Deputat Trampın məktubundan danışdı: “Dünya ölkələri Azərbaycana etibar edir”  

“Amerika Birləşmiş Ştatları Azərbaycan müstəqilliyini elan etdiyi dövrdən ölkəmizin müstəqilliyin tanıyır, dəstəkləyir və sıx əməkdaşlıq edir”

“Hazırkı mərhələdə bu dəstək Azərbaycan üçün xüsusi önəm daşıyır” 



Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Birləşmiş Ştatların  Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyi qeyd olunub: " Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər.  Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus  pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi  Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Məktubun məzmunundan da göründüyü kimi, dünyanın ən nəhəng dövlətlərindən biri Azərbaycana, onun suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edir. 


Trampın məktubunu şərh edən millət vəkili Ceyhun Məmmədov da  “Sherg.az”a açıqlamasında bu  gün müstəqil və güclü Azərbaycanın  dünyada etibarlı tərəfdaş ölkə kimi tanındığını deyib. Onun sözlərinə görə,  dünya ölkələri Azərbaycana inanır və etibar edir: 

" Azərbaycan bu uğura Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aktiv xarici siyasət nəticəsində nail olub. Bu siyasət nəticəsində müasir dövrdə ölkəmiz müxtəlif beynəlxalq mötəbər tədbirlərin keçirdiyi məkana çevrilib. 
28 may Respublika Günü münasibətilə dünya ölkələrinin başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı təbriklər ölkəmizin nüfuzunun ildən-ilə daha da artdığını, etibarlı tərəfdaş kimi tanındığını bir daha təsdiq edir. Azərbaycan bütün bu uğurlara Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət nəticəsində nail olub.
Bu gün Azərbaycanla bir çox Qərb dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatları arasında ikitərəfli siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan Amerika ilə enerji təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edir və hər iki tərəf bu əlaqələri yüksək dəyərləndirir". 


Azərbaycan bu uğura balanslaşdırılmış xarici siyasət nəticəsində nail olduğunu vurğulayan millət vəkili əlavə edib:

 " Prezident Donald Trampın 28 may Respublika Günü münasibətilə ünvanladığı təbrikdə də qeyd edildiyi kimi, bu əlaqələrin 30 illik tarixi var. Amerika Birləşmiş Ştatları Azərbaycan müstəqilliyini elan etdiyi dövrdən ölkəmizin müstəqilliyin tanıyır, dəstəkləyir və sıx əməkdaşlıq edir. Hazırkı mərhələdə bu dəstək Azərbaycan üçün xüsusi önəm daşıyır. 

Amerika Birləşmiş Ştatları eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, sülhə nail olunması istiqamətində aparılan danışıqlarda aktiv iştirak edir. İki ölkə arasında əlaqələrin inkişafı və gücləndirilməsi bu baxımdan da xüsusi əhəmiyyət daşıyır. 

Bütün bunlar isə bir daha Azərbaycanın nüfuzunun dünyada günü-gündən artdığını, dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiq edir və ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfəsini verir.  

Azmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 may Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin maraqlı olduğunu və növbəti illərdə bu əlaqələrin daha da inkişaf edəcəyinə dəlalət edir. Bunun üçün hər iki ölkədə istək və əzm vardır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu