"Qarabağa gedib çıxmaq üçün yol görünür" - MÜSAHİBƏ

Tural Gəncəliyev: "Biz elə addımlar atmalıyıq ki, mənzil başına sağ-salamat gedib çıxa bilək"

Hərbi əməliyyatlar isə qaçılmaz vəziyyət yarananda baş tutacaq və məsələ də bitəcək





Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Şərq”in suallarını cavablandırıb. Söhbəti təqdim edirik.

- Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistərlə əməkdaşlığını sübut edən sənədlər yayması da son günlərin müzakirə mövzusudur.  Artıq Ermənistanın özündə və Rusiyada müəyyən siyasi dairələr buna etiraz edirlər. Bu məsələ Rusiya- Ermənistan münasibətlərinə nə kimi mənfi təsir göstərə bilər?

- Sözsüz ki, faşizm elementi olan hər bir ünsür Moskvanın qıcığına səbəb olur. Nikol Paşinyanın babası faşistlərlə yanaşı, digər qara qüvvələrlə də əməkdaşlığı üzə çıxa bilər. Ona görə də, bu, Rusiyanın qəzəbinə səbəb olur.  İkinci Dünya Müharibəsində keçmiş SSRİ- ordusunun tərkibində faşistlərə qarşı döyüşən minlərlə azərbaycanlı öz həyatını itirib. Bu, SSRİ xalqlarının qarşılaşdığı ümumi bir bəla olub. Lakin N.Paşinyan bu faşizm bəlasını babasının vasitəsilə reklam edir. Mən Rusiya mediasını da izləyirəm. Bu məsələyə rusiyalı ekspertlər, politoloqlar çox tənqidi yanaşırlar. Paşinyan bundan dərs götürməlidir. O  babasının yolu ilə getməməlidir. Demokrat obrazı ilə hakimiyyətə gəlib. O əməllərində də demokrat olmalıdır. Biz ədalət tələb edirik. Biz əzəli torpaqlarımıza qayıtmaq istəyirik. Biz sülh istəyirik. Müharibə istəmirik. 30 ilə yaxındır ki, bir miliyon azərbaycanlı öz yurdundan didərgin düşüb. Əgər Paşinyanda o cəsarət varsa buyursun öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsın. Onda biz deyərik ki, Paşinyan babasına oxşamadı.

- Azərbaycanın işğal olunmuş ərazilərinə qanansuz səfərlər təşkil olunur. Gah Paşinyan, gah hakimiyyət nomenkulaturasında təmsil olunanlar, gah da İrəvana səfər edən xarici qonaqlar ərazilərimizə qanunsuz səfərlər edirlər. Bununla da qondarma rejimi leqallaşdırmaq niyyəti güdürlər. Doğrudur, Azərbaycan tərəfi buna kəskin reaksiya verir...

- Biz də ermənipərəst xarici dairələrin nümayəndələrinin Dağlıq Qrabağa qanunsuz səfərlərini müşahidə edirik. Ermənistanın baş naziri də tez tez Qarabağa gəlir. O, işğalçı ölkənin başında durur və açıq şəkildə işğalçı olduğunu göstərir.  Helikopterlə Qarabağa gələndə çox böyük qorxu, həyəcan içində olur. Çünki ərazimizə daxil olan hər bir hərbi texnikanı Silahlı Qüvvələrimizin radarları izləyir. Qarabağa gələn xarici qonaqların çoxunun vəziyyətdən xəbəri yoxdur. Onlar İrəvana gəlirlər, sonra onları aldadaraq gəzdirə-gəzdirə Dağlıq Qarabağa gətirirlər. Bundan sonra erməni təbliğat maşını işə düşür. Amma bütün bunların heç bir nəticəsi və effekti olmayan səfərlərdir. Buna dair BMT-nin sənədləri var, üstəgəl, ATƏT –də qanunsuz səfərləri pisləyir. Ermənistanın bütün planları müvəffəqiyyətsizliyə düçar olub və olacaq. Tam əminəm ki, bu onlar üçün nəticəsi olmayan bir işdir. 

- Zaman-zaman ATƏT –in Minsk Qrupunda təmsil olunan həmsədr ölkələrin digər ölkələrlə əvəzlənməsi məsəsləsi gündəmə gəlir və yaxudda 30 ilə yaxındır aparılan danışıqların nəticəsizliyi əsas gətirilərək bu vasitəçilik missiyasından imtina məsələsi təklif olunur. Sizin mövqeyiniz necədir?

- Hazırda münaqişənin həlli ilə bağlı Minsk qrupunun 3 həmsəd ölkəsi vasitəçilik missiyasını həyata keçirir. Onlardan əlavə, ATƏT -ə üzv olan ölkələr -Türkiyə, Almaniya, Finalandiya, İsveç, İtaliya Belarus və başqaları var. İcmanın sədri kimi fəaliyyətə başlayandan sonra Bakıda adıçəkilən dövlətlərin səfirləri ilə görüşlər keçirmişik. Onları münaqişənin həllində aktiv olmağa çağırmışıq. Doğrudur, ATƏT –in fəaliyyəti nəticə verməyib. Həmsədrlər illərdir, danışıqlarda vasitəçilik edirlər, lakin Ermənistanın işğalşılıq siyasətinə son qoyulmayıb. Münaqişənin həlli hələ ki, baş tutmayıb. Amma Azərbaycanın bütün digər üsullardan istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Biz danışıqlarda iştirak etməliyik. Danışıqlarda konstruktiv mövqeyimizi davam etdirməliyik və zəmin yaranan kimi, digər üsullardan istifadə etməliyik. Əminəm ki, qısa müdət ərzində ərazi bütövlüyümüzü bərpa edəcəyik. Konstitutsiyamızın 11-ci maddəsi var. Bu maddəyə əsasən, ərazilərimiz bütövdür, toxulmazdır və bölünməzdir. Münaqişə də buna müvafiq olaraq tənzimlənəcək.

Amma Ermənistanın işğalçı qüvvələri bunu başa düşmür. 2016-cı il aprel  döyüşləri ordumuzün gücünü göstərməklə yanaşı xalqımızın iradəsini əzmini nümayiş etdirdi. Amma müəyyən faktorlar var ki, onları nəzərə almalıyıq. Hər bir işimizi effektiv etməliyik. Qarabağa gedib, çıxmaq üçün yol görünür. Bilirik ki, bu yoldur, amma bu yol çox minalıdır, orada çoxlu maneələr var. Biz elə addımlar atmalıyıq ki, mənzil başına sağ-salamat gedib çıxa bilək. Yəni ağılla addımlamaq lazımdır. Emosiyaya yenilmək olmaz. Hərbi əməliyyatlar isə qaçılmaz vəziyyət yarananda baş tutacaq və məsələ də bitəcək. Hələlik biz konstruktiv mövqeyimizdə dayanmışıq. Torpaqlar bizimdir, haqq-ədalət bizim  tərəfdədir. Ona görə də əminəm ki, məsələ tezliklə həllini tapacaq, amma bir də təkrar edirəm. Ağılla irəliləmək lazımdır ki, hədəfə çata bilək. Hazırda dünyada çoxsaylı hadisələr baş verir. Dünyadakı geopolitiq vəziyyət gərgindir. Bütün ölkələr koronavirusla mübarizə aparır. Ermənistan isə orada təxribat törədib, özünü ifşa edir, sonda pis vəqiyyətə düşdüyünü anlayacaq. 

- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının effektiv fəaliyyətini eynəksiz də görmək olur. İcma bundan sonra hansı addımlar ata bilər, nə kimi planlar, konsepsiyalar hazırlanacaq ?

- İcma olaraq bizim yaxın illər ərzində böyük planlarımız var. Xüsusilə də torpaqlarımıza qayıtdıqdan sonra orada bərpa edəcəyimiz evlər və infrastruktur barədə düşünürük. Hazırda İcma rəhbəri olaraq, eyni zamanda Xankəndi deputatı olaraq beynəlxalq platformalarda təmsil olunuram. Bu platformalardan aktiv şəkildə istifadə edəcəyik. Daxili məsələlərlə bağlı əlimizdən gələnləri edirik. 80 mindən çox azərbaycanlının qayğıları ilə maraqlanırıq. Onlara köməklik göstərməyə çalışırıq. Mövcud problemlərinin həlli istiqamətində işləyirik. Eyni zamanda xarici məsələlərlə bağlı da işlərimiz davam edir. Yəni çox şeylər var. Mədəniyyət, incəsənət, humanitar xarakterli tədbirlərimiz olacaq. Həmin video-çarxların davam etdirilməsi nəzərdə tutulur. Yüksək səviyyədə yeni bir konsepsiya hazırlayacağıq. 

- Mədəniyyət və incəsənət sahəsindən söz düşmüşkən bir məsələni dəqiqləşdirmək istərdim. İddialar var ki, Dağlıq Qarabağla bağlı tutarlı filmlər çəkilmir, ədəbi mətnlər yazılmır, xarici dillərə tərcümə olunmur.  Bu sahədə işləriniz, layihələriniz olacaqmı? 

- Hökmən ! Xüsusilə də film, incəsənət və mədəniyyətlə bağlı layihələrimiz olacaq. Yaxşı bir devizimiz var. Bu şüarı beyinlərə yeritməyə çalışırıq. Devizimiz budur: “Qarabağı, keçmişimizi ağlamaqla deyil, anlamaqla” xatırlayaq. Yəni bu anlamaqlanın içərisinə, yeni layihələr, innovativ konsepsiyalar, yeni video-çarxlar, yeni mədəni layihələr daxildir. Bu baxımdan çox işlər görməyi planlaşdırırıq.  Bütün bunlar xarici dillərdə, xaricilərin başa düşəcəyi dildə hazırlayacağıq. Baxın, ermənilər BMT, AŞ PA və ATƏT –in sənədlərində qorxmurlar, amma bizim orada mövcudluğumuzdan qorxurlar. BMT onlara “işğalçısan” deyir, amma BMT-ni təhdid etmirlər. Bizi isə terrorla təhdid edirlər. Çünki burada insan faktoru var. XXI əsrdə insan hüquqları çox böyük əhəmiyyət daşıyır. Biz gedib, beynəlxalq platformalarda çıxış edəndə onlar artıq narahat olurlar. Bəli onlar bizim ruhumuzu , sındırmaq istədilər, amma nail olmadılar. Biz də sınmadıq, ölmədik, ayaqdayıq və mübarizə aparıb geriyə qayıtmaq haqqında düşünürük və artıq yolumuzu görürük. Və bunada fokuslanmışıq. 

- Şuşa demiş, mayın 8-də Şuşanın işğalından 28 il ötdü. Sizində Şuşada dünyaya göz açıb, boya-başa çatdığınızı bilirik. Doğma yurdunu, isti evini, qaynar ocağını  itirən bir səlahiyyətli şəxs olaraq öz evinə qayıtmaq istəyi ilə aparılan mübarizə sizə hansı hissləri, ağrıları yaşadır? 

- Çox maraqlı sualdır.  Mayın 8-də Şuanın işğalı günü idi. Həmin gün ATƏT PA-da çıxış etdim və çıxışıma birbaşa Şuşanın işğalı ilə başladım. Əlbəttə, ağırdır, ağrılıdır. Amma dediyim ki, ağlamaqla deyil, anlamaqla mübarizə aparmalıyıq. Şuşanı döyüşkən ruhla xatırlayıram. Şuşada 12 il yaşamışam. Uşaqlığım orada keçib. Möhtəşəm atmosfer var idi orada.  Möhtəşəm bir şəhər idi. Üç tərəfdən sıldırım qayalarla əhatə olunub. Əsası 1747-ci ildə Pənahəli xan tərəfindən qoyulan bir şəhərdir. Azərbaycanın mədəniyyət ocaqlarından biridir. Dahi şəxsiyyətlər yetirib. Mən Sadıqcan küçəsində yaşamışam. Sadıqcan müasir tarı ixtira edən adam idi, onunla qonşu olmuşuq. Mərdinli məhəlləsində yaşamışam. Nənəmgilin yaşadığı Çölqala məhəlləsini gözəl xatırlayıram. Üzeyir Hacıbəyli ilə nənəmgil qonşu olublar. Mən də günlərimi orada keçirmişəm. Şuşa mədəniyyət, incəsənət beşiyidir. İnşallah ki, biz qayıdıb, evlərimizi, yaşayışımızı  bərpa edəcəyik. Ermənilər də bunu çox gözəl dərk edirlər. 

Söhbətləşdi: Ayyət Əhməd 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu