Professor ümidsizdir: Jurnalistika sənətkarlığı institutunun bərpa edilməsi  çətin məsələdir

"Amma bizim  fakültə qeyri- ixtisas sahibi olan jurnalistlər üçün təmənnasız seminarlar keçə bilər. Bizim buna imkanımız var"

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bu günlərdə mediada dil normalarının pozulması ilə bağlı "Sherg.az"a açıqlama vermişdi. O, təklif etmişdi ki, bu ixtisasa yiyələnməyən amma jurnalist kimi çalışanlar üçün Jurnalistika sənətkarlığı institutu  bərpa edilsin, əlavə seminarlar, kurslar keçirilsin. 

 U. Mirzəyevin bu təklifi barədə "Sherg.az"a danışan BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri professor Cahangir Məmmədli bunun asan olmayacağını deyib:

"Jurnalistika sənətkarlığı institutunun bərpa edilməsi özü- özlüyündə yaxşı ideyadır. Amma nəzərə almaq lazımdı ki, bu institut Jurnalistlər İttifaqının nəzdində fəaliyyət göstərirdi. İndi bu qurum özü də o qədər fəal olmadığına görə, institutun bərpa edilməsi çətin məsələdir". 

Professor məsələnin həlli üçün başqa bir təşəbbüslə çıxış edib:

"Düzdür, mediada dil normalarının pozulmasına rast gəlinir. Məncə, bizim  fakültə qeyri- ixtisas sahibi olan jurnalistlər üçün təmənnasız seminarlar keçə bilər. Bizim buna imkanımız var. Müəllimlərimizin qayğıkeşliyinə və peşəkarlığına bələdəm. Fakültəmizdə dilin bütün incəliklərinə bələd olan Nəsir Əhmədli kimi alim var. İkinci bir tərəfdən isə daim diqqət və qayğılarını öz üzərimizdə hiss etdiyimiz Mətbuat Şurasının sədri Əflatun Amaşovu, BAMF- ın prezidenti Umud Mirzəyevi, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbası, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidi, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlını və digər peşəkar media kapitanlarını da bu işə cəlb edə bilərik. İnanıram ki, onlar da həvəslə öz təcrübələrini qeyri- ixtisas sahibi olan media işçiləri ilə bölüşərlər".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu