"DİN media ilə işləmək istəyir"

“Nazirlik sadəcə jurnalistlərdən hüquq- mühafizə orqanları ilə bağlı xəbərlərə xüsusi həssaslıq tələb edir”

“Amma çox yaxşı olar ki, DİN-in mətbuat xidməti də jurnalistlərin müraciətlərinə operativ reaksiya versin”  



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
DİN rəsmisi xahiş edir ki,  Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər.
E. Zahidov hesab edir ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. 



Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, DİN-in müraciəti qurumun  KİV-lə işləmək  istəyinin bir göstəricisidir: 

"Hər hansı bir məlumat saytlarda gedəndən sonra DİN-in təkzib yayıb, həmin media orqanı ilə bağlı hüquqi  iş açması heç kəs üçün xoşagələn hal deyil. Çox yaxşıdır ki, DİN  bəri başdan  xəbərdarlıq edir ki, polis əməkdaşları və DQ   hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi məlumatlar yaymazdan əvvəl  Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparılsın.  Bu da tam normal bir müraciətdir.

Nəzərə almaq lazımdır ki, DİN əməliyyat orqanıdır, hansısa jurnalist və ya sosial şəbəkə istifadəçisinin əldə etdiyi foto faktlar əməliyyat zamanı da çəkilmiş ola bilər. Bu mənada insanlarımız bu cür məsələlərdə bir az ehtiyatlı davranmalıdırlar.

Bu eyni zamanda qanunvericilikdən irəli gələn bir tələbdir.  Həmçinin DİN-in media nümayəndələrinə qarşı bir humanist yanaşması kimi dəyərləndirmək olar. Hadisə olub keçəndən sonra araşdırma aparıb cinayət işi açılanda problem çox uzanır. Amma bu xəbərdarlıq fonunda DİN sadəcə jurnalistlərdən hüquq- mühafizə orqanları ilə bağlı xəbərlərə xüsusi həssaslıq tələb edir.

Amma çox yaxşı olar ki, DİN-in mətbuat xidməti də jurnalistlərin müraciətlərinə operativ reaksiya versin.  Elə informasiyalar olur ki, operativliyi itəndən sonra  tirajlanmasının heç bir əhəmiyyəti qalmır".  

Sosial şəbəkələrdə yayılan məlumatların tənzimlənmsinə gəlincə, M.Ələsgərli deyib ki, bu proses  daha mürəkkəbdir: 

"Təbii ki,  “fake” olmayan profillər tərəfindən yayılan foto və məlumatlarla bağlı qanunvericiliyin tələblərinə uyğun əlaqə saxlayıb yanlışlığı aradan qaldırmaq olur.  Bunun bağlı KİV haqqında qanunvericiliyi və İnzibati Xətalar Məcəlləsinə  əlavə və dəyişikliklər edilib. Eyni zamanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"  qanunvericiliyə  müəyyən dəyişiklik edilib ki, bütün  bunlar onlayn informasiya resurslarının fəaliyyətini tənzimləməyə imkan verir.  Amma müşahidələr göstərir ki, neqativ, anti-milli və anti-dövlət  xarakterli informasiyalar çox vaxt saxta profillərdən yayılır. Əksəriyyəti  heç ölkə ərazisində belə olmurlar. Bu  cür şəxslərin müəyyənləşdirilməsi və haqlarında hüquqi ölçü götürülməsi çox çətin olur".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu