"Kimisə zorla sığınacağa yerləşdirmək olmaz" - Hüquq müdafiəçisi

"Düşünmürəm ki, dilənçilər üçün xüsusi sığınacaqların yaradılması problemin həllinə kömək etsin"

 Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin plenar iclasında çıxışı zamanı dilənçilər probleminə toxunub və  bu məsələnin  Daxili İşlər Naziriliyinin diqqət mərkəzində olduğunu bildirib. 

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərdə yumşalma başlayan kimi küçələrdə dilənçilərin sayı artıb. Deputat təklif edib ki, dilənçilər üçün sığınacaq yaradılsın:

“Onların bəhanəsi odur ki, çörəyimiz, yeməyimiz yoxdur. Həmin sığınacaqda onlar üçün gündə 3 dəfə yemək də verilsin və bəhanələri kəsilsin. Onların küçədən çıxarmağın yolu budur. Nə zaman ki, dilənçilikdən imtina etsələr bir sənədə imza atsın və buraxılsın. Bu məsələ turizm üçün də problemdir. Hara gedirsən, onları görürsən”.

“Təmiz Dünya” Birliyinin sədri Mehriban Zeynalova isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, sığınacaq yaradılmasının problemin həllinə kömək edəcəyi az inandırıcıdır:  

- Dilənçilər müxtəlif əhali qruplarına aiddir. Bir qrup var ki, etnik mənşəlidir və dilənmək onların ənənəvi həyat tərzidir. Onlar əsasən roman tayfalarıdır. Tarixən Azərbaycanda məskunlaşmış tayfalar da var ki, onlar artıq yerli xüsusiyyətləri özündə cəmləşdirir. Amma dilənmək peşəsindən əl çəkməyənlər də var. Belələri cəmiyyətə adaptasiya olunmur. Onların sayı təxminən 10 min nəfərə yaxındır. Dəfələrlə olub ki, onlardan bir neçəsi sığınacağa yerləşdirilib, lakin orada qalmayıblar, çıxıb gediblər. Sadəcə, əhalinin bu qrupu ilə bağlı xüsusi nəzarət mexanizmi olmalıdır ki, cinayət törətməsinlər. Çünki bəzən uşaqların oğurlanaraq dilənçiliyə cəlb edilməsi halları baş verir. Xarici ölkələrdə hətta belə şəbəkələşmiş cinayətkar qruplar da mövcuddur.   
Həm də sığınacaq məcburi saxlanma yeri deyil. Sığınacağa gəliş də könüllüdür, gediş də. Kim həyat tərzini dəyişmək, sağlam – doğru-dürüst həyat tərzi keçirmək istəyirsə, sığınacağa xilas yeri kimi baxır. Bizim sığınacaqda bu gün də elə insanlar var ki, əməklə məşğuldurlar, işləyirlər, övladları üçün qazanc əldə edirlər. Övladları təhsil alır, gələcək talelələrinı işıq salırlar. Kimin ki həqiqətən yaşamaq üçün yeri yoxdur və ya yaşadığı ünvanda ona zor tətbiq olunur, hüquqları tapdanır, həyatı təhlükədədir... əlbəttə belə insanlar sığınacağa yerləşdirilir və burada həyatlarını davam etdirirlər. Amma elə qruplar var ki, onlar sığınacaqda qalmağa razı olmurlar və bunu istəmirlər. Kimisə zorla sığınacağa yerləşdirmək olmaz. Ona görə də mən düşünmürəm ki, dilənçilər üçün xüsusi sığınacaqların yaradılması problemin həllinə kömək etsin.  

M.Zeynalova qeyd etdi ki, həqiqi ehtiyaclı insanlarla, dilənməyi peşə halına gətirənlər ayırd edilməlidir: 

- Elə insan var ki, həqiqətən ehtiyac içindədir və əl açmaqdan başqa çarəsi qalmır. Həmçinin dilənən yaşlı, ahıl, küçə həyatı yaşayan kimsəsiz insanlar, müəyyən əlilliyi olan insanlar görürük. Belə həssas qruplar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində xüsusi sığınacaq fəaliyyət göstərir. Sadəcə, ora yerləşmək üçün sənədləşmə işi mürəkkəbdir, bu məsələdə sadələşmə olarsa, ehtiyaclı insanlardan daha çox ora yerləşdirmək mümkün olar. Bəli, dilənməyi artıq peşə, asan gəlir mənbəyi seçənlər də var. Onlara qarşı isə cəza mexanizmi işləməlidir və inzabati cəza almalıdırlar. Bəzən küçələrdə, avtomobil yollarında körpəsi ilə dilənən, yaxud yeniyetmə övladını diləndirən valideynlərə rast gəlirik. Məni ən çox təəccübləndirən vətəndaşlarımızın bu hüquq pozuntusuna bəraət qazandırmaları olur. Bir dəfə polis əməkdaşı yeniyetmə qızını diləndirən ananı məsuliyyətə cəlb etmək istəyirdi, ətrafdakı adamlar polisin üstünə tökülüşdü ki, “nə işin var, yazıqdı, ehtiyacı var, dilənir...” Amma, polisin qanun pozuntularına göz yumduğu hallar da olur. Güclü nəzarət mexanizmi olmalı, həqiqi ehtiyaclı insanlarla dələduzlar fərqləndirilməlidir. Ehtiyaclı insanların ehtiyacları qarşılanmalı, dələduzlara qarşı isə inzibati cəza tətbiq edilməlidir.                                                                        

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu