Paşinyanın cavabını verdilər

Rəsulzadə nasist Almaniyası ilə heç vaxt əməkdaşlıq etməyib



Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində uydurma və böhtan xarakterli iddialar səsləndirib. Paşinyan bir sıra fotolar təqdim edərək Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib. Xatırladaq ki, 9 May faşizm üzərində qələbə günü münasibəti ilə Paşinyan öz babasının şəklini paylaşaraq, qəhrəmanlıq nümayiş etdirməyə çalışmışdı. Lakin baş nazirin babasının faşistlərə xidmət etdiyi, cəllad Qaregin Njdenin ən yaxın silahdaşı olması faktı ortaya çıxmışdı.

Görünür, Paşinyan faşizm töhmətindən qurtulmaq üçün Rəsulzadə ilə bağlı şər kampaniyasına start verib. Azərbaycan ictimaiyyətinin ittihamlara reaksiyası çox sərt olub. Tarixçilər, elm adamları, siyasətçilər və jurnalistlər tarixi fakt və sənədlərlə Paşinyanın iddialarını çürüdüblər. Həqiqətən, tarixdən bir az xəbərdar olanlar çox yaxşı bilir ki, Rəsulzadə faşizmin planları ilə tanış olduqdan sonra belə yazıb: “Özgə ölkələri tutan, özgə xalqları işğal altına alan bir dövlət Azərbaycana azadlıq verə bilməz”. Rəsulzadə nəinki Hitler Almaniyası ilə əməkdaşlıq edib, əksinə, onlardan tamamilə uzaq dayanıb. 

Millət vəkili Fazil Mustafa bildirib ki, təqribən buna bənzər fikirlər bir neçə dəfə Məhəmməd Əmin bəyin kimliyinə qarşı nifrətini gizlətməyən Azərbaycandakı başqa kəsimlər tərəfindən də işlədilib. Yekunda erməni faşizminin yeni lideri Nikol Paşinyan da ötən günlərdə belə bir açıqlama ilə çıxış edib:

“Paşinyanın babasının İkinci Dünya müharibəsi zamanı əsir düşərək faşistlərlə əməkdaşlığı barədə faktlar aşkarlanandan sonra Azərbaycan tərəfinin ittihamlarını cavablandırmaqda aciz qalan erməni politoloqları ona cavab üçün tezis veriblər ki, bəs sən də Rəsulzadə məsələsini ortaya at. Eyniylə saxta soyqırım məsələsi kimi. Burada “Olmayan bir tezis bir neçə dəfə təkrarlandıqca, onsuz da bir yerlərə oturacaq” prinsipi ilə ənənəvi erməni davranışından söhbət gedir. Rəsulzadənin 30-cu illərin Almaniyasında olması, müxtəlif danışıqlarda iştirak etməsi bir tarixi faktdır. Rəsulzadənin Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb.

Bütün danışıqları da Milli Azərbaycan Komitəsinin rəhbəri, yəni faktiki Azərbaycan mühacirət hökumətinin rəhbəri kimi aparıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub.

Ramiz Abutalıbovun ortaya çıxardığı sənədlərə görə bu əsərlərin ümumi sayı 150 min idi və sonradan Sovetlər Berlini işğal etdiyində 28 min nəfər azərbaycanlı əsir Qərb müttəfiqlərinə könüllü təslim olublar. Eyni zamanda Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi şərti ilə danışıqlar aparmaq müttəfiqlik, əməkdaşlıq deyil. Birbaşa Azərbaycanın milli maraqlarının qorunması istiqamətində atılan ən cəsur addımlardan biri idi.

Bütövlükdə Hitler ayrı-ayrı “milli komitələr”lə deyil, məhdud səlahiyyətli “milli komissiya”larla əməkdaşlıq etməyi planlaşdırırdı ki, bu da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Maraqlıdır ki, nə azərbaycanlı, nə də erməni opponentlərdən kimsə Rəsulzadənin faşistlərə rəğbətlə yanaşdığını əks etdirən bircə cümləsini belə tapıb çıxara bilmirlər.

Bu kimi əsassız ittihamların ermənilər tərəfindən irəli sürülməsi bizim Rəsulzadə irsinə və şəxsiyyətinə daha fəxarətlə yanaşmamıza, ən ağır şərtlər altında onun Azərbaycan müstəqilliyi üçün əlindən gələn bütün cəhdləri etdiyinə inamımızı bir daha möhkəmlədir”.

Araşdırmaçı-jurnalist Dilqəm Əhmədin münasibəti isə belə olub:

“Rəsulzadəni almanlar bir neçə dəfə çağırıblar. O da almanların səmimi olub-olmadıqlarını yoxlamaq üçün müstəqilliklə bağlı şərtlərini irəli sürüb. Qəbul edilməyib, ona görə də hər hansı əməkdaşlıq etməyib. Ümumi toplantıda alman nazirlə görüşüb. Amma dediyim kimi, şərtlərini təqdim etmək üçün görüşüb. Həm də ortada xeyli əsir məsələsi var idi. Digər mühacirlər kimi əsirlərin xilasına çalışıb”.

Ağ Partiya başqanı Tural Abbaslı da məsələyə sərt reaksiya verib. Partiya rəhbəri bildirib ki, Rəsulzadə nasist Almaniyası ilə əməkdaşlıq etmədiyi üçün oranı tərk etmək məcburiyyətində qalıb:

“Müharibə bitdikdən sonra da təmiz olduğu üçün heç bir məhkəmə prosesinə çəkilməyib. Rəsulzadənin ideologiyasının nə olduğunu, hansı dəyərlər uğrunda mübarizə apardığını və ömrünü hansı dəyərlərə fəda etdiyini bütün dünya bilir. Odur ki, mənim bu təsadüfi bloger baş nazirə məsləhətim odur ki, belə ciddi işlərə burnunu soxmasın”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu