“Kadr islahatları labüddür, qaçılmazdır”

“XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik”

“Yeni, savadlı, bilikli, müasir kadrlar vətənpərvər olmalıdırlar ki, vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər” 


Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən  kadr və struktur  islahatları intensiv şəkildə davam etdirilir.  Prezident İlham Əliyev demək olar ki, bütün müşavirələrdə işində nöqsanlara yol verənlərin cəzalanacağını təkrar- təkrar vurğulayıb, bütün məmurların məhz bu prinsiplə işləməli olduğuna dair xəbərdarlıq edir. 

Elə millət vəkili Tamam Cəfərova da “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə həyata keçirilən inqilabi islahatların birmənalı olaraq müəllifi dövlət başçısı İlham Əliyevdir. Onun sözlərinə görə, hələ iki il əvvəl, prezident seçkiləri başa çatan kimi ölkə rəhbəri xalqa müraciətində yeni dövlətin – islahatlar dövlətinin qurulmasının anonsunu verdi. 2019-cu il boyunca davam edən sosial-iqtisadi və struktur islahatları təkcə ölkənin daxilində deyil, xaricindəki mövqeyini, nüfuzunu, gücünü və yeni formada təqdimatını ortaya qoymuş oldu: 

"Prezindent İlham Əliyev 2018-ci ilin prezident seçkilərində böyük fərqlə qalib gəldikdən sonra andiçmə mərasimində söylədiyi nitq təkcə yeni dövrün anonsu, mesajları deyildi, o, hər tərəfi ilə müasir Azərbaycanı hazırlayan, yeni dövlət qurmaq üçün manifest idi. 
Bu manifest o qədər əhatəli, o qədər geniş və o qədər strateji idi ki, bu çıxışın məzmunundakı islahatlar mesajının əsl mahiyyətini, praktiki təsbitini görmək üçün çox qısa müddət lazım oldu. 

Ölkədə aparılan hərtərəfli inqilabi islahatların əsas istiqamətlərindən birini kadr islahatlatı təşkil edir. 2019-cu ilin yayından etibarən başlayan kadr islahatları payız aylarında xüsusi mərhələyə daxil oldu. 

Ölkə rəhbərinin yeni çağırışlara cavab verən novator fikirləri, yeni dövlət qurmaq üçün atdığı addımları cari il üçün də davam etdirildi. O, oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edən zaman bildirdi ki, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza atmaq mümkün deyil. Prezidenti vurğulamışdır: “İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”. 

Xanım deputat deyib ki, prezident təkcə bu fikirləri ifadə etməklə kifayətlənmədi, eyni zamanda siyasi mədəniyyətin əsas komponentlərindən olan istefa mədəniyyətini, siyasi etikanı da təlqin və təbliğ edərək uzun illər rəhbər vəzifələrdə çalışan şəxsləri istefa verməyə də səslədi: 

"Bu təşəbbüsün dəstəyi kimi bir neçə yüksək postlarda təmsil olunan vəzifəli şəxslər də istefa verməklə prosesə ciddi şəkildə kömək etdilər. Amma təəssüf ki, bir çox məmurlar, xüsusilə də yerli və mərkəzi icra hakimiyyətlərində çalışan şəxslər adekvat davrana bilməyərək, müasir dövrün tendensiyalarına cavab verə bilmədilər və yeni mərhələnin çağırışlarını anlamaqda çətinlik çəkdilər.

Bu sahədə növbəti mərhələ pandemiya dövründə yaşananlarla bağlı meydana çıxdı. Belə ki, ölkənin rəhbər şəxsləri bütün respublikanı COVİD-19 virusu ilə mübarizəyə səfərbər edərək, illik maaşlarını mübarizə fonduna bağışlayanda və dövlət büdəcəsindən milyardlarla maliyyə biznes maraqlarının müdafiəsinə, aztminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşmasına ayrılarkən, bəzi vəzifəli şəxslərin addımları, yarıtmazlıqları, dövlət büdcəsini talamaları, yardıma möhtac vətəndaşların yardımlarına göz dikmələri onsuz da davam edən kadr islahatlarına ciddi təkan verdi və şərait yaratdı.

Belə ki, DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bir neçə rayonun rəhbər şəxsləri həbs edildi, nazirlik və xidmət qurumlarının cavadeh şəxslərinin əməlləri ifşa edildi. Bu haqda cənab Prezindent deyir: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar?

Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır". Qeyd edək ki, hakimiyyətin qolları arasında nüfuz qiymətləndirilməsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Prezidentin reytinqi ictimai rəydə” adlı aprel hesabatında da göründüyü kimi, DTX-nın əməliyyatlar apardığı sahələr, icra qurumları ictimai rəydə çox pis nəticələrə malikdir və bu rəqəmlər prezidentin tənqidlərinin ümumi ruhu ilə üst-üstə düşür. Biz, cəmiyyət olaraq yeni dövlət quruculuğu yolunda Cənab prezidentin fəaliyyətini, siyasi iradəsini dəstəkəkləyir, DTX-nın əməliyyatlarını təqdir edirik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu