Erməni əsilli fransızlarda qıcıq yaradan qəzet

Azərbaycanın yeganə fransızdilli qəzetinin 13 yaşı oldu

Zeynəb Kazımova: "Ölkəmiz haqqında müsbət imicin formalaşdırılması üçün hər zaman çalışırıq"

 
Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xaricidilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizmin və söz azadlığının bariz nümunəsidir. Bu ənənəni davam etdirən qəzetlərdən biri də "Le Carrefour” (Yol qovşağı) qəzetidir. 



Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 13 yaşı tamam olub. Qəzet Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. “Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa, eyni zamanda fransızdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, fransızdilli oxuculara ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırıb.
Biz müharibə şəraitində yaşayırıq və müharibəni cəbhə ilə yanaşı, informasiya sahəsində də aparmalıyıq. Çalışmalıyıq ki, erməni yalanları daha da uzağa getməsin. Ermənilər uzun illərdir, bu istiqamətdə piar işi apararaq, təəssüf ki, Avropada, məhz Fransanın özündə müsbət ictimai rəyi öz tərəfinə çəkməyə nail olub. Heç də təsadüfi deyil ki, hər zaman Fransa məhz ermənipərəst ölkə kimi xarakterizə olunub. Bu da Fransa mediasının elə münaqişənin lap əvvəllərindən daha çox birtərəfli olaraq ermənilərin mövqeyini dəstəkləməsi ilə də bağlıdır. Ermənilər uzun illər mediada müəyyən təsir imkanlarından istifadə edərək buna nail olublar. Onlar bu gün yenə də piar aparırlar. Bu baxımdan, fransızdilli media orqanı olaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizi təbliğ etmək üçün və qəzetin auditoriyasını genişləndirmək məqsədilə bütün mümkün vasitələrdən istifadə etməyə çalışırıq.
“Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb. Azərbaycan-Fransa əlaqələrinin dinamik inkişafı, bu ölkə ilə münasibətlərin intensivliyini əks etdirən xronologiya 2007-ci ildən başlayaraq “Le Carrefour” qəzetinin səhifələrində 13 illik tarixi sənədlərə çevrilib.



 2009-cu ildə qəzetin saytı (www.lecarrefour.az) fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli oxuculara Azərbaycan haqqında məlumatlar verir. “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv təmsil olunur. Qəzetin tvitter, feysbuk, instaqram səhifələri var.
Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirdiyi xarici media resursları ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. Qəzet 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (L’Union İnternationale de la Presse Francophone-UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (L’Organisation İnternationale de la Francophonie-OİF), Frankofoniya Universitetləri Agentliyinin (L’Agence universitaire de la Francophonie-AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələr qurub.
Fransada bu qəzeti Azərbaycanın yeganə frankofon qəzeti kimi tanıyırlar. Qəzet fransızdilli əcnəbilərin hər zaman böyük marağına səbəb olub, Fransa rəsmiləri ölkəmizə səfər edərkən eksklüziv açıqlamaları məhz bu qəzetə veriblər. Fransa Xarici işlər və Beynəlxalq inkişaf nazirinin müavini Florans Mangən 2017-ci ildə Bakıya səfəri zamanı eksklüziv olaraq Azərbaycan mediasına yeganə müsahibəsini məhz “Le Carrefour” qəzetinə verib. İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpən 2008-ci ildə Azərbaycana səfəri zamanı ölkənin frankofon nəşri “Le Carrefour” qəzetinin mövcudluğunu böyük maraqla qarşılayıb. Fransanın TV5Monde kanalında yayımlanan, geniş tamaşaçı kütləsinə malik “Destination Francophonie” (İstiqamət Frankofoniya) verilişinin aparıcısı milyonlarla izləyicisi olan sosial şəbəkədəki rəsmi səhifəsində “Le Carrefour” qəzeti haqqında paylaşım edərək, “Azərbaycanın yeganə frankofon qəzetini kəşf edin” sözlərini yazaraq, ölkəmizdə belə bir nəşrin olmasını vurğulayıb.
“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıqda "dəyirmi masa"lar təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar tədbir təşkil olunub. 2016-cı ildə “Le Carrefour” qəzetinin təşəbbüsü ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.
Qeyd edək ki, qəzetin fransızdilli olmasının başlıca səbəbi məhz baş redaktoru, Zeynəb Kazımovanın fransız dilinə yüksək səviyyədə bələd olması ilə bağlıdır. 
BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi nəzdində beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan Zeynab xanım ixtisasca beynəlxalq jurnalistdir. Onun sözlərinə görə, qəzetin nəşrində  məqsəd yüksək səviyyəli, xaricidilli, beynəlxalq arenaya çıxa bilən, xarici KİV-lə əlaqələr qura bilən jurnalistlər yetişdirmək idi. 
Qəzetin ötən 13 il ərzində gördüyü işlərlə bağlı danışan baş redaktor deyib ki, "Le Carrefour” qəzeti yarandığı gündən ölkədə xaricidilli medianın vacibliyini önə çəkib. 
Azərbaycanın yeganə fransızdilli media orqanı olaraq Azərbaycan həqiqətlərinin beynəlxalq mediaya daşınması istiqamətindəki  fəaliyyətlərindən danışıb: "Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırır.
"Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb".
Z.Kazımovanın sözlərinə görə, qəzetin sosial şəbəkələrdəki səhifələrində edilən paylaşımlar çox zaman erməni əsilli fransızlar tərəfindən qıcıqla qarşılanır. Onlar səhifədəki paylaşımların altındakı şərh bölümündə ölkəmiz əleyhinə şərhlər yazırlar: "Təbii ki, bunları cavablandırırıq. Lakin hərdən həddini aşdıqda, qarşı tərəfin aqressiv münasibətini gördükdə, yazdıqlarını skrin edib daha sonra silmək məcburiyyətində qalırıq. Səhifəmizi çoxlu sayda fransızlar və digər əcnəbilər izləyirlər. Ölkəmiz haqqında müsbət imicin formalaşdırılması üçün hər zaman çalışırıq. Mədəniyyətimizi, incəsənətimizi tanıtmaq üçün paylaşımlar edirik. Təbii ki, ən əsası, Qarabağ həqiqətlərinin çatdırılmasıdır. Fransada ermənilərin fəaliyyəti əsrlərə hesablanır, onlar bu sahədə həmişə işlər görüb.  Bu baxımdan, biz də çalışırıq ki, bu stereotipləri zəiflədək və Azərbaycanı düzgün formada tanıdaq. 
Qəzetin arxivinə baxmaq kifayətdir ki, "Le Carrefour” qəzetinin ölkəmizin təbliğatı üçün bir media orqanı olaraq gördüyü böyük işlərə diqqət edəsən. Fikrimcə, Azərbaycanda xaricidilli media ilə bağlı dövlət tərəfindən konsepsiya ortaya qoyulsa, bu profilli mediaya ayrıca olaraq, dövlət dəstəyi verilsə, daha məqsədəmüfaviq olar. Çünki xaricidilli medianın üzərinə bu gün daha çox məsuliyyət düşür. Ölkəmizin beynəlxalq səviyyədə təbliğatı, xarici KİV-lərlə əlaqələrinin yaradılması istiqamətində ölkədəki bu profilli mediadan istifadə etmək olar. Bu barədə mətbuatda silsilə yazılarım çıxıb, təkliflərimi vermişəm".

Qeyd edək ki, "Le Carrefour” qəzeti ayda iki dəfə 1500 tirajla nəşr olunan qəzetdir.


Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu