"Trampın  məktubunda iki vacib ştrix var" - ANALİZ

Vaşinqton növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə açıq  dəstək mesajı verdi


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Birləşmiş Ştatların  Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyi qeyd olunub. Məktubda qeyd olunub ki,  dünyanın ən nəhəng dövlətlərindən biri Azərbaycana, onun suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edir.  D. Trampın məktubu belə bir ifadə ilə başlayır: “Birləşmiş Ştatlar  Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”. 
Bu, dünyanın əsas siyasi güc mərkəzlərindən birinin Azərbaycana açıq dəstəyidir. Məktubda həmçinin bildirilir ki, Vaşinqton Azərbaycanla beynəlxalq təhlükəsizliyi gücləndirmək fikrindədir. 

ABŞ prezidenti Donald  Trumpın Prezident Əliyevə məktubu Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstək kimi xarakterizə olunmalıdır.  Bu məktub Azərbaycanın son dərəcə ağır geosiyasi durumda nə qədər çevik manevr edə bilməsinin ifadəsidir. Ən əsası isə Vaşinqton  növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə açıq və net dəstək mesajı vermiş oldu.
Prezident Trampın adıçəkilən məktubunda diqqəti çəkən məqamlardan biri də ABŞ və Azərbaycan nəzərdə tutularaq, “iki böyük xalq və dövlət ” ifadəsindən istifadə olunmasıdır.  ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul etməsi rəsmi Bakının qazandığı diplomatik uğurlardandır. Bu,  Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir.

Beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Yeganə Hacıyevanın Sherg.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Respublika Günü münasibətilə göndərdiyi təbrik  məktubu ikitərəfli münasibətlərdə diplomatik ənənə xarakteri daşıyır. 

Donald Tramp məktubunda 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına Amerika xalqı adından səmimi salamlarını və təbriklərini çatdırır. Məktubda deyilir: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik. Xahiş edirəm, 28 May – Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.
Göründüyü kimi, Trampın məktubunda Azərbaycanın suvernliyinə birmənalı dəstək ifadə edilir. Eyni zamanda Tramp Azərbaycana Avropanın enerji təminatında oynadığı rola görə təşəkkürünü ifadə edir.  Trampın bu mövqeyi həm də qondarma “DQR”-i tanıtmaq istəyən erməni lobbisinə  tutarlı cavab kimi qəbul edə bilərik. Burda bir haşiyə çıxım ki, ABŞ prezidentinin budəfəki məktubunda digər siyasi ştrixlər mövcuddur və bu ikitərəfli münasibətlərdə həssas məqamlar üzərindən tərtib olunub. Bu məktubda da iki vacib ştrix var. Əvvəla, ABŞ Azərbaycanı Cənubi Qafqazın vacib ölkəsi kimi qəbul  edir. Bu xüsusda  Azərbaycanın Avropanın enerji təminatında oynadığı rol da yada salınır. Məktubun ana xəttini Azərbaycanın regiondakı inamlı roluna verilən qiymət təşkil edir. Ardınca Ermənistanın “DQR”-lə bağlı uydurduğu miflərə cavab gəlir. Ermənilər son iki il ərzində onları tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyib. Müxtəlif variasiyalardı “DQR”-i müstəqil bir qurum kimi proseslərə qatmaq istəyirlər. Məktubda onların saxta iddialarına da cavab verilir. Azərbaycanın  suverenliyinə ifadə olunan birmənalı dəstək elə ən gözəl cavabdır. Bununla erməni lobbisinin yaratmaq istədiyi psevdoreallıq da darmadağın edilir. Tramp mesaj verir ki, belə oyunlarda onlar yoxdur. Bizim ərazi bütövlüyümüzə verilən qiymət elə Ermənistanı işğalçı kimi tanımaq anlamına gəlir. Son illərin dəyişən reallıqları çərçivəsində bir çox beynəlxaql təşkilatların nüfuzlarını itirməsi ilə rastlaşırıq. ABŞ həm də mesaj verir ki, istənilən yenilənmənin fonunda onlar bizim ərazi bütövlüyümüzü tanıyacaqlar. Geniş mənada yanaşdıqda isə, hazırkı dönəmdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması həm də ABŞ-ın milli maraqlarına cavab verən məqamdır”.

Politoloqun sözlərinə görə, ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqaz, Azərbaycan və Gürcüstandır:

“Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin strateji komunikasiya xətlərinin kəsişdiyi, birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi, Şərq_Qərb, Şimal-Cənub tranzitləri üzrə  regiondan keçən nəqliyyat xəttləri çox önəmli rol oynayır. Söhbət tək neft və ya  “mavi yanacaq”dan deyil, həm də diğər daşınmalar və nəqliyyatdan söhbət  gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu, ABŞ administrasiyasının bölgə problemlərinə düzgün yanaşmasının ifadəsidir”.


Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu