Zirvə görüşü təqdir edildi: “Bu, Azərbaycan Prezidentinin nüfuzu ilə əlaqədar idi”

“Heç də həmişə hər hansı beynəlxalq təşkilatın tədbirlərinə digər beynəlxalq təşkilatlar  belə həvəslə qatılmırlar”

“Qlobal pandemiya vəziyyətində beynəlxalq həmrəylik koronovirusa qarşı mübarizəni olduqca effektli edə bilər” 



Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
 Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiyaya - koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunub.

Siyasi elmlər namizədi,  millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında  “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünun keçirilməsini təqdirəlayiq addım hesab edir. Onun sözlərinə görə,  hər şeydən öncə bu beynəlxalq təşkilatın  sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarlığı və bu təşəbbüskarlığın  üzv ölkələr tərəfindən yüksək qiymətləndirilməsi kimi başa düşülməlidir:

 " Lakin bu videokonfransda təkcə Qoşulmama Hərəkatının təmas qrupu  iştirak etmirdi . Video Konfransa dünyanın ən böyük beynəlxalq təşkilatının yəni BMT –nin baş katibi, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də qatılmışdı ki, bu da ev sahibi qismində çıxış edən Azərbaycana həmin təşkilatların münasibətinin göstəricisi idi . Heç də həmişə hər hansı beynəlxalq təşkilatın tədbirlərinə digər beynəlxalq təşkilatlar  belə həvəslə qatılmırlar. Bu  ilk növbədə  Azərbaycan Prezidenti, Qoşulmama hərakatının sədri İlham Əliyevin beynəlxalq nüfuzu və  həm də  hazırda ən aktual problem olan COVİD 19 problemini bir daha  beynəlxalq ictimaiyyətin gündəliyinə  təqdim etməsi ilə əlaqədar idi". 

Millət vəkili hesab edir ki, qlobal pandemiya vəziyyətində beynəlxalq həmrəylik koronovirusa qarşı mübarizəni olduqca effektli edə bilər: 

"Lakin bəzi hallarda buna nail olmaq o qədər də asan deyil.  Bilirik ki, nəinki dünya dövlətləri arasında hətta Avropada eyni hərbi siyasi və iqtisadi blokda yer alan ölkələr belə koronovirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirə bilmədilər. Qarşılıqlı yardımlaşma və kommunikasiya  heç də arzu edilən səviyyədə olmadı. Nəticədə bu gün dünyanın 170 -dən çox ölkəsi beynəlxalq səhiyyə və maliyyə qurumlarına üz tutaraq onlardan yardım istəyir. Məhz belə mürəkkəb və çətin bir dövrdə Azərbaycanın təşəbbüskarlığı, kommunikasiya qurma bacarığı  qarşılıqlı yardımlaşmanı ən azından Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında  təmin etmək üçün cəhd göstərməsi  üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir edildi".

Millət vəkili Azərbaycanın  hər şeydən əvvəl ölkə daxilində koronovirusa qarşı önləyici tədbirlər alması, dövlətin bütün imkanları ilə öz vətəndaşının yanında olması ilə nümunə  göstərən bir ölkə olduğunu xatırladıb.  Əlavə olaraq da qeyd edib ki,   videokonfrans iştirakçılarına görülən işlər haqqında məlumat verən Prezident İlham Əliyev bu məsələlərdən də  söz açıb. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirməsi nəticəsində kütləvi yoluxma hallarının qarşısının alınmasından bəhs edib: 

" Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması bunu təsdiq edir. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Ölkəmizdə  iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Ancaq bu da görülən tədbirlərin hamısı deyil . Azərbaycan eyni zamanda ÜST başda olmaqla bəzi ölkələrə də yardım edir ki bu da hazırki çətin vaxtda əsl dayanışma və həmrəylik nümunəsidir .  Ona görə də 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilməlidir . Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlası, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Bütün bunlarla yanaşı milli təhlükəsizliyimizi təhdidi edən covid 19 pandemiyasına qarşı dövlət başçımızın həyata keçirdiyi tədbirlərin vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilməsi, Prezident İlham Əliyevin ünvanına hər gün müxtəlif regionlarımızdan çoxsaylı minntədarlıq məktublarının daxil olması da ayrıca vurğulanmalı bir məsələdir"

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu