“Bəstəkarlar, müğənnilər məni axtarır...” – Bahar ovqatlı söhbət

“Heca vəzni şeirimizin şahıdır”

“Şeir özü elə fəlsəfə deməkdir. Adi söz yığını olanda hekayə və s. olur”




Hazırda tarixə yazılacaq günlər yaşayırıq. İllər sonra müasir vəba sayılan  koronavirusdan, yaşadığımız karantin müddətindən danışıb, onu gülərək və ya əksinə kədərlənərək xatırlayacağıq. İndi isə əsas məsələ  kritik dövrün tezliklə sona çatmasıdır. Nəzərə almalıyıq ki, pozitiv enerjimizi itirmədən, evdə qalıb qanunlara tabe olsaq, karantinin də ömrü qısalacaq. İstər oxuduğumuz kitablarda, istərsə də izlədiyimiz fimlərdə müsbətə köklənsək, günlərimiz daha gözəl və səmərəli keçəcək. 

 Biz də bu amili nəzərə alaraq, həmişə gülərüz şairə Cığatel İsaqızı ilə əlaqə saxlayıb, həmsöhbət olduq. 

"Şərq"ə bahar ətirli, xoş abu-havalı müsahibə verən şairə koronavirus haqqında fikirlərini də söylədi.
Söhbəti təqdim edirik.


-Cığatel xanım, günümüzün ən aktual və dəhşətli problemi olan koronavirusla bağlı nə deyə bilərsiniz?
-Bu pandemiya dünyanı bürüyüb. Tək bizim üçün deyil, dünyada da yayılıb. Digər  dövlətlərdə olduğu kimi hökumətimiz də xalqı  qayda - qanunlara riayət etməyə dəvət etdi. Dövlətimizə, ölkə rəhbərinə həm özümün, həm də xalqımızın adından təşəkkür edirəm. Başqa ölkələrə nisbətən bizdə yoluxma az oldu.  Bu da  qaydalara əməl etməyimizin nəticəsidir. Evdə oturmuşuq, arada icazə ilə, qısa saatlarla  televiziya verilişlərində olmuşuq.  Dəvətlər  o qədər çox deyil. Efirlərə isə qayda-qanunlara əməl edərək getmişik. 

-Yaradıcılıq işləriniz necə gedir, yazmağa davam edirsinizmi?

-Bəli, davam edirəm. Bir qələmdir, bir vərəq, bir də mən. Yazdım, pozdum, yarımçıq işlərim var idi, onları tamamladım.  İnşallah yeni kitabım  çapa hazırlanır. Bir tərəfdən də karantin rejiminin xeyri oldu. Çünki çox  vaxt ora-bura qaçmaqdan, televiziya və ya el şənliklərinə getməkdən imkan edib kitabı çapa təhvil verə bilmirdim. Onu hazırladım, nəşrə  verdim. 

-Deyirlər son zamanlar heca vəznində yazılan şeirlərə maraq azalıb, sərbəst mövzuda yazılan poeziya nümunələri daha çox maraq doğurur. Sizdə necə, oxucu auditoriyanızda dəyişiklik varmı?

- Şeirlərimin hamısı qoşmadan  ibarət deyil. Yaradıcılığımda şeirin bütün janrları var.  Səmimi deyirəm, təvazökarlıqdan uzaq da olsa, bildirim ki, getdikcə oxucularım artır. Sevənlərim, şeirlərimi istəyənlər çoxdur. Bəstəkarlar, müğənnilər məni axtarır... Bilmirəm başqasında necədir. İkincisi də, heca vəzni şeirimizin şahıdır. Hətta "Qoşmaya qoşma" şeirim var....

- Müasir dövrdə bir çox şairlərin yaradıcılığında, xeyli sayda şeirdə fəlsəfənin izlərinə rast gəlmək mümkündür. Bu məsələyə münasibətiniz necədir?

-Şeir özü elə fəlsəfə deməkdir. Adi söz yığını olanda, hekayə və s.  olur. Şeirdə  fəlsəfə yoxdursa sevilib, tarixdə yaşaya bilməz. Onu da qeyd edim ki, bəzən çox qeyri-adi fikirləri abstrakt təsəvvürlə yazırlar. Bir tamaşa var idi, deyirdi abstraktdı,  bığını göbəyinə yapışdırırdı. O cür də demirəm.  Dahilərimiz filosof olub. Hətta şeirim var: 

"Demə, şair fəlsəfədə fənadır. 
Elmi təfəkkürə şair anadır. 
Şair bir aşiqdir, şeir butadır. 
Haqqdan alıb o söz düzür
Bax səfə..
Şeir elə fəlsəfədir, fəlsəfə.

Təbii ki, şeir elə fəlsəfə deməkdir. Bu cür qəbul edirəm. Şeirdə fəlsəfə olmalıdır. Sadə, səmimi arzular, duyğular olan şeirlər də var. Çox sadə dillə deyərək, iç dünyanı  şeiriyyata gətirmək də olur.  Əsl şeir elə fəlsəfəli olmalıdır.

-Evdə qaldığınız günlərdə mütaliə edirsinizmi?

-  Yalan danışmağı sevmirəm, həddindən artıq çox kitab oxumuşam. Axır vaxtlar kitab oxumağa zamanım olmayıb. Təbii indi texnologiya dövrüdür, feysbukda, internetdə oxuyuram. Yaxşı şeir görəndə paylaşıram. 

-Ən çox kimlərin şeirlərini oxuyursunuz?

-Maşallah gözəl-gözəl, məntiqli şeirlər yazan gənclərimiz var. Elə klassiklərimizdən də, harda yaxşı şeir varsa oxuyuram. Ötəri gözümə kitabda da dəysə,  internetdə də oxuyuram. Yenə də deyirəm yalan danışmağı sevmirəm. Saatlarca, günlərcə kitab oxumağa zamanım olmayıb. İndi biraz vaxtım var, onda da ancaq kitabımı hazırlayıb çapa vermişəm.

-Ötən günlərdə Baba Vəziroğlu dedi ki, özümüzdən çox uzaqlaşmışdıq, karantin kəndimizə qayıtmaq üçün şans oldu. Bu haqqda siz nə düşünürsünüz?

  -Düz deyir, Baba müəllim çox gözəl qeyd edib. Xırda detallardan,   böyük məsələlərə qədər çox uzaqlaşmışdıq. Dəstəkləyirəm Baba müəllimin fikrini, çox razıyam. Tamamilə fikir dağılıb getmişdi. Hərə bir yana qaçırdı, bir ortam yox idi.  Elə olurdu ki, ailə üzvlərimiz bir-birimizi görməyə imkan tapa bilmirdik. Hamı bir yerə yığışdı, gözəl fikir paylaşımlarımız oldu. Məsələn, un aldım,  çörək bişirməklə məşğul oldum. Ailəmin içərisində, mənim üçün yaxşı oldu.

- Ömrün bahar çağlarını Bakıda keçirirsiniz, yoxsa Ağstafada?

-  Bakıdaydım, bir- neçə gündür gəlmişəm. Hazırda rayondayam, Ağstafadayam. Dağın ətəyinə qonaq gəlmişəm. Hava, yaşıllıq, təbiət gözəl. Ruh gözəl olanda dünyanı gözəl görürsən. Şairin də ruhu gözəl olmalıdır. Ruhum gözəl, ürəyim gözəl, eşqim gözəl. Di gəl İlham al burdan. Almasam günah özümdədir.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu