Gəncləri kriminaldan necə uzaqlaşdıraq ? - Təhsil, təhsil, bir də təhsil !


“Gənclərin yanlış yolda olmasının hamısı kütləvi savadsızlıqdan irəli gəlir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində belə problemləri təhsil həll edir”


“Azərbaycan kimi kiçik toplum üçün gündəlik baş verən cinayətlər olduqca çoxdur”


Zaqatalada orta məktəb şagirdi 1-ci kurs tələbəsini bıçaqlayaraq qətlə yetirib. Hadisə rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib.
Mosul kənd sakinləri olan 16 yaşlı Əli Arzuman oğlu Əliməmmədovla 18 yaşlı İlyas Teymur oğlu İlyasov arasında şəxsi münasibətlər zəminində dava düşüb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb.

Hadisəni törədən Ə. Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İ.İlyasov isə Gürcüstan Respublikasında birinci kurs tələbəsidir.



Hadisəni dəyərləndirən sosioloq Sahib Altay “Sherg.az”a bildirib ki, adətən baş verən cinayətlərin əksəriyyəti küt alətlər və soyuq silah vasitəsilə aparılır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən soyuq silahın insan üzərində daşınması qadağandır:

“Soyuq silahın bir növu də bıçaqdır. Əksər cinaytlərdə bıçaqdan istifadə olunur. Ümumiyyətlə, cinayətkarlığı formalaşdıran amillər çoxdur. Dünyanın bütün ölkələrində qətl, qan tökmək, baş kəsmək, insan öldürmək var. Sadəcə olaraq say nisbəti və səbəblər fərqlidir. Hər halda bu gün mediada yayımlanan cinayətlərə baxdıqda Azərbaycan kimi kiçik toplum üçün gündəlik baş verən cinayətlər olduqca çoxdur. Cinayətləri formalaşdıran müxtəlif səbəblər var: sosial-maddi problemlər və bu problemlərdən doğan psixoloji gərginliklər”.

Sosioloq qeyd edib ki, adətən gənclər həbs həyatını dərk etmirlər və sonra peşman olurlar:

“Gəncləri kriminaldan yayındırmaq üçün yeganə yol təhsil vasitəsilə onlara hüququn önəmli olduğunu aşılamaqdır. Məişət problemləri, gənclərin yanlış yolda olmasının hamısı kütləvi savadsızlıqdan irəli gəlir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində belə problemləri təhsil həll edir. Təhsil sadəcə universitetə qəbul olunmaq və diplom almaq üçün deyil. Təhsilin mahiyyəti insanlara  həyatı öyrətmək, sivilizasiyanın qaydalarına uyğun yaşamaq, mədəniyyətli olmağı təlqin etməkdir. Uşaqlar təhsilə meyl etmədikləri üçün belə cinayətlər baş verir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu