Ekspert uşaq pulunun vauçerlə əvəzlənməsini təklif edir: Daha optimaldır


Son altı gündə ikinci dəfədir ki, paytaxtdakı apteklərdən uşaq qidaları oğurlanır. Bu, cinayət hadisəsi olmaqla bərabər, həm də başqa bir mətləbə aydınlıq gətirir: deməli, uşaqlı ailələrin sosial vəziyyətləri ağırdır. Koronavirus pandemiyasının mənfi təsirləri isə onlara əlavə zərbə oldu. 

  Bu hadisələrin fonunda bir müddət əvvəl parlamentdə  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlər istər- istəməz yenidən müzakirə olunur, gündəmə gəlir. Bəs uşaq pulu, həqiqətən, məsələni həll edə biləcəkmi? Bu mexanizm necə qurulmalıdır?
  
   Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, burada differensial yanaşmaya ehtiyac var:

"Mən bu barədə dəfələrlə danışmışam. Zənnimcə, bütün uşaqlı ailələrə az miqdarda vəsait verilməkdənsə, onların bir qisminə- doğrudan da, ehtiyacı olanlara nisbətən böyük miqdarda pul verilməsi daha məqsədəuyğundur. Düzdür, belə olan halda bərabərlik prinsipi aradan qalxacaq. Amma pozitiv ayrı- seçkiliklə əvəz olunacaq. Düşünürəm ki, ikinci daha vacibdir. Onu da deyim ki, həmin ailələri müəyyənləşdirmək o qədər də çətin olmamalıdır. Əsas meyar kimi ailədəki uşaq sayı və sosial təminat nəzərə alınmalıdır".

   Ekspert uşaq pulunun ödənməsinin daha optimal yolu olduğunu düşünür: "Ailələrə nağd vəsait yox, xüsusi vauçerlərin  verilməsini təklif edərdim. Çünki bəzən valideynlər uşaq pulundan özləri üçün istifadə edə bilirlər. Lakin nağd pul mağazalardan, marketlərdən yalnız uşaq geyimləri, ərzaqları almağa imkan verən vauçer sistemi ilə əvəzlənsə bu problem həll olunar".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu