ÇAĞIRIŞ: “Sosial məsafəni gözləmək və maskada gəzmək lazımdır”

“Bu tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik”




"COVID-19”-la bağlı müxtəlif versiyalar, fikirlər səslənir. Bioloji silahdan tutmuş, təkamülə qədər hər cür əqli və əqildən uzaq, sadəcə hissiyyata, emosiyaya dayanan, qeybət üslublu fikirlərin şahidi oluruq" 

Bu sözləri "Sherg.az"a professor, tibb eksperti Adil Qeybulla deyib.  

Professorun fikrincə karantin rejimi uzun müddət davam edə bilməz:

“Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar, işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma əsas karantin davranışları sərt olmalıdır. Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu böyük tələfatla müşayiət oluna bilər!



A.Qeybullanın fikrincə,  bu gün ən optimal yol dünyanın getdiyi yoldur. Ona görə də biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik:

"İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər! Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir.  Bu ilki COVID-19 “sürpriz”i isə hər il yeni formada bizi fakt qarşısında qoya bilər. Yoluxan insanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir.  Ona görə də bu davranışa öyrəşməliyik.
Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şərf forması təklif edilsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şərf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Çox güman ki belə bir şərf və ya geyim  formasının icad olunmasına ehtiyac duyulacaq. ÜST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqoritmə bu formanı da sala bilər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu