İslahatların yeni mərhələsi: “ İdarəçiliyə bilikli kadrlar cəlb edilir”

“İslahatlar sona kimi uğurla davam etdiriləcək və bu siyasət öz bəhrəsini mütləq verəcək” 


Prezident İlham Əliyev tərəfindən həyata keçirilən  kadr islahatları bütün ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. 
Məsələ ilə bağlı öz mövqeyini açıqlayan  ictimai-siyasi xadimlərin fikrincə bu islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.

Millət vəkili Ceyhun Məmmədov da “Sherg.az”a açıqlamasında Prezidentin kadr islahatlarının digər məmurlar üçün  bir növ mesaj xarakteri  daşıdığını deyib: 

"Bu gün Azərbaycan bir çox sahələrdə islahatların yeni bir mühüm mərhələsini yaşayır. İdarəçiliyə yeni bilikli və peşəkar gənc kadrlar cəlb edilir. Qanunun aliliyi təmin olunur, rüşvətxorluğa qarşı ciddi nübarizə aparılır".   



Deputat hesab edir ki, bu istiqamətdə islahatlar və tədbirlər sona kimi uğurla davam etdiriləcək və bu siyasət öz bəhrəsini mütləq verəcək: 

"Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, qanunun tələblərini pozan, vəzifəsindən sui-istifadə edən, vətəndaşlarla kobud davranan məmurlar ciddi şəkildə cəzalandırılacaqlar. 

Ölkə başçısı son aylar bir sıra rayonların icra hakimiyyətlərinə yeni başçılar təyin edərkən bu məsələyə xüsusi toxunmuş, ciddi xəbərdarlıqlar etmiş, hər kəsi nəticə çıxarmağa çağırmışdı. Təəssüf ki, bəzi məmurlar nəticə çıxarmadılar və nəticədə belə xoşagəlməz hadisələr baş verdi.

Ortada Prezident İlham Əliyevin islahatlarla bağlı çox ciddi iradə və əzmi var. Hər kəs qanun qarşısında bərabərdir, qanun hamıya eyni qaydada şamil edilir. Bütün vəzifə sahibləri nəticə çıxarmalıdır. Nəticə çıxarmasalar, bu istiqamətdə sərt tədbirlər və həbslər davam etdiriləcək.  

Prezident dəfələrlə dövlət məmurunun xalqın xidmətçisi olduğunu, insanlara qayğı ilə, diqqətlə və həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Hər bir dövlət məmuru prezidentdən nümunə götürməlidir.

Əks halda bütün qanunları pozan məmurlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Ona görə hər kəs qanunun tələblərinə tam əməl etməli diqqətli və məsuliyyətli olmaldır". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu