Nəzəriyyə də vacibdir, praktika da... 

Daha çox ünsiyyətcil, müşahidə qabiliyyəti yüksək olanlar jurnalistikada uğur qazana bilir


 Nəzəriyyə, ya təcrübə? Jurnalistikanın daimi müzakirəsi mövzusudur. Nəzəriyyəni önə çəkənlər də, təcrübəni daha vacib sayanlar da, hərəsi öz arqumentini irəli sürür, əsaslandırmağa çalışır.

Nəzəriyyə amilinin önəmini vurğulayanlar və onu əsas hesab edənlər adətən müəllimlər olur. Mətbuatda çalışanılar, media sahəsinin gülüng vuranları isə təcrübəni əsas tutur, təcrübəyə yiyələnməyi vacib faktor hesab edirlər. Bu da məlumdur ki, nəzəriyyəsiz təcrübə, təcrübəsiz də nəzəriyyə fayda verməz. Savadlı, ixtisasının əla bilicisi müəllimlər olur ki, tədris prosesində uğur qazana bilmir, məktəbli qarşısında çətin vəziyyətdə qalır. Şagirdlərin hörmətini, sevgisini qazana bilmir, nəticə etibarilə biliyini də lazımi dərəcədə şagirdə çatdıra bilmir. Jurnalistika da təxminən belədi. Jurnalist ixtisasına yiyələnmiş şəxsin media sahəsində tələb olunan səviyyədə çalışa biləcəyini kimsə proqnozlaşdıra bilməz. Yaxşı iş, fəaliyyət zamanı özünü göstərəcək. Yaxşı jurnalist olmaq üçün nəzəriyyə kifayət etmir. Qabiliyyət, istedad və bacarıq lazımdır. Bunlar isə yalnız təcrübədə üzə çıxır. Əlbəttə, jurnalistin yazı qabiliyyəti, ədəbi dil normalarını, qrammatik qaydaları bilməsi, yazı və ya reportajın hazırlanma sxeminə bələd olması – yəni təməl biliklərə sahib olması çox vacibdir. Nəzəriyyə təcrübəyə, təcrübə də nəzəriyyəyə əsaslanmalıdır. Bu məsələdə “biri var, biri yox”, mümkün deyil. Bəs jurnalistikanı, media sahəsini təmsil edənlər necə düşünür? 


Təcrübə, çevik intellekt, sərbəstlik, həvəs


BDU-nun professoru Qulu Məhərrəmli qeyd edir ki, keyfiyyətli qəzet buraxmaq üçün praktika şərtdir: 

- Bunu heç kim dana bilməz. Qəzetin maketləşməsindən tutmuş dizayna qədər bütün məsələlər təcrübə tələb edir. Qəzetdə oynaq, cazibədar tərtibat olmalıdır. Dediyim məqam illüstrasiyalardan tutmuş, sərlövhəyə qədər bütün ünsürlərdə özünü göstərməlidir. Əlbəttə, ənənə qorunmalıdır. Amma unutmaq olmaz ki, qəzet çevik intellektin məhsuludur. Ən vacib amil isə məzmundur. KİV rəhbəri nəyi və necə təqdim edəcəyi barədə düşünməlidir. Dizayn, tərtibat məsələləri isə məzmundan sonra gəlir. Çarli Çaplinin filmlərini yada salın, nə səs var idi, nə də rəng. Təkcə məzmun tamaşaçını cəlb edirdi. Bu mənada mən baş redaktor olsam, ilk diqqət yönəldəcəyim nüans məzmun olar. Onu da deməliyəm ki, müasir qəzetçilikdə sərbəstlik çatışmır. Həmin problem də öz növbəsində məzmuna təsir edir. 

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, tələbənin jurnalistikaya həvəsi önəmlidir:

- Mən ən azı 3-4 il BDU-da dərs keçmişəm. Yəni pedaqoq kimi təcrübəyə sahibəm. Hər seminarda qrupu yarı bölür, onlara qəzet çıxarmalarını tapşırırdım. Çünki qəzetçilik üçün təcrübə şərtdir. Sözsüz ki, nəzəriyyə də vacibdir. Nəzəriyyə özül rolunu oynayır və praktika onun əsasında inkişaf edir. Ancaq düşünürəm ki, nəzəriyyə şərti olaraq 5 saat tədris olunursa, təcrübəyə ayrılan vaxt bundan iki dəfə çox olmalıdır. Ən əhəmiyyətlisi isə tələbənin jurnalistikaya həvəsidir. Əgər həvəs varsa, o, nəzəriyyədən də, təcrübədən də kifayət qədər yararlana biləcək. Əks halda isə ikisi də tələbə üçün faydasızdır. Necə deyərlər, quyunun dibinə su tökməklə quyu dolmaz... Hər il Jurnalistika fakültəsinin tələbələrini müxtəlif media qurumlarına təcrübəyə göndərirlər. Amma onlar bu məsələyə çox laqeyd yanaşırlar. Çünki həvəs yoxdur, konkret ixtisasa alternativ variant kimi baxırlar. Halbuki jurnalistika ilə yaşamaq lazımdır. Jurnalistikanın peşədən əlavə, həm də həyat tərzi olduğunu başa düşmək labüddür. Nəzəriyyənin, ya praktika, hansının daha mühüm olduğunu demək çətindir. Əsl müəllim tələbəyə nəzəriyyəni öyrətməklə yanaşı, həm də təcrübi bilikləri aşılamalıdır. Bircə gün belə qəzetdə işləməyən professor bunu necə edə bilər?! 

Jurnalistikanı “əla” bitirib, jurnalistikada özünü tapa bilməyənlər…

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu günlərdə mediada dil normalarının pozulması ilə bağlı "Sherg.az"a açıqlamasında Jurnalistika Sənətkarlığı İnstitutunun formalaşması təklifi ilə çıxış etmişdi.

U.Mirzəyev bildirmişdi ki, jurnalist ixtisasına yiyələnməyən, amma jurnalist kimi çalışanlar üçün belə bir institut yaradılsa, orada əlavə seminarlar, kurslar keçirilsə, bu sahədə çalışanların təkmilləşməsi prosesi başlayar. Onlar nəzəriyyə ilə də tanış olar, təcrübə keçmək fürsəti əldə edərlər.   
Dövrümüzdə məhz dövrün tələblərinə cavab verən ixtisaslı kadrların yetişdirilməsi isə elə də asan iş deyil. Nəzəriyyəni öyrəndik, bəli, bəs praktika? Hər kəsə bəllidir ki, praktikasız yetişkin kadr kimi üzə çıxmaq mümkün deyil. Jurnalistika fakültəsini əla qiymətlərlə bitirib, hətta müəllimlərinin sevimlisi olan tələbələr var ki, jurnalistikada özlərini tapa bilməyib. Bu elə bir sahədir ki, çalışdıqca püxtələşirsən, peşəkarlaşırsan. Nəzəriyyəni praktikada uğurla tətbiq edənlər peşəkar jurnalist kimi özünü təsdiqləyir. 
Başqa bir məsələ, artıq neçə ildir jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanının tətbiq edilməsidir. Buna səbəb kimi test imtahanlarında müəyyən bal toplamış abituriyentlərin başqa fakültələrə qəbul olunmadıqda «əlacsız» qalıb jurnalistikanı seçdikləri göstərilir. Deyirlər ki, qabiliyyət imtahanı olarsa, kimin yazı qabiliyyətinin, jurnalistikaya marağının olduğu bilinəcək və bu abituriyentlər gələcəkdə seçdikləri ixtisası daha yaxşı mənimsəyəcək və bu ixtisas üzrə ürəklə, sevərək təhsil alacaqlar. Amma təcrübə artıq bunu göstərir ki, qabiliyyət imtahanı heç də hər zaman işə yaramır. Bir yazı, yaxud abituriyentlə aparılan bir neçə dəqiqəlik söhbət insanın jurnalistikaya nə dərəcədə maraqlı olduğunu, bu ixtisasa sevərək və könüllü seçərək gəlmək istədiyini aydınlaşdırmaq üçün kifayət etmir. Abituriyent qabiliyyət imtahanında yaxşı bir yazı, tələblərə cavab verən esse və sairə yaza bilər. Jurnalistika haqqında hansısa məlumatlara malik ola bilər. Amma bu abituriyentin gələcəkdə peşəkar jurnalist olacağına kimsə təminat verə bilməz. Yenə də nəzəriyyə ilə təcrübə üz-üzə gəlir. Abituriyent tələb olunan səviyyədə material yazdı və jurnalistikaya qəbul olundu, amma həm təhsil aldığı müddətdə, həm də sonra, artıq jurnalist kimi çalışmağa başladığı zaman təcrübə keçməyəcəksə, peşəkar ola biləcəkmi?
    
Peşəkarlara həmişə ehtiyac var
        
Dünyanın hazırkı durumunda ölkəmizə peşəkar media adamları çox lazımdır. Torpaqları işğal altında olan, münaqişə və müharibə şəraitində yaşayan Azərbaycanın həqiqətini dünya ölkələrinə və vətəndaşlarına çatdıracaq peşəkar jurnalistlərə ehtiyacı var. Bəli, bu gün mediamızda peşəkarlar var və hətta yetərincədir, deyə bilirik. Bəs sabah necə olacaq? 
Bir halda ki, tələbələr jurnalistikanın sirlərinə yiyələnmək və müasir dövr mediasının tələblərinə uyğun peşəkarlıqlarını artırmaq üçün 4 illik uzun bir yol keçirlər, qabiliyyət imtahanı nəyi dəyişir?        
Qeyd edək ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiqi ilə bağlı fikirlər müxtəlifdir. Qabiliyyət imtahanlarını lazımlı, gərəkli hesab edənlər də var, bunun lüzumsuz olduğu fikrini irəli sürənlər də. Amma Azərbaycanda müasir jurnalistika məktəbinin yaradıcısı və peşəkarları sayılanlar qabiliyyət imtahanlarının gərəksiz olması üzərində dayanır.  

Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bu fikirdədir ki, jurnalistika ixtisasına qəbul prosesində həyata keçirilən qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərir:
 
- Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır. Qabiliyyət imtahanından bir dəfə az sayda abituriyentin keçməsini təsadüf hesab etmək olar. Amma vəziyyət təkrarlanırsa buna təsadüf deyə bilmərik. Əgər fakültəyə qabiliyyət imtahanı ilə bağlı eyni problem yaranırsa, deməli, prosesdə nöqsanlar var. Həqiqətən də aşağı bal yığan abituriyentlər jurnalistikaya gəlir. Onların ümumi dünyagörüşü, bilik səviyyəsi bizi təmin etmir. Bu hal narahatlıq yaradır. Jurnalistika fakültəsində dərs deyən bir müəllim kimi bunun şahidiyəm. İstərdim ki, qaydaların üzərində yenidən işlənsin, yeni qaydalar müəyyənləşdirilsin.  

Zeynal Məmmədli: «Jurnalistin müşahidə qabiliyyəti və ünsiyyət bacarığı olmalıdır»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə hesab edir ki, nəzəriyyə, praktika ilə yanaşı, şəxsi keyfiyyətlər də çox önəmlidir.
Ünsiyyətcil, müşahidə qabiliyyəti yüksək olanlar jurnalistika sahəsində uğur qazana bilir: “Nəzəriyyə də vacibdir, praktika da. Qabiliyyət imtahanı isə lazım deyil. 17 yaşlı gənc nəyi dərk edir ki, nəsə bir şey də yazsın. Jurnalist yazıçıdan fərqli olaraq yalnız həqiqətləri yazmağı bacarmalıdır. Əvvəllər qabiliyyət imtahanında hər hansı bir mövzuda inşa verilirdi. Məgər inşanı yazmaq qabiliyyəti olmaq deməkdir? Qabiliyyət imtahanının önəmsizliyini qeyd edən müsahibimiz bunun əvəzində gənclərin psixoloji testdən keçirilməsini önəmli hesab edir: «İstedadlı gəncləri yetişdirmək üçün öncə onları psixoloji testdən keçirmək lazımdır. Bu zaman uyğun situasiyalar yaradılmalıdır. Məsələn, hansısa nömrəni yığıb dəstəyi həmin gəncə uzatmaq və bununla da onun tanımadığı şəxslərlə necə ünsiyyətə girmək məharətini yoxlamaq. Yaxud da baş verən ən son olayın o şəxs tərəfindən hansı sürətlə axtarıldığını yoxlamaq”.

Z.Məmmədli jurnalistlərin ünsiyyətcil və sağlam psixikaya malik olmasını xüsusilə vurğuladı:

“Keçirilən psixoloji testlə həmin gəncdə bu keyfiyyətlərin olub-olmadığını, həmçinin də onun müşahidə qabiliyyətini yoxlamaq olar. Çünki jurnalistikada müşahidə qabiliyyəti də çox önəmlidir”. 
Jurnalist yaradıcı şəxs olduğundan onun qabiliyyəti, bacarığı, baş verən hadisələr haqda düzgün mülahizələri, şərhləri, icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri biz jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır. Bu mənada jurnalistdən xəbəri hazırlayarkən yüksək peşəkarlıq, ixtisası mənimsəməklə yanaşı, insanları inandıra bilmək bacarığı da tələb olunur.      
Jurnalistika da yaradıcı sahədir və aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur. Hazırda bir sıra universitetlərdə jurnalistika fakültələri fəaliyyət göstərir. Lakin təəssüf ki, bu fakültələrə daxil olanların müəyyən qismi başqa ixtisasa balı çatmayanlardı. Məlumdur ki, ixtisas seçimi zamanı hər bir abituriyent 8 ixtisası kodlaşdırır. Öncəki iki sırada hər kəs ən çox arzuladığı istiqaməti qeyd edir. Həmin yerlərə qəbul ola bilməyən tələbələr beşinci, altıncı, yaxud da ən son sıralarda kodlaşdırdıqları fakültələrə düşürlər.
Jurnalistika bütün dövrlər üçün məsuliyyətli peşədir. Lakin bu ixtisası arzulamayıb, «əsas odur ki, hansısa ali məktəbə daxil olum, bir ilim boş keçməsin, zaman itirməyim» prinsipi ilə qəbul olunanlar peşəkar jurnalist kimi yetişməsi çətindir. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu