Vəziyyət dəyişib ! - “Qanunu pozan telekanallar cəzalanacaqlar”

"Administrativ cəzaların tərəfdarı deyiləm. Amma görünür, yeni və qanuni platformanın formalaşması üçün buna ehtiyac var"

“MTRŞ əvvəl kanal rəhbərləri ilə xəbərdarlıq xarakterli müşavirə keçirməlidir”


Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

İclasda, həmçinin 7-10 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

9 may 2020-ci il tarixdə ARB televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ARB televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Müşahidələr göstərir ki, son vaxtlar analoji hadisələr tez-tez təkrarlanır. Məgər kanal rəhbərlərinin qanundan xəbərləri yoxdur? Ya da, ola bilsin, qanuna etinasız yanaşırlar. Ancaq bütün hallarda səbəblər müəyyənləşməli və yayımın dayandırılması ilə nəticələnən neqativ amillər aradan qalxmalıdır. Çünki yayımı dayandırmaq həm də tamaşaçını cəzalandırmaq deməkdir. Halbuki izləyicinin heç bir günahı yoxdur. 



Məsələ barədə "Sherg.az"la fikirlərini bölüşən media eksperti, BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli kanalları qanunun tələblərinə əməl etməyə çağırdı:

"Mən MTRŞ-nın bu addımlarını məqbul hesab edirəm. Çünki qanunda efir yayımının qaydaları müəyyənləşib. Kanallar həmin tələblərə əməl etməlidirlər. Amma, məncə, MTRŞ əvvəl kanal rəhbərləri ilə xəbərdarlıq xarakterli müşavirə keçirməlidir. Çünki qurumun əvvəlki sədri qaydalara o qədər də məhəl qoymurdu. Kanal rəhbərləri bilməlidirlər ki, vəziyyət dəyişib, qanunu pozacaqları halda cəzalanacaqlar".

Ekspertin sözlərinə görə, yeganə tələb olunan məqam yayıma ciddi yanaşmadır: "Qanunda heç bir dəyişikliyə ehtiyac yoxdur. Bunlar texniki məsələlərdir. Redaksiya kollektivləri nəyi necə etmək lazım olduğunu yaxşı bilirlər.  Sadəcə məsuliyyət lazımdır. Mən administrativ, ciddi cəzaların tərəfdarı deyiləm. Amma görünür, yeni və qanuni platformanın formalaşması üçün buna ehtiyac var".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu