“Dünya birliyi Paşinyanı və babasını sərt şəkildə qınamalıdır”

“Faşizm xəmiri və terrorçuluq mayası ilə yoğrulmuş erməniçilik bütün xalqlar qarşı da təhlükə yarada bilər"


“Ermənistanın istər dövlət rəmzlərində, istərsə də müxtəlif siyasi təşkilatlarının atributlarında faşizm çalarları mövcuddur. Bu zaman bütövlükdə erməniçilik xislətində faşizm ideologiyasının kök saldığı qənaətinə gələ bilərik". 
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Analitikin sözlərinə görə, Nikol Paşinyan babasının “qəhrəmancasına” həlak olması barədə fikir bildirərkən, əslində özü-özünün ifşasına səbəb olub: 

“İfşa faktlarını məhz ermənilərin "İrvanuk" qəzeti araşdıraraq ictimailəşdirdi. Məlum oldu ki, bu adam satqınlıq edərək, düşmənlə iş birliyinə gedib, üstəlik xüsusi erməni legionunda fəallıq göstərib. Bu fakt isə, kimsədə təəccüb yaratmamalıdır. Çünki daha bir danılmaz fakt budur ki, Ermənistanın paytaxtında və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəlləri ucaldılıb. Məhz bu cəhətdən də deyə bilərik ki, Nikol Paşinyan və bütövlükdə Ermənistan dövləti faşizmə olan rəğbətini bariz şəkildə sərgiləyir".

B.Quliyev qeyd edib ki, Paşinyanın faşist ideologiyasına hüsn-rəğbətini gizlətməməsi və ya faşist legioneri olan babasını sovet döyüşçüsü kimi təqdim etməsi cəhdinin ifşası bilavasitə erməniçilik sindromunun qəddarlıqla sintezlik təşkil etdiyini isbatlamış olur:

“Hələ 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq, bu reallığı bir daha dünyaya bəyan etmişdi. Ölkə başçısı Ermənistanda belə halların baş verdiyini vurğulayarkən bildirmişdi ki, orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Göründüyü kimi, həmin mənfur siyasət bu gün də davam edir və hətta ölkənin başçısının babası üçüncü Reyxə nökərçilik edib. Hesab edirəm ki, bu gün dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti kökündə terrorçuluq, faşizm ideologiyası dayanmaqdadır. Bu baxımdan, Nikol Paşinyanın və legioner babasının ifşası diqqətə alınmalı, dünya birliyi, müvafiq beynəlxalq insan haqları təşkilatları tərəfindən sərt şəkildə qınanmalıdır. Bir daha sübut olunmalıdır ki, faşizm xəmiri ilə, terrorçuluq mayası ilə yoğrulmuş erməniçilik - ultramillətçilik ideologiyası yalnız azərbaycanlılara qarşı deyil, digər xalqlara, millətlərə qarşı da təhlükə yarada bilər".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu