Zeynal Məmmədli: "Yayımı dayandırmaq tamaşaçını cəzalandırmaq deməkdir, kanalı yox"

Ekspertin fikrincə daha effektiv cəza tədbirləri görülə bilərdi


Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
MTRŞ-dan verilən məlumata görə, iclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb. 
1 may 2020-ci il tarixdə “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının bir saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.
 
Media eksperti Zeynal Məmmədli bu barədə “Sherg.az”a danışarkən deyib ki, yayımın dayandırılması düzgün qərar deyil:

“Başa düşürəm, qanun pozuntularına qarşı mübarizə aparılmalıdır. Amma belə yox. Yayımın dayandırılması kimə nə verir ki? Bu, tamaşaçını cəzalandırmaq deməkdir, kanalı yox. Hərçənd ki, televiziya kanalının qeyri-peşəkarlığına görə tamaşaçı heç bir məsuliyyət daşımır. MTRŞ yayımı dayandırmaqla nə demək istəyir?!”

Z.Məmmədlinin sözlərinə görə, daha effektiv cəza tədbirləri görülə bilərdi:

“Məsələn kanallar iqtisadi formada cəzalana bilərdi. Tütün məhsullarının reklamından nə qədər pul qazanılırsa, iki-üç dəfə artıq cəza tətbiq edilməli idi ki, bir daha belə hallara yol verilməsin. Amma daha vacib məqam bu pulun hara xərclənməsindən ibarətdir. Yəni məsələ cərimələməkdə yox, məqsədyönlü addımlar atmaqdadır. Zənnimcə, belə hallarda ən ideal variant  həmin bir saatlıq müddət ərzində MTRŞ-ın müəyyənləşdirdiyi və bütün ictimaiyyətin maraq dairəsində olan proqramların yayımlanmasıdır. Xüsusilə indiki dövrdə sosial reklamlara, maarifləndirməyə böyük ehtiyac var”. 
 
 Ekspert qurumun fəaliyyətindəki çatışmazlıqlardan da danışıb:

“Yasaqları yox, “olar”ları artırmaq laızmdır. Qadağalarla nəsə etmək mümkün deyil. Həm də MTRŞ daha ciddi işlərlə məşğul olsun! O qədər ciddi problemlər var ki. Xəbər və xəbərdən doğan proqramlarda plüralizm yoxdur. Bütün tərəflərin fikirləri təqdim edilmir. İnformasiyanın nə üçün, kimdən ötrü verildiyi məlum deyil. Hərçənd ki, yayımda həqiqət axtarılmalıdır. Həm də rəsmi xəbərlər olduğu kimi səsləndirilir. Nəticədə aparıcı mübtədanın harda, xəbərin harda olduğunu bilmir, nəfəsi çatmır. Dil normaları kobud şəkildə pozulur. Uşağa aid olmayan reklamlarda uşaqlardan istifadə edilir. Sadaladıqlarım daha ciddi məqamlardır. MTRŞ-nı bunlar düşündürməlidir”.
                                                                                                 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu