“Rizvan müəllim kimi qayğıya ehtiyacı olan jurnalistlərimiz çoxdur" - Məzahir Süleymanzadə 

"Koronavirus pandemiyası bitdikdən sonra biz müvafiq qurumlar qarşısında məsələ qaldıracağıq"

 Həmişə keçmişə ehtiramla yanaşan, klassik ənənələrə sadiq qalan “Şərq” müntəzəm olaraq veteran jurnalistlərlə həmsöhbət olur, onların qayğıları ilə maraqlanır.

Bu günlərdə uzun illər Azərbaycan mətbuatında külüng vurmuş Əməkdar jurnalist, sabiq millət vəkili Rizvan Cəbiyevlə əlaqə saxlamışdıq. Məlum olmuşdu ki, Rizvan müəllimin səhhəti, maddi durumu heç də ürəkaçan deyil. 

  Sözügedən problemlə bağlı Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadənin fikirlərini öyrəndik. O, bütün ahıl jurnalistlərin vəziyyətinin təxminın eyni olduğunu deyib:

“Rizvan müəllimin Azərbaycan jurnalistikasının inkişafında mühüm xidmətləri var. İndi onun kimi qayğıya ehtiyacı olan jurnalistlərimiz çoxdur. Sovet jurnalistinin nəyi var idi ki? Bir istedadı, bir cəsarəti, bir də əlindəkli qələmi. Düzdür, indi vəziyyət nisbətən düzəlib. Ahıl Jurnalistlər Məclisinin 300-ə yaxın üzvü var. Onların böyük əksəriyyəti ya Əməkdar jurnalist, ya da Əməkdar mədəniyyət işçisidirlər. Bu ada görə 100 manat məbləğində vəsait alırlar. Sözsüz, həmin vəsait veteran jurnalistlərimizin xidmətlərinin qarşısında çox cüzi məbləğdir. Həmin məbləğin gələcəkdə bir az da artacağına inanıram. Jurnalistlərimizi daim diqqətdə saxlayan hökumətimizin buna gücü çatır. Onu da deyim ki, təkcə mətbuat nümayəndələrinin yox, bütün ahılların diqqətə, mənəvi və maddi qayğıya ehtiyacları var”. 

 M. Süleymanzadə jurnalist peşəsinin bu məsələyə təsirindən də söz açıb.

“Jurnalistika spesifik xüsusiyyətlərə malikdir. Bu peşə nümayəndələri heç vaxt özlərini düşünmürlər, həmişə başqalarının qayğısını çəkirlər. Ona görə də onlar məcbur qalmadıqları müddət ərzində giley-güzar etmirlər. İstənilən halda veteran jurnalistlərimiz Azərbaycan mətbuatının qızıl fondudurlar. Biz onları tez-tez xatırlamağa çalışırıq. Mətbuat fədailərimizin yubileylərini təşkil etməklə həm onlara ehtiramımızı bildirir, həm də gənc nəsillə veteranlar arasında körpü yaradırıq. Çünki gənc nəslin yetişməsində ahıl jurnalistlərin rolu böyükdür. Əfsuslar olsun ki, qayğıdan kənarda qalan jurnalistlərimiz də var. Koronavirus pandemiyası bitdikdən sonra biz müvafiq qurumlar qarşısında məsələ qaldıracaq və bütün ahıl jurnalistlərimizin sosial durumunun daha da yaxşılaşmasına səy göstərəcəyik. Əsas odur, hökumətimiz heç vaxt ahıl jurnalistləri unutmur, həmişə bizə dəstək olur”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu