Ekspertdən müjdə: “Testlərin ağırlıq səviyyəsində yüngülləşmə olacaq”


“Əvvəllər 40 faiz asan, 40 faiz orta, 20 faiz çətin tipli  test tapşırıqları düşürdü.  Cari ildə isə bu faiz nisbəti 40,50, 10 nisbətində dəyişə bilər”
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanları 20 iyul tarixindən sonra keçiriləcək. Buraxılış imtahanları da eyni ayda olacaq. Ali məktəblərə qəbul üçün  sənəd qəbulu bu gündən (12 may) başlayıb və 5 iyuna qədər davam edəcək.

Ötən ildən fərqli olaraq bu il imtahanın 1 dəfə keçirilməsi nəzərdə tutulub. Müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.  Martın 1-dən sonra keçirilən mövzular qəbul imtahanına salınmayacaq. Qeyd edək ki, qəbul imtahanları və buraxılış imtahanlarının iyulda keçirlməsi imtahan verəcək şəxsləri bir o qədər də sevindirmədi. 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə,  qəbul imtahanlarının bir  mərhələdə keçirilməsi nəticələrin əvvəlki illərlə müqayisədə aşağı olmasına zəmin yaradır.  Onun sözlərinə görə, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər:

“Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın müddəti 3 saatdır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğundan, abituriyent cari il üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari tədris ilində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər.
 Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün cari ildə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir.  Belə ki,  2019-cu ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür”.

Test tapşırıqlarının  asanlaşması,  situativ tipli test tapşırıqlarınının isə ləğv edilməsinə gəlincə, ekspert bunları qeyd edib: 

“Test tapşırıqlarının tipi və imtahanın gedişi ilə bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Amma bildiyim qədər bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında  test tapşırıqlarının ağırlıq səviyyəsində yüngülləşmə olacaq.  Əvvəllər 40 faiz asan, 40 faiz orta, 20 faiz çətin tipli  test tapşırıqları düşürdü.  Cari ildə isə bu faiz nisbəti 40,50, 10 nisbətində dəyişə bilər. Bu da məqbuldur. Çünki hazırlıqlı uşaqları bir- birindən fərqləndirmək üçün çətin sualların sayını minimuma endirib, asan sualların sayını artırmaq  da düzgün deyil. Bu zaman keçid balını toplayan hamı universitetə qəbul olmaq  iddiasını irəli sürəcək ki, bu da müsabiqə şərtlərinin süni şəkildə şişirdilməsi  deməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu