“Avtobuslarda sosial məsafənin saxlanılması önəmlidir, təəssüf ki...” 

"...Sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər"


Dünyada koronavirus pandemiyasına yoluxma halı tədricən azalmaqdadır. Artıq müxtəlif ölkələr sərt karantin rejiminin yumşaldılması istiqamətində  
addımlar atır. Yumşalma prosesi Azərbaycanda da həyata keçirilir: müəyyən sektorlarda iş yerləri açılır, bəzi xidmət sektorları və iaşə obyektləri fəaliyyətini bərpa edir, rayonlararası gediş-gəliş tədricən bərpa olunur.
Vətəndaşların bir qisminin evdən çıxmasına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması isə ictimai nəqliyyatda sərnişin sayının artması deməkdir.  Bu da istər-istəməz sosial məsafə qaydalarının pozulmasına səbəb olar bilər.  Bakı Nəqliyyat Agentliyinin  rəhbəri Vüsal Kərimli isə məsələ ilə bağlı açıqlamasında deyib ki,    ictimai nəqliyyatda tibbi maska taxmaq zəruridir və tələb olunur. Bu məsələnin cərimələnmə mexanizmi ilə bağlı Operativ Qərargah yaxın günlərdə açıqlama verəcək.



Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki,  müəyyən məsafə saxlamaq şərtilə avtobuslarda eyni vaxtda 30-40 nəfər sərişin daşınmasına icazə vermək olar:

"Pandemiya dövrü ilə bağlı sərnişinlərin ictimai nəqliyyatda davranış qaydaları xüsusi həssaslıq tələb edir. İctimai nəqliyyat insanların çox ünsiyyətdə olduğu, çox toplaşdığı yerlərdən biri sayılır. Odur ki, bu dövrdə avtobuslarda sosial məsafənin saxlanılması çox önəmlidir. Təəssüf ki, sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər.

Aydın məsələdir ki, bu gün bizdə avtobus sayı azdır. Azərbaycanda təqribən 2 min civarında avtobus var və indiki şəraitdə bundan artıq avtobus gətirmək mümkün deyil.

Həm "Bakubus” MMC, həm də digər daşıyıcı şirkətlər bu avtobuslarla sərnişindaşımanı maksimum şəkildə həyata keçirməyə çalışırlar. Sosial məsafənin qorunması məqsədilə avtobuslarda sərnişinlərin yalnız oturacaqlarda əyləşməsinə icazə verilir. Amma ara məsafəsini qorumaq şərtilə avtobusda ayaq üstə də sərnişin daşımaq mümkündür.

Məsələn, oturacaqlardan əlavə, əlillər üçün nəzərdə tutulan yer, avtobusun salonunun orta hissəsi də boş olur ki, bunlardan da istifadə etmək olar. Sıx təmasa səbəb olmadan, arada təqribən 1 metrlik məsafə saxlamaqla bunu etmək mümkündür.  Əksər  iş yerləri açılıb və metronun bağlı olması  vəziyyəti çətinləşdirir.  Bu baxımdan sərnişinlərin yolda qalmaması üçün qeyd etdiyim məsələləri nəzərə almaq lazımdır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu