“Şuşanın işğalında Rusiya Baş Kəşfiyyat İdarəsinin izinə rast gəlmişəm” 

Milli Məclisdə Şuşanın işğalının anımı mübahisəsiz ötüşməyib. Bəzi millət vəkillərinin Şuşanın işğalında o zaman hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsini günahlandırması, millət vəkili, xalq şairi, görkəmli yazıçı və publisist Sabir Rüstəmxanlının təpkisinə səbəb olub.

Millət vəkili qeyd edib ki, bəzi cavan deputatlar o dövrdəki hadisələrin içində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər: “Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar, amma xəyanətdə ittiham etmək o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Bu yanaşmaya son qoyulmalıdır”.    



“Həm Xocalı faciəsi, Şuşa və Laçının işğalında, həm də 1994-cü il hücumlarında hadisələrə  BKİ-nin təsiri kifayət qədər olub”
Milli Məclisdəki mübahisə ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Qarabağ müharibəsi iştirakçısı, araşdırmaçı jurnalist Asəf Quliyev qeyd etdi ki, Şuşanın işğalı ilə bağlı müzakirələrin bu yöndə getməsi əlbəttə, ürəkağrıdandı: 

- Sözsüz ki, Şuşanı ermənilər işğal edib və uzun illər idi ki, buna nail olmağa çalışırdılar. Bu barədə Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində də qeyd edib. Amma bu tək ermənilərin bacaracağı bir iş deyildi.

Sözsüz ki, ermənilərə dəstək verənlər olub. Amma bu AXC yox, Rusiyanın Baş Kəşfiyyat İdarəsinə satılmış şəxslər idi. Həmin adamlar müxtəlif yerlərdə mövqe tutmuşdular. Həmin dövrdə Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində o cümlədən AXC strukturlarında da belə satılmış şəxslər var idi. Onlar müxtəlif vasitələrlə sobotaj yaradırdı. 

“Ermənilər Rusiyanın dəstəyi ilə Şuşanı işğal etdilər”   
Müxtəlif araşdırmalar zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin izinə rast gəlmişəm.

Həm Xocalı faciəsi vaxtı, həm Şuşanın və Laçının işğalı vaxtı, həm də 1994-cü ildə ermənilərin iri miqyaslı hücumları vaxtı hadisələrə  BKİ-nin təsiri kifayət qədər olub. Təsadüfi deyildi ki, 1994-cü ildə Tərtərə hücum vaxtı əsir götürülmüş erməni zabitindən Rusiya Müdafiə Nazirliyinin möhürü olan xəritənin tapılması barədə də söhbətlər dolaşırdı.  Bütün bunları nəzərə alaraq birmənalı demək olar ki, ermənilər Rusiyanın dəstəyi ilə Şuşanı işğal etdilər.                                                                                             

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu