Bu dünyadan heç kimə bənzəməyən şair köçdü - Fərqanə hamını sarsıtdı

"Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!" 

Bu misralar mərhum AYB üzvü, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri Fərqanə Mehdiyevanın "Daş yonanla söhbət" şeirindəndir. 
Fərqanə xanım bu sözləri yazarkən ömrünün 56-cı baharında daşyonanlara "müştəri" olacağını ağlına belə  gətirməzdi. Amma uzun sürən amansız  xəstəlik onu bu dünyadan alıb apardı.

Fərqanə Mehdiyeva 1964-cü ildə Salyan rayonunda doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Onun ölümü qələm dostlarını çox sarsıdıb. Şairi ən çox 

"Nə vaxtsa daş üstən gülümsəyəcək
İndidən gözləri dolan şəkildi"

 misraları ilə yad edən həmkarları, oxucuları sosial şəbəkələrdə onun haqqında öz təəssüratlarını bölüşüb,  vəfatından çox sarsıldıqlarını ifadə ediblər.  



Tənqidçi-alim Vaqif Yusifli Fərqanə Mehdiyevanın ən çox sevdiyi şairlərdən biri olduğunu deyib:


"Biri idi demirəm, çünki o mənim üçün həmişə diridir və diri olaraq qalacaq. Mən onun şeirləri haqqında 2 məqalə çap etdirmişəm, bir neçə icmal yazılarımda ondan söz açmışam. Fərqanənin səsi, şeir deməyi indi də qulağımdadır. Mənə elə gəlir ki, onun səsi ilə şeiri, səsi ilə ürəyi ayrılmazdır, vəhdətdədir. Mən yazmışdım ki, Fərqanə bircə "Təndir" şeiri ilə Azərbaycan ədəbiyyatında qalacaq. Amma onun neçə gözəl şeirləri var. Fərqanə Azərbaycan ədəbiyyatında heç kimə bənzəməyən şair idi. Son dəfə onu Yazıçılar İttifaqında gördüm. Bilirdim ki, çox xəstədir. Həmişə "Ulduz" jurnalında gedib onunla salamlaşardım. Salyana, Oktay Rzanın yubileyinə getməyimiz yadımdadır. Fikrət Qocanın belə bir misrası var:  Şair ölümünə inanmıram mən! Fərqanə getdi, amma onun gedişi yalnız fiziki mənada ölümdür. O yaşayır şeirləriylə, bizə qalan xatirələriylə...



Yazıçı-publisist Zemfira Məhərrəmli isə öz üzüntüsünü bu cür ifadə edib:

"Bir qış günü dünyaya gəlmişdin, Fərqanə! Düşündürən, həyati şeirlərinlə poeziyamızın bahar ovqatını, təravətini artırmışdın. Bəs ömrünün xəzan fəsli, payızı-qışı niyə belə tələsdi? İllər boyu sinə gərdiyin amansız xəstəlik qoy sevinməsin, əziz insan! Sən oxucularının sevgisini qazanmış əsl Söz adamı, poeziyamızın pərvanəsi tək ürəklərdə yaşayacaqsan. Misra-misra, söz-söz yaşayacaqsan. İndi yeganə təsəllim sənin  lent yazılarını dinləmək, şəkillərinə dönə-dönə baxmaqdır. Sən ki, belə yazmışdın:

Ağzım uzun ömrə sulandı vallah,
Qarşımda ocaqtək qalandı vallah.
Dünyada nə varsa, yalandı vallah
Dünyada tək bircə qalan şəkildi...
Yaxşı ki, bu şəkillər var...



Kulturoloq Aydınxan Əbilov: 

- İstedadlı şairə-publisist, gözəl insan, qayğıkeş dost Fərqanə Mehdiyeva da bu karantinli həyatımızdan küsüb getdi! 
Fərqanənin son illərdəki həyatı ən ağır ömür payı kimi yaddaşımda qalıb: əməliyyatları, ağrılar, həyatla çarpışmalar, bir sözlə, kədər-qəm dolu əsl yaradıcı insan taleyi! Amma simasında səmimi gülüş heç zaman əskik olmurdu! Fərqanənin poetik yaradıcılığında mənə ən çox bu şeiri təsir etmişdi: bəlkə də anamı yada saldığına görə!

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu