“Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq” - Millət vəkili

“Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir”

“Bu ölkələr iqtisadi və geniş hüquqi islahatlar sahəsində sıx əməkdaşlıq edir”



Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Birləşmiş Ştatların  Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyi qeyd olunub.  D. Tramp Dünyanın ən nəhəng dövlətlərindən biri Azərbaycana, onun suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edib. Bu qeyd  dünyanın əsas siyasi güc mərkəzlərindən birinin Azərbaycana açıq dəstəyi kimi qəbul olunur.  Məktubda həmçinin Vaşinqtonun Azərbaycanla beynəlxalq təhlükəsizliyi gücləndirmək fikrində olduğu bildirilib.
  
Prezident Trampın adıçəkilən məktubunda diqqəti çəkən məqamlardan biri də ABŞ və Azərbaycan nəzərdə tutularaq, “iki böyük xalq və dövlət ” ifadəsindən istifadə olunmasıdır.  ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul etməsi rəsmi Bakının qazandığı diplomatik uğurlardandır. Bu,  Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir.

Millət vəkili Aydın Hüseynovun  “Sherg.az”a açıqlamasına görə,  ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezident İlham Əliyevə ünvanladığı məktubda  ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkərək  dövlətimizin ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması  xüsusi vurğulanır. 

Eyni zamanda bu məktub iki ölkə arasında qarşılıqlı münasibətləri, təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını təsdiqləyir.

Deputat  deyib ki, Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir: 

"Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastrukturlar, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğu üçün Azərbaycanın başlatdığı Qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur və ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərininin inkişafında təkanverici faktora çevrilib”.

A.Hüseynov əlavə edib ki, ABŞ Minsk qrupunun həmsədri və beynəlxalq münasibətlərin aparıcı qüvvəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir:

"ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində çoxtərəfli beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsində və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir".

Millət vəkilinin fikrincə,  ABŞ Azərbaycanla iqtisadi və geniş hüquqi islahatlar sahəsində də sıx əməkdaşlıq edir, açıq iqtisadi əlaqələrin intensivləşməsi üçün dəstəyini əsirgəmir:

"Bundan sonrakı dövrdə ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu