"Prezident Rusiyanın nüfuzlu jurnalına müsahibəsi ilə  ölkəmizin həqiqətlərini geniş auditoriyaya çatdırdı" - TƏHLİL


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının may buraxılışında müsahibəsi dərc olunub. 

Sözügedən müsahibəni Sherg.az-a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov müsahibədə  prezidentin toxunduğu mühüm məsələlərin əhəmiyyətindən danışıb:

"Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü nəticəsində ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxaran və nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini bölüşüb. Prezident İlham Əliyev münaqişənin tarixinə toxunub və bildirib ki, Azərbaycan BMT-yə daxil olanda da, o, özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Bundan əlavə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməli olduğunu bildirib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibə zamanı qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri”nə toxunub, və bu “seçkilər”dən ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa bəyanatla çıxış etdiyini, ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti kimi aparıcı təşkilatların həmin “seçkiləri” tanımadığını vurğulayıb. 
Prezident İlham Əliyev öz çıxışında bir daha bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, - Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Daha bir önəmli məqam ondan ibarətdir ki, dövlət başçısı son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazandığını, bu gün ölkəmizin Silahlı Qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirdiyini və eyni zamanda Silahlı Qüvvələrin ən müasir silahlar və hərbi texnika ilə təchiz edildiyini bildirib.
Qeyd edək ki, “Global Firepower-2019”un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir. Xüsusi qeyd etmək lazımdır ki, 2006-cı ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur, eyni zamanda, biz hərbi məhsulları ixrac edirik". 

 Politoloqun sözlərinə görə, dövlət başçısı son illərdə ən müasir texnika və silahlar alındığını, onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri olduğunu bildirib:

"Prezident İlham Əliyev “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına müsahibəsi ilə yenidən ölkəmizin həqiqətlərini geniş auditoriyaya çatdırdı. Qeyd etmək lazımdır ki, bu jurnal Rusiyada və beynəlxalq səviyyədə rəsmi dövlət qurumları, diplomatlar, siyasi, hərbi ekspertlər, tədqiqatçılar və digər mütəxəssislərdən ibarət geniş auditoriyaya malikdir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu