“Küçələr adamla dolu, maskadan istifadə edən yox...” - Təhlükə bitməyib

“Bu virus sürətlə yoluxur. Yoluxma arealı və sayı artanda vəziyyət nəzarətdən çıxır, ölüm faizi artır. Biz bundan qaçmalıyıq” 




"Son günlərin mənzərəsi məyusedicidir. İnsanlar elə zənn edirlər ki, təhlükə artıq bitib. Küçələr adamla dolu, maskadan istifadə edən isə yox səviyyəsində. Son 2 günün statistikası da durumun mənfiyə doğru irəlilədiyini göstərir". 

 Bu sözləri “Sherg.az”a açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib. 
İnfeksiyaya yoluxma təhlükəsinin  kifayət qədər ciddi olduğunu vurğulayan baş redaktor deyib ki,  İtaliya kimi Avropa ölkəsinin, ABŞ-ın, Böyük Britaniyanın səhiyyə sistemi çökürsə, bizdə nə baş verəcəyini təsəvvür etmək çətin deyil: 

“Bu virus dəhşətli öldürücüdür, kimə yoluxsa öldürür” də demirəm. Bu virus sadəcə dəhşətli dərəcədə sürətlə yoluxur. Yoluxma arealı və sayı artanda vəziyyət nəzarətdən çıxır. Nəticədə İtaliyada, İspaniyada, ABŞ-da olduğu kimi, xəstələrin müalicəsi üçün imkanlar azalır. Beləliklə, ölüm faizi artır. Fikrimcə, biz bundan qaçmalıyıq. 

Virus yenidir və peyvəndi yoxdur. Tapılana qədər yoluxmanın sürəti və arealı mümkün qədər nəzarətdə saxlanılmalıdır ki, xəstəxanalarda yer və həkim olsun. 

Diqqət yetirsək, İtaliyada və İspaniyada tətbiq edilən sosial təcrid tədbirləri nəticə də verməyə başlayıb. Bu ölkələrdə əvvəl gündəlik ölüm sayı 1000 idisə, indi 300 civarındadır. Yoluxma sayı da azalıb. İlk vaxtlar Böyük Britaniyada da virusa münasibətdə loyal yanaşma oldu, ciddi təhlükə yoxdur, normal həyata davam edək dedilər.

Amma nəticə çox pis oldu. Son günlər Böyük Britaniyada ölüm sayı İtaliya və İspaniyadan bir neçə dəfə çox olur. Almanlar ilk gündən sosial təcridə əməl etdilər və gözəl də nəticələri oldu.

Bir sözlə, mənim də evdə oturmaq üçün ürəyim getmir, mən də uşaqlarımın çölə çıxmasını, normal həyata qayıtmasını istəyirəm. Dostlarla əylənmək, futbol qarşılaşmalarını izləmək üçün burnumun ucu göynəyir. O günlərin gələcəyini də səbirsizliklə gözləyirəm. Amma bunların tez gəlməsi üçün bir sosial məsuliyyətimiz olmalıdır. 

Sonsuza qədər evdə oturmalıyıq da demirəm. Kimin zəruri ehtiyacı və icazəsi varsa işə getməlidir. Amma maskadan istifadə edilməli, sosial məsafə saxlanılmalı, gigiyena qaydalarına əməl edilməlidir. Narahatlıq yaradan odur ki bizdə bunlar yoxdur".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu