"İnsanlara dondurulmamış toyuqları almağı məsləhət görərdim" - Birlik sədri

"Kiçik həcmli toyuqları almaq təhlükəlidir. Bir çox hallarda onlar kütləvi surətdə qırılan toyuqlar olur"

İnsanların sağlamlığına təsir edən əsas amillərdən biri, bəlkə də, birincisi, qidadır. Təzə ərzaqlarla, həmçinin meyvə- tərəvəzlə qidalanların səhhətlərində adətən  problem olmaması və daha uzun ömür yaşamaları heç də təsadüfi deyil. Amma,  görünür, bəziləri vətəndaşların həyatlarına qəsd etməyi peşəyə çeviriblər.

Belələrinin yeganə məqsədi daha çox pul qazanmaq və guya evlərinə halal pul aparmaqdır. Söhbət müxtəlif sexlərdə toyuqlara iynə vuraraq, süni yolla onların çəkisini artıranlardan gedir. Təbii ki, çəki çox olanda qiymət də artır. Amma naməlum məqamlar da var: belə toyuqların insan sağlamlığına təsiri nədən ibarətdir? Həmin iynələrin tərkibində nə var? Ən əsası, bu cür işbazlara qarşı necə mübarizə aparmaq lazımdır?

"Sherg.az" saytı olaraq bu suallarla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla danışdıq.
 O,  sözügedən sahibkarlara qarşı bir neçə dəfə mübarizə kampaniyasının aparıldığını deyib:



"Bu toyuqlar Quelino növündəndirlər. Ukraynadan gətirilirlər. Əvvəl elə bildik ki, toyuqları həmin ölkədə şişirdirlər. Sonradan isə düşmənlərin içimizdə olduğu müəyyən edildi. Necə deyərlər, sapı özümüzdəndir...Biz hələ 2017-ci ildə ciddi mübarizə tədbirləri həyata keçirdik. Əhalini bu cür toyuqları almamağa çağırdıq. Çünki "Halal" adı ilə təqdim olunan toyuqların tərkibində 40 faiz naməlum maddə var. Yəni belə toyuqlara üstünlük verənlərin sağlamlığı təhdid altındadır". 

E. Hüseynov istehlakçıları diqqətli olmağa, səhhətlərinə etinasız yanaşmamağa çağırdı: "Dondurulmuş heç bir ərzağı, o cümlədən toyuğu almaq lazım deyil. Çünki don açılandan sonra onların tərkibindəki çirk yayılır. İnsanlara dondurulmamış toyuqları almağı məsləhət  görərdim. Bu zaman isə Nazirlər Kabinetinin 94 saylı qərarının gözlənilməsinə fikir vermək lazımdır. Bələ ki, həmin qərarə əsasən toyuqlar etiketlənməli, qablaşdırılmalır. İkinci bir tərəfdən, kiçik həcmli toyuqları almaq təhlükəlidir. Bir çox hallarda onlar kütləvi surətdə qırılan toyuqlar olur və restoranlara, dönərxanalara satılır".

Ekspertin fikrincə, bu hallarla mübarizə aparmağın yeganə yolu müvafiq qurumların öz işinə məsuliyyətlə yanaşmasıdır:

"Bəzi biznes qurumları artıq öz arzularını, "qanun"larını hökumətə diktə etməyə başlayıblar. Buna yol vermək olmaz. Nə qədər ki, istehlakçı hüquqlarını qoruyan təşkilatın varlığı ilə yoxluğu arasında fərq bilinmir, belə hallar davam edəcək. Əvvəl bu qurum öz işinə ciddi yanaşmalıdır. Sonra isə bu əməli törədənlər üçün konkret məsuliyyət nəzərdə tutulmalıdır".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu