Mediada nəzəriyyə, ya təcrübə vacibdir ? ! : Fərqli qütbün mütəxəssisləri danışır – Üz-üzə...

Media nümayəndələri uzun müddətdir ki, bunu müzakirə edirlər: peşəkar olmaq üçün nəzəriyyə daha vacibdir, ya təcrübə? Adətən müəllimlər birinci amilə, baş redaktorlar isə ikinciyə üstünlük verirlər. Və onlar müvafiq olaraq konkret istiqamətlərdəki çatışmazlıqlardan gileylənirlər. Maraqlıdır, müəllim necə baş redaktor, media qurumunun rəhbəri necə pedaqoq olar? Mütəxəssislərin təklifləri, tətbiq edə biləcəyi yeniliklər nələrdən ibarətdir?

“Qəzet çevik intellektin məhsuludur”

Qulu Məhərrəmli, BDU-nun professoru: “Keyfiyyətli qəzet buraxmaq üçün praktika şərtdir. Bunu  heç kim dana bilməz. Qəzetin maketləşməsindən tutmuş dizayna qədər bütün məsələlər təcrübə tələb edir. Qəzetdə oynaq, cazibədar tərtibat olmalıdır. Dediyim məqam illüstrasiyalardan tutmuş, sərlövhəyə qədər bütün ünsürlərdə özünü göstərməlidir. Əlbəttə, ənənə qorunmalıdır. Amma unutmaq olmaz ki, qəzet çevik intellektin məhsuludur. Ən vacib amil isə məzmundur. KİV rəhbəri nəyi və necə təqdim edəcəyi barədə düşünməlidir. Dizayn, tərtibat məsələləri isə məzmundan sonra gəlir. Çarli Çaplinin filmlərini yada salın, nə səs var idi, nə də rəng. Təkcə məzmun tamaşaçını cəlb edirdi. Bu mənada mən baş redaktor olsam ilk diqqət yönəldəcəyim nüans məzmun olar. Onu da deməliyəm ki, müasir qəzetçilikdə sərbəstlik çatışmır. Həmin problem də öz növbəsində məzmuna təsir edir”. 

“Jurnalistika ilə yaşamaq lazımdır”

Elçin Şıxlı, “Ayna-Zerkolo” qəzetinin baş redaktoru:

“Mən ən azı 3-4 il BDU-da dərs keçmişəm. Yəni pedaqoq kimi təcrübəyə sahibəm. Hər seminarda qrupu yarı bölür, onlara qəzet çıxarmalarını tapşırırdım. Çünki qəzetçilik üçün təcrübə şərtdir. Sözsüz ki, nəzəriyyə də vacibdir. Nəzəriyyə özül rolunu oynayır və praktika onun əsasında inkişaf edir. Ancaq düşünürəm ki, nəzəriyyə şərti olaraq 5 saat tədris olunursa, təcrübəyə ayrılan vaxt bundan iki dəfə çox olmalıdır.  Ən əhəmiyyətlisi isə tələbənin jurnalistikaya həvəsidir. Əgər həvəs varsa, o, nəzəriyyədən də, təcrübədən də kifayət qədər yararlana biləcək. Əks halda isə ikisi də tələbə üçün faydasızdır. Necə deyərlər, quyunun dibinə su tökməklə quyu dolmaz... Hər il Jurnalistika fakültəsinin tələbələrini müxtəlif media qurumlarına təcrübəyə göndərirlər. Amma onlar bu məsələyə çox laqeyd yanaşırlar. Çünki həvəs yoxdur, konkret ixtisasa alternativ variant kimi baxırlar. Halbuki jurnalistika ilə yaşamaq lazımdır. Jurnalistikanın peşədən əlavə, həm də həyat tərzi olduğunu başa düşmək labüddür. Nəzəriyyənin, ya praktikanın daha mühüm olduğunu demək çətindir. Əsl müəllim tələbəyə nəzəriyyəni öyrətməklə yanaşı, həm də təcrübi bilikləri aşılamalıdır. Bircə gün belə qəzetdə işləməyən professor bunu necə edə bilər?!”.                                                                     

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu