Nadir Hollenbrand: “Kimin ki, yaxın çevrəsində yoluxanlar var, onlar virusun mövcudluğuna inanırlar” - MÜSAHİBƏ


Pandemiya ilə bağlı təhlükənin ciddiliyi bütün hədləri aşıb. Virus təhlükəsi hər bir dövlətin   ümummilli işinə çevrilib.

Beynəlxalq ictimai rəydə pandemiyanın yaranması, yayılma dinamikası, sosial səhiyyə sistemlərinin sel kimi gələn virus dalğasına tab gətirə bilməsi üçün  necə davranması; alimlərin vaksinlər üzərində necə işləmələri, proseslərin qlobal biznesə və dünya iqtisadiyyatına necə ziyan vurması həssaslıqla izlənilir.
 Pandemiyadan ölən və yoluxanların sayı isə hələ də artan sürətlə davam edir. Xəstəliklə başı bəlada olan dünya ölkələri infeksiyanın qarşısını almaq üçün analoji addımlar atır.

İsveçdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü,  "Azərbaycan Naminə" Təşkilatının sədri Nadir Hollenbrand  yaşadığı ölkədəki mövcud durum, pandemiyaya qarşı aparılan mübarizə tədbirləri və cəmiyyətin yanaşması ilə bağlı  Şərq"qəzetinə müsahibə verib. 

- İsveçdə koronavirus pandemiyası ilə bağlı hazırki vəziyyət nə yerdədir?
 

- İsveç Səhiyyə nazirliyinin apardığı statistikaya əsasən hazırda  20302 nəfərin yoluxma halı qeydə alınıb,  2462 nəfər virusdan  dünyasını dəyişib, 1005 nəfər isə Covid 19 infeksiyasına qarşı  müalicə alaraq sağalıb. Qeyd edim ki, statistika 29 aprelə  aiddir.  Digər ölkələrlə müqayisədə isveç cəmiyyəti panika içində deyil, tam əksinə həyat əvvəlkindən də qaynar şəkildə davam edir. İş yerləri, məktəb və uşaq bağçaları, çoxsayli restoranlar, ticarət mərkəzləri, ərzaq mağazaları, apteklər bir sözlə hər yer fəaliyyətini virusdan əvvəl olduğu kimi davam etdirir. Sadəcə gimnaziyalar və universitetlər distant təhsil sisteminə keçib. Dövlət imtahanları payız rübünə gədər təxirə salınıb.

 - Pandemiyanın qarşısının alınması məqsədilə dövlətin gördüyü tədbirlər hansılardır?
 

- Yuxarıda da qeyd etdiyim kimi öncə gimnaziya və universitetlər bağlandı, daha sonra səhiyyə nazirliyinin rekomendasiyasına əsasən  ”iki metrlik məsafə”  qanunu çıxdı, hansınakı məktəb və uşaq bağçaları əməl edə bilmirlər. Isveçdə başqa ölkələrdən fərqli olaraq müəllimlərlə şagirdlər gün ərzində çox yaxın təmasda olurlar. Həyat yoldaşım müəllimə olduğu üçün  təhsil müəsissələrində yoluxma riskinin nə qədər çox olduğunu dəqiq bilirəm. Bilirsiniz, bu ölkədə dövlət pandemiya ilə bağlı bütün işləri Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə işçi qupuna həvalə edib.  Baş nazirin və parlamentin pandemiya ilə bağlı hər hansı bir qanun hazırlaması və cəmiyyətə  təqdim etməsi mümkün deyil. Səlahiyyət yalnız Səhiyyə Nazirliyindədir . Isveçdə pandemiyaya qarşı sadəcə  rekomendasiyalar verilir  və vətəndaşları  günlük keçirilən mətbuat konfranslarında bu məsləhətlərə əməl etməyə səsləyirlər. Pandemiya ilə bağlı daha bir qanun qəbul etdilər ki,  bu da 50 nəfərdən artıq insanın eyni məkana toplaşması  qadağası ilə bağlıdır.  Qadağanı  pozanı cərimə və  hətta həbs cəzası gözləyir. Qeyd edim ki, bu qanun da  məktəb və uşaq  bağçalarına,  ticarət mərkəzlərinə, idman zallarına və restoranlara aid deyil. Və əlbəttdəki bu qanun əhali tərəfindən birmənalı qarşılanmadı,  hər kəs çıxarılan krizis qanununlarının  "cut mesage" daşıdığını deyir. Ölkənin baş epidemoluqu Anders Tegnell bütün qərar və qanunların verilməsində ən vacib rola malikdir. Bu səbəbdən də ölkədə  ona qarşı münasibət birmənalı deyil.  Sözügedən şəxs pandemiyaya çox rassional yaxınlaşır və əsas məqsədi vaksin  çıxana qədər İsveç   xalqını  virusa qarşı immun etməkdir. Bəlkə də bu strategiya həqiqətən də uğurlu olacaq, amma indiki halda  baş nazir Stefan Löven və  baş epidemoloq çoxsaylı  insanların virus üzündən tələf olacaqlarını  gizlətmirlər. Proqnozlara görə 20000 nəfərin tələf olacağı gözlənilir. Ən çox ölü sayı qocalar evində qeydə alınıb. Lakin  Covid 19-un sadəcə yaşlı insanları və xəstələri öldürür fikirləri son zamanlar faktlarda öz təsdiqini tapmır. Yəni sağlam cavanların arasında da virusdan dünyasını dəyişənlər olur. 

- Ölən azərbaycanlı gənclə bağlı yazdığınız statusda “İsveç virusla oyun - oynayır” yazmısınız. Nəyi nəzərdə tuturdunuz? 


-  İsveç xalqı konstruktiv tədbirlərin aparılmasının lehinədir. Dövlət isə xalqı daha çox  şəxsi cavabdehlik daşımağa çağırır. Lakin  müşahidələrə görə insanlar vəziyyətin  nə qədər ciddi olduğunu anlamırlar. Gecə klubları hər cümə və şənbə günləri dolur, insanlar klublardan çıxmırlar  və bu onu göstərir ki, sərt tədbirlər görülməlidir. Həyatını itirən gəncimizə Allah rəhmət eləsin. Bu hadisə Isveçin qəzet və   saytlarının gözündən qaçmadı, əksər media orqanlarında işıqlandırıldı.

 -  Azərbaycanda ölən və yoluxanların sayının artmasına baxmayaraq, vəziyyətin ciddiliyini anlamayıb, karantin qaydalarını pozanlar, tövsiyələrə əməl etməyənlər var. Orada əhalinin koronavirusa münasibəti necədir? 


-  Vəziyyətlə bağlı panikada olanlar da var,  rassioanal münasibət sərgiləyənlər də.  Kimin ki, yaxın çevrəsində Covid 19-a  yoluxanlar var,  onlar virusun mövcudluğuna inanırlar.  Xüsusən də tibb işçiləri məsələyə ciddi yanaşır
 Çünki onlar vəziyyətin nə qədər ciddi olduğuna  hər gün xəstəxanalarda şahidlik edirlər.  Kimlər ki, pandemiyanın gedişini  kənardan seyr edir, onların dünya aləm veclərinə deyil. 

-  İş rejiminiz necədir. Əvvəlki kimi yoxsa...

- Mən bələdiyyə işçisi olduğum üçün  evdən  işləmək imkanım var.  Mənim əsas işim  kompüterlədir. Fiziki görüşlərimi də pandemiya əlaqəli  təxirə salmışam. Həyat yoldaşım isə  orta məktəbdə müəllimə işlədiyi üçün hər gün işdə olmalıdır.  Onun işi ünsiyyət və bəzən də yaxın təmaslardan  ibarət olduğu üçün risklidir. Böyük oğlum gimnaziya tələbəsi olduğu üçün evdən, distant təhsil alır. Kiçik oğlum isə orta məktəbdə oxuyur və hər gün dərsə gedib, gəlir. 

-  Özünüzü infeksiyaya yoluxmaqdan necə qoruyursunuz?

 - Əllərimi  tez-tez dezinfeksiya edirəm, hərdən  də əlcək geyinirəm. Bu qədər.   Panikada olmadığım üçün gündəlik  həyatıma əvvəlki kimi davam edirəm. 

- Pandemiya ilə əlaqədar ölkəmizə qayıda bilməyən tələbələrimiz çoxdurmu? Onlarla əlaqələriniz varmı? Durumları necədi?

 - İsveçin Lund şəhərində təhsil alan azərbaycanlı bir tələbənin Stokholmda   5 günlük yaşayışını  təmin etdik, daha sonra Azərbaycan respublikasının göndərdiyi təyyarə ilə həmin  tələbə Vətənə geri döndü. Həmçinin  də iki  azərbaycanlı turisti yaşayış  yeri ilə təmin etdik.  Bu işdə tək deyildim, bir dostum da kömək kampaniyasına qoşulmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu