A.Eyvazlı keçirilən konfransın türk dünyası jurnalistləri üçün geniş imkanlar açacağını vurğuladı: 

- Mərkəzi Asiya və Qazaxıstanda çöx fədakar və sözə dəyər verən, ölkələr arasnda dostluq və barış yaradan jurnalistlər var.Türk dünyasının və ona qonşu olan ölkələrin birliyi dünyaya barış və sülh  gətirəcək. Və onların hər biri gələcəkdə KGK-nin layihələrində yaxından iştirak etmək imkanına malik olacaqlar.

“Onlayn konfranslar qarşılıqlı əlaqələr üçün stimuldur”

Əməkdar jurnalist Azər Həsrət bu fikirdədir ki, hazırkı şəraitdə jurnalistlərin bir-biri ilə sıx təması olduqca vacibdir: 

- Dünya jurnalistlərinin, o cümlədən türk dövlətlərini təmsil edən jurnalistlərin onlayn konfranslara qatılması sevindiricidir. Ümumiyyətlə, hazırkı pandemiya şəraitində jurnalistlərin onlayn konfranslar keçirib, ölkələri barədə məlumat verib, məlumat almalarını olduqca zəruri və vacib sayıram. Onlayn konfranslar çox uğurlu layihədir. Belə layihələr hər zaman yeni perspektivlər açır. Mediamız üçün də yeni əlaqələrin qurulması, yeni iş birliyinin yaranması baxımından çox faydalıdır.  Belə layihələr ölkəmizin və təbii ki, bizim medianın inkişafının da yaxın-uzaq ölkələrdə təbliğ olunması üçün daha bir imkandır. 

Elə etməliyik ki, Azərbaycan haqqında informasiya qıtlığı olmasın. Bəzən lap yaxın qonşularımız – Rusiya, Gürcüstan, hətta qardaş Türkiyədə Azərbaycan haqqında informasiya qıtlığı yaşandığını görürük. Mərkəzi Asiya dövlətləri ilə də əlaqələr istənilən səviyyədə deyil. Bu, həmin ölkələrdə baş verən hadisələr barədə Azərbaycan insanının məlumatsız olması deməkdir. Halbuki bizim türk dövlətləri barədə informasiyaya daha çox ehtiyacımız var. Xatırlayırsınızsa, bir müddət öncə Bakıda həm islam ölkələri media nümayəndələrinin iştitakı ilə beynəlxalq konfrans keçirildi, həmçinin türk dövlətlərinin media platformasının yaradılması çağırışları səsləndi. İstər islam ölkələri, istərsə də türk dünyası  jurnalistlərinin əməkdaşlığının genişləndirilməsi çox vacibdir. Əlaqələr zamanla genişlənməlidir. Səfərlər davamlı olmalıdır. Media quruluşları arasında da əlaqələr qurulmalıdır. Belə olduqda  zaman-zaman birgə layihələr də ortaya çıxacaq. Artıq biri-birimizə inam yaranmış olacaq. Münasibətlər sıxlaşdıqca əlaqələr də genişlənəcək, möhkəmlənəcək.  O zaman artıq informasiya mübadiləsinə də başlaya bilərik. Azərbaycana aid xəbərlərin türk dünyası kütləvi informasiya vasitələrində, onların məlumatlarının bizdə yayılması, belə qarşılıqlı xəbərləşmələr, əcnəbi televiziyalarda Azərbaycanla bağlı süjetlərin, reportajların verilməsinə çalışmalıyıq. Bunlar hamısı gercəkləşməsi vacib məsələlərdir. 

Jurnalistlər arasında canlı ünsiyyət, görüşlər ikitərəfli əlaqələrin daha tez möhkəmlənməsinə şərait yaradır. Əlaqələrin qurulması üçün canlı ünsiyyətə, görüşlərə üstünlük verilməlidir. Görüşlərdə fikri daha açıq, daha dolğun ifadə etmək mümkündür. Doğrudur, müasir dünyada internet resursları böyük əhəmiyyət kəsb edir, bu, danılmazdır. Biz bunun faydasını hazırkı şəraitdə də gördük. Bu saat hamı internet imkanlarından geniş bəhrələnir. Onlayn xəbərləşmə, paylaşımlar, hamı üçün əlçatandır, xsusilə də media nümayəndədərinə. Amma qarşılıqlı səfərlər, görüşlər və canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Eləcə də, xarici ölkələrdə media quruluşlarında fəaliyyət göstərən türk həmkarlarımızla əlaqələrimiz qurulmalı və birgə fəaliyyətə meyl etməliyik. O zaman bizim ortaq informasiya siyasətimiz, bizə lazım olan, xeyrimizə olan informasiyların yayılmasını da təmin edə biləcəyik. Mediamızın beynəlxalq əlaqələri Azərbaycan həqiqətlərinin dünyada yayılmasına çox böyük rol oynaya bilər. Bu mənada onlayn konfransların keçirilməsi də əlbəttə, təqdirəlayiqdir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu