Yollarda xaotik durum ! – Yenə tıxac, yenə səs-küy, yenə qəza... 


“Nəqliyyatın hərəkətini tənzimləyən bir model yoxdur. Ancaq sürücülər özləri tıxacların yaranmaması üçün təşəbbüskar ola bilərlər”


Karantinin yumşaldığını paytaxt prospektlərinə baxaraq asanlıqla hiss etmək olar. Belə ki, şəhərdə yenə avtomobillərin sayı çoxalıb. Daha doğrusu, maşın əlindən tərpənmək olmur. İstifadəçilərin bu günlərdə sosial şəbəkələrdə yaydıqları foto bunu deməyə əsas verir. Bakıxanov dairəsində çəkilən fotodakı tıxacı görənlər şəhərə çıxmaq istəmirlər. Sanki paytaxt insanı boğur…

 Məsələ ilə nağlı “Sherg.az”a danışan  Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyir ki, bu, müvəqqətidir: 

“Karantinə qədər insanlar məqsədyönlü hərəkət edir, hara gedəcəklərini bilirdilər. Bəziləri istirahətə, bəziləri işə, bəziləri idman yarışlarına istiqamətlənirdi. Amma karantin vaxtı evdə qalmaq çoxlarının psixologiyasına pis təsir etdi. İnanın, indi insanlar hara gedəcəklərini bilmirlər. Nəticədə nəqliyyatın xaotik hərəkəti yaranır. Bir müddətdən sonra vəziyyət düzələcək. Ümumiyyətlə, şəxsi maşınların hərəkətini tənzimləmək mümkün deyil. Şəxsi maşınlar avtobus deyil ki, bir marşrut üzrə hərəkət etsinlər”. 



Ekspertin sözlərinə görə, məsələyə təsir edən başqa məqamlar da var:

 “Hər yolun buraxma qabiliyyəti fərqlidir. İşıqforun işləmə prinsipi, digər nizamlama vasitələri tıxaclara təsir edir. Həm də indi bəzi yollarda təmir gedir. Ona görə yollar daralıb, tıxacların yaranması üçün şərait əmələ gəlir”. 

F.Eyyubovun fikrincə, bu məsələdə  xeyli məsuliyyət sürücülərin öhdəsinə düşür:

“Dediyim kimi, nəqliyyatın hərəkətini tənzimləyən bir model yoxdur. Ancaq sürücülər özləri tıxacların yaranmaması üçün təşəbbüskar ola bilərlər. Bundan ötrü də gərək hər şeydən əvvəl nəqliyyatın axını məqsədəuyğun olsun. Onu da deyim ki, şəhərdə tıxacın yaranmaması məqsədilə memarlıq-layihələndirmə işləri aparılır. Bu, tıxacların qarşısını ala bilər”.                                                                                      

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu