Tarixçi məmurların psixoloji testdən keçməsini istəyir, psixoloq isə...

 Tet-a-tet  söhbətin daha effektli olduğunu düşünür


“İnsan elə varlıqdır ki, həmişə düşdüyü sistemə tabe olur. Yəni ya sisteminin tələblərinə cavab verməlisən, ya da vəzifədə oturmamalısan”




Hökumət korrupsiyaya, o cümlədən öz vəzifəsindən sui-istifadə edib, qanunsuz yollara əl atan icra başçılarına qarşı ciddi mübarizə kampaniyasına başlayıb. Məsələ ilə bağlı “Sherg.az”a danışan danışan tarixçi-alim Dilavər Əzimli təklif edib ki, hər kəs konkret postlara təyin edilməzdən əvvəl psixoloji testlərdən keçirilməlidir. 
  “Sherg.az” saytı olaraq bu təklifə münasibət bildirməsi üçün tanınmış psixoloq Azad İsazadə ilə həmsöhbət olduq. O, korrupsiyanı aradan qaldırmaq üçün psixoloji testlərin kifayət olmadığını düşünür: 

“Bu təcrübədən müxtəlif ölkələrdə geniş istifadə olunur. Azərbaycanda da hüquq-mühafizə orqanlarına qəbul edilən əməkdaşları testdən keçirirlər. Yəni yaxşı ideyadır. Ancaq nəzərə almaq lazımdır ki, belə testlər insanı rüşvətxorluqdan yayındıra bilməz. Düzdür, müxtəlif meylləri müəyyənləşdirən testlər var.  160 sualdan ibarət xüsusi testlə insanın meyllərini üzə çıxarmaq mümkündür. Bununla belə, insan elə varlıqdır ki, həmişə düşdüyü sistemə tabe olur. Yəni ya sisteminin tələblərinə cavab verməlisən, ya da vəzifədə oturmamalısan. Bu mənada kadrları yox, sistemi dəyişmək lazımdır”. 
     
A.İsazadə testlərin aparılması qaydası barədə də danışdı:

“Tet-a-tet  söhbət daha effektlidir. Amma  hər adamla canlı ünsiyyətin müəyyən çətinliklər yarada biləcəyini nəzərə almaq lazımdır. Ən azından ona görə ki, ölkədə məmurların sayı qədər psixoloq yoxdur. Bu səbəbdən də həmin adamlar əvvəlcə tərtib edilmiş testdəki suallara cavab verməlidirlər. Yalnız testin nəticəsindən sonra aşkarlanan meyillə bağlı fərdi söhbətlər aparılmalıdır”.                                                                                                         

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu